Əfqanıstanın ali lideri və “Taliban” təşkilatının rəhbəri Heybatullah Axundzadə “Taliban” üzvlərinə və dövlət işçilərinə smartfonlardan istifadəni qadağan edən şifahi əmr verib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Əfqanıstan Ədliyyə Nazirliyi əmri ölkə daxilində səkkiz zonada hərbi məhkəmələrin rəhbərlərinə, polis rəislərinə və “Taliban”ın kəşfiyyat rəislərinə paylayıb.
Bundan əlavə, smartfondan istifadəsinə qadağa qoyulan hər bir şəxsin adı, vəzifəsi, iş yeri, mobil operatoru və telefon nömrəsi olan xüsusi siyahı yaradılıb. Qadağanı pozanlar cinayətkar hesab ediləcək və hərbi məhkəmələrə təhvil veriləcək.
KabulNow-un məlumatına görə, fərman verildikdən sonra sosial mediada “Taliban” üzvlərinin smartfonlarını sındırdıqlarını əks etdirən videolar yayılmağa başlayıb.
Musavat.com






