İnsanlara hürriyət, millətlərə istiqlal!

"Taliban" “Əl-Kaida”nı qurban verir? - Başına 25 milyon kəsilmiş Zəvahiri dronla vurulub

1349 02.08.2022 11:19 Yazarlar A A

“Əl-Kaida” lideri Ayman əl-Zəvahirinin Kabulda öldürülməsi dünya mətbuatının diqqətini yenidən Əfqanıstana yönəldib.

“Reuters” xəbər agentliyi ABŞ rəsmilərinə istinadən xəbər verir ki, “Əl-Kaida” lideri dron vasitəsilə qətlə yetirilib. Kabulda gizlənmiş əl-Zəvahirinin yaşadığı evin eyvanına cıxan zaman vurulduğu bildirilir.

“CNN” xəbər kanalı və “New York Times”ın məlumatına görə, əl-Zəvahiri xüsusi əməliyyatın hədəfi olub. ABŞ rəsmisinin sözlərinə görə, 71 yaşlı islamçı Kabildəki evin eyvanına drondan atılan iki “Hellfire” raketi vasitəsilə vurulub.

“Əl-Kaida” liderinin qətlə yetirilməsi haqqında məlumatı ilk dəfə ABŞ prezidenti Co Bayden Ağ Evin eyvanında çıxışı zamanı elan edib. Koronavirusa yoluxduğu üçün izolyasiyadan ölkəni idarə edən prezident Amerika üçün ədalətin bərqərar olduğunu bildirib: “İndi ədalət bərqərar oldu. Və o terrorçu lider artıq yoxdur".

Co Bayden əl-Zəvahirinin ölümünü ABŞ-ı hədəfə almış bütün terrorçuların məhv ediləcəyinə sübut kimi qəbul edir. Onun sözlərinə görə, Əfqanıstan torpaqlarında minlərlə əsgər olmasa belə, Amerikanı terrorçulardan qorumaq mümkündür. Zərbə həm də başqalarına bir mesajdır: “Nə qədər vaxt aparsa da, harda gizlənsən də, xalqımız üçün təhlükə olsan, ABŞ səni tapıb üzə çıxaracaq və söndürəcək”.

Baydenin sözlərinə görə, ABŞ kəşfiyyat xidmətləri bu ilin əvvəlində "Əl-Qaidə"nin qurucusu Usamə bin Ladenin keçmiş müavininin izinə düşə biliblər. Əl-Zəvahiri yenidən ailəsi ilə birlikdə yaşamaq üçün Kabilin mərkəzinə köçmüşdü. Bayden “Əl-Kaidə” liderinə qarşı "dəqiq zərbəyə" icazə verdiyini və bir həftə əvvəl son yaşıl işığı yandırdığını deyib. Əməliyyatın uğurlu olmasından qürrələnən Bayden bildirib ki, islamçının qohumlarından heç kim xəsarət almayıb və mülki əhali arasında itki yoxdur.

Pentaqon da Kabulda “anti-terror əməliyyatı”nın həyata keçirildiyini təsdiqləyib. Məlumatda bildirilir ki, əl-Zəvahiriyə hücum aylardır hazırlanıb və o, nəhayət, Kabildəki sığınacağının eyvanına çıxanda öldürülüb. Hücum zamanı əl-Zəvahiri eyvanda tək olub.

"Taliban" hökuməti əməliyyatı təsdiqləyərək, ABŞ-ı Kabildə yaşayış məntəqəsinə pilotsuz təyyarə ilə hücumda ittiham edib. Hökumətin sözçüsü Sabihullah Müctəhid bildirib ki, bazar günü şəhərdə bir ev atəşə tutulub. "Taliban" hücumu beynəlxalq prinsiplərin və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına dair müqavilənin pozulması kimi qiymətləndirib.

Əməliyyat zamanı Kabildə ABŞ qüvvələri olmayıb. Pentaqonun sözçüsü bildirib ki, "Taliban" rəhbərliyinin üzvləri “Əl-Kaida” başçısının Kabildə olmasından xəbərdar olublar və bu, Amerika Birləşmiş Ştatları ilə "Taliban" arasındakı razılaşmanın pozulmasıdır.

ABŞ “Əl-Kaida” liderinin başına 25 milyon dollar mükafat qoymuşdu. Mərkəzi Kəşfiyyat İdarəsi əl-Zəvahirinin Əfqanıstan və Pakistan arasındakı sərhəd bölgəsində gizlənməsindən şübhələnirdi.

71 yaşlı əl-Zəvahiri terror təşkilatının ən yüksək rütbəli lideri kimi ABŞ-a qarşı hücumlara çağırışlar etməyə davam edirdi. Onun ölümünün terror qruplaşmasına ciddi zərbə olduğu söylənir.

Əl-Zəvahiri sonuncu dəfə ictimaiyyət qarşısına ötən ilin sentyabrında - 2001-ci il 11 sentyabr terror aktlarından düz 20 il sonra çıxıb. O, videomüraciətində tərəfdarlarını Qərb dövlətləri və onların Yaxın Şərqdəki müttəfiqləri ilə mübarizə aparmağa çağırıb.

Onun ölümü ilə bağlı əvvəllərdə bir neçə dəfə məlumat yayılıb. Ancaq həmin məlumatlar Ağ Ev tərəgindən təsdiqlənmirdi və onun dəqiq harada olduğu belə bilinmirdi. “Əl-Kaida” liderinin səhhəti ilə bağlı fərziyyələr də az deyil. Qərb mediası 2019-cu ildə kəşfiyyat məlumatlarına istinadən Zəvahirinin ürək-damar problemlərindən əziyyət çəkdiyini yazmışdı.

Misirli əl-Zəvahiri 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarının təşkilatçısı olduğu güman edilən Üsamə bin Ladenin varisiydi. Bin Laden 2011-ci ildə Pakistanda ABŞ xüsusi təyinatlıları tərəfindən öldürülüb.

Əfqanıstandan ABŞ qoşunların çıxarılmasından bir il sonra əl-Zəvahirinin qətlə yetirilməsi radikal islamçılar arasında ciddi müzakirəyə səbəb olub. Əl-Zəvahirinin Kabulda gizlənməsindən ABŞ məxfi xidmətinin xəbərdar olması qruplaşma üzvləri arasında suallar yaradıb.

1994-cü ildə "Taliban" ilk dəfə meydana çıxanda hərəkatın arxasındakı qüvvələr məlum idi. Səudiyyə mənbələri tərəfindən maliyyələşən, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən dəstəklənən və Pakistanın silahla təchiz etdiyi "Taliban" görünməmiş zəfər yürüşü etmişdi. Bu dəstəyin sayəsində 1996-cı ildə "Taliban" Kabili alaraq, şəriət qanunlarına əsaslanan İslam dövləti qura bilmişdi.

Talibanla ABŞ hökuməti arasında əlaqələrin əvvəlki səviyyəyə qalxdığı güman edilir. Bu əlaqələr Əfqanıstanda yalnız bir islamçı qruplaşmanın hakimiyyətdə təmsil olunmasını tələb edir. Çünki Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra bu qüvvəni Vaşinqtona qarşı qaldıran da məhz “Əl-Kaida” və onun lideri Üsəma bin Laden olmuşdu. Bu üzdən Ağ Ev “Əl-Kaida”nı məhv etmək üçün yeni taktika seçib. İslamçılar arasında müttəfiqlər tapmaq və bu yolla onları Amerikadan uzaq tutmağa çalışır. Zəvahirinin başı üçün elan olunmuş 25 milyon dolların da bu yolla öz sahibini tapdığı güman olunur.

Əl-Zəvahirinin öldürülməsi əslində radikal islamçılar arasında ciddi fikir ayrılığından xəbər verir. Hakimiyyətə ilk gəlişindən fərqli davranan "Taliban" artıq müxtəlif regional güclərlə əmıkdaşlıq etməyə qərar verib və hakimiyyəti “Əl-Kaida” ilə bölüşdürmək niyyətində deyil.

"Taliban" ötən ilin yayında Əfqanıstana nəzarəti ələ keçirib. ABŞ və müttəfiqləri uzun illər davam edən hərbi əməliyyatlardan sonra ölkəni tərk ediblər. "Taliban" hökuməti beynəlxalq səviyyədə tanınmır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR