İnsanlara hürriyət, millətlərə istiqlal!

Suslovun “ayıqlığı” – Qrafın Fransa kommunistlərinin rəhbəri olmasına nə maneçilik törədib?

2901 22.11.2022 12:37 Yaxın tarix A A

SSRİ-nin xarici ölkələrdə fəaliyyət göstərən kommunist partiyalarına açıq və gizli nəzarəti, onların fəaliyyətinə müdaxiləsi, təşkilati məsələlərdə mütləq söz sahibi olması, hətta həmin partiyaları maliyyə asılılığı vəziyyətində saxlaması heç kim üçün sirr olmayıb. Moskva təkcə sosialist düşərgəsində olan kommunistləri deyil, həm də əks siyasi qütbdə olan ölkələrin, ABŞ, İngiltərə, Fransa kimi ölkələrin də kommunistlərini və onların birləşdiyi yerli partiyaları öz siyasi kursu altında saxlayıb.

1943-сü ildə “Komintern” ləğv olunduqdan sonra SSRİ bu məsələdə daha da fəallaşıb. “Komintern”in bütün funksiyaları Mərkəzi Komitədə yaradılan beynəlxalq şöbəyə keçib.

Bir çox ölkələrdə Kommunist Partiyasının rəhbər vəzifələrinə seçkilər keçiriləndə əvvəlcədən Kremldən razılıq almaq vacib şərt sayılıb. Partiya rəhbərliyinə gətiriləcək şəxs Moskvaya, Mərkəzi Komitəyə dəvət olunub, onlarla söhbət aparılıb, əvvəlcədən siyasi kurs müəyyənləşdirilib.

67-800x445.png (1.02 MB)

Elə 1972-ci ildə Fransa Kommunist Partiyasının baş katibi Valdek Roşe səhhətinin kəskin pisləşməsi ilə əlaqədar vəzifədən istefa verəndə də fransız kommunistlər Moskva ilə məsləhətləşmələrə başlayıblar və namizədlərini Kremlə təqdim ediblər...

Bəzən ad, yaxud da soyad insanın həyatında, vəzifə karyerasında problem yaradır. 1972-ci ildə fransız siyasətçisi Jan Qondonun karyerasına problem yaratdığı kimi. Fransa Kommunist Partiyasının baş katibliyinə namizədliyi irəli sürülən Jan Qondonun dosyesi Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi Mixail Suslovun qarşısına qoyulanda “boz kardinal” Siyasi Büronun qapalı iclasında öz kəskin etirazını bildirib:

“Biz bu soyadda olan şəxsi Fransa kommunistlərinin rəhbərliyinə gətirə bilmərik. Bu siyasi təxribatdır. Bu təxribatla Fransa və SSRİ kommunistləri arasında nifaq yaratmaq istəyən maraqlı simalar var. Biz bunu açıq şəkildə görürük və belə təxribatlara yol verə bilmərik. Mərkəzi Komitə məsələ ilə bağlı konkret münasibətini bildirməlidir...”

3e690809-7a89-4383-9b6b-7d6695f17b76_1024.jpg (154 KB)

Qeyd edək ki, SSRİ üçün qeyri-adi görünən bu soyad Fransada normal bir soyad kimi qəbul edilib. Hətta kiçik bir hərf fərqi ilə Fransada bu soyadı daşıyan məşhurlar da olub. Məsələn, tanınmış fransız rəssamı Pyer Qandon, fransız yazıçısı İv Qandon, 1941-ci ildə Parisdə güllələnən fransız kommunisti Raymond Qandon, Fransa Müqavimət Hərəkatının fəal üzvü Armand Qandon, Fransanın Kalvados departamenti Kommunist Partiyası təşkilatının katibi Qaston Qandon və digərlərinin adını göstərmək olar.

Əslində, Jan Qondon Fransa Kommunist Partiyasının həyatında heç bir fəallığı ilə fərqlənməyib, partiya üzvləri arasında ciddi bir nüfuza da sahib olmayıb. Yəni bu şəxs heç bir siyasi dairədə tanınmayıb. Jan Qondonu partiya rəhbərliyinə gətirməkdə fransız kommunistlərin məqsədi tam başqa bir məslə olub. Belə ki, qraf titulu daşıyan Yan Qandon maddi cəhətdən kifayət qədər zəngin olduğundan və baş katib seçiləcəyi təqdirdə partiyanı qismən maliyyələşdirəcəyini vəd etdiyindən onu rəhbərliyə gətirmək istəyiblər. Ən əsası da bununla Moskvanın maliyyə asılılığından qurtulmaq əsas məqsədlərdən biri olub..

Sözsüz ki, Suslovun “odlu-alovlu” etirazından, qlmaqallı və siyasi don geyindirdiyi çıxışından sonra Jan Qondonun namizədliyi Kremldə qəbul edilməyib. Amma bu imtina fransız kommunistlərinə heç də Suslovun sərt ifadələri ilə yox, başqa bir formada, daha yumşaq, daha mülayim və konkret arqumentlərə əsaslandırılaraq çatdırılıb:

expert_785_083_450_300_nocrop.jpg (115 KB)

“Sovet kommunistləri yoldaş Jan Qondonun dünya kommunist hərəkatına verdiyi töhfələri yüksək qiymətləndirir və Fransa kommunistlərinin seçiminə böyük hörmətlə yanaşır. Diqqətinizə onu da çatdırmaq istəyirik ki, əldə etdiyimiz məlumata görə, yoldaş Qondonun əsl soyadı Sen-Qondondur və o, qraf titulunu daşıyır. O da bizə məlumdur ki, hazırda Sen-Qondon Laura departamentində qraflara məxsus tarixi qəsrə də sahibdir. Bu faktlar burjua mətbuatında böhtan və qalmaqallı yazıların üzə çıxmasına səbəb ola bilər. Bunu nəzərə alaraq Fransa Kommunist Partiyasının baş katib vəzifəsinə namizədləri yenidən nəzərdən keçirməyinizi xahiş edirik...”

Bununla da Jan Qondonun Fransa kommunistlərinə rəhbər seçilmək məsələsinə birdəfəlik son qoyulub.
Hadisə ilə bağlı Kreml dəhlizlərində məmurların lətifəyə çevrilən yeni siyasi atmacaları da yaranıb:
“Suslov imkan vermədi ki, Brejnev televiziya kameraları qarşısında Fransa kommunistlərinin rəhbəri Qondonu qarşılayanda onu yağlı öpüşlərinə qərq etsin. “Boz kardinal” işində həmişə mükəmməldir...”

165522_143757_20180818-1485143-image.jpg (58 KB)

Qeyd edək ki, 1972-ci ildə Kremlin xeyir-duası ilə Fransa Kommunist Partiyasına baş katib seçilən Jorj Marşe sonralar SSRİ üçün heç də arzu olunan kadr sayılmayıb. Partiya rəhbərliyinə gəldikdən sonra Marşe 1968-ci ildə “Praqa baharı” hadisələrinidə, SSRİ-nin və Varşava Müqaviləsi Təşkilatının qoşunlarının Çexoslovakiyaya yeridilməsində Moskvanı ittiham edib. Bununla yanaşı, onun İtaliya və İspaniyada yaranan və SSRİ-nin Kommunist Partiyasını tənqid hədəfinə çevirən “avrokommunizm” ideyalarına qoşulması da bir daha onu sübut edib ki, Kreml Fransa kommunistlərinə rəhbər seçimində yanlışlığa yol verib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR