İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşaya icazə ilə, Xankəndiyə icazəsiz?

1408 11.06.2022 09:20 Yazarlar A A

Filmdə necə deyirdi: “Ya sən rüşvət alırsan, ya da qocalıb zay olubsan”. Bu sözləri bəzi müşahidəçilər Sergey Lavrovun sonuncu yersiz açıqlaması fonunda söyləyirlər. Yəqin xəbəriniz oldu, Rusiyanın baş diplomatı İrəvanda ermənilərə xoş gəlmək üçün Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya-demarkasiyasına Fərrux kəndini “calaq” eləmək istədi, gülümsərovsayağı, amma alınmadı. Rəzil günə düşdü.

İllər öncə damarlarından erməni qanı axdığını fəxrlə deyən Lavrov-Kələntərovun heç şübhəsiz bu dəfə də qanı qaynayıbmış qandaşlarına. Yoxsa ona nə düşmüşdü bu qədər cəfəng iddiaya baş qoşsun? Nəticə belə oldu: Rəsmi Bakının operativ reaksiyasından və etirazından sonra Rusiya XİN nazirin dediklərinə “düzəliş” açıqlaması yaydı. Düzdür, elə də qaneedici deyildi. Amma hər halda nazirlik nazirin rusca (!) açıqlamasına düzəliş edirsə, bu, biabırçılıqdır. Lavrov ermənicə danışsaydı, heç olmasa günahı tərcüməçinin boynuna yıxardılar.

Ardınca Rusiyanın RİA-Novosti İnformasiya Agentliyi Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma nümayəndəsi kimi təqdim edilən şəxsin bəyanatlarının əks olunduğu paylaşımı silib. Digər bir neçə mənbə də Lavrovun dediklərini ortadan yığışdırmalı olub. Biabırçılıqdır.

Bu arada rəsmi Bakının çevik və qətiyyətli mövqeyi öz sözünü deyir. Dövlətimiz kimsənin ona dil uzatmasına imkan vermək niyyətində deyil. Necə ki, ötən həftə həmin bu, RİA-Novosti çaşmışdı, Qarabağdakı separatçı Artakdan müsahibə götürüb, onu “dqr-ın dövlət katibi” kimi təqdim etmişdi, cavabını aldı. Artıq Azərbaycanda bloklanıb bu sayt.

Növbəti təxribat olacaqsa, yenə cavablarını alacaqlar. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin müddəalarına, 24 fevral 2022-ci ildə imzalanmış Müttəfiqlik haqqında Bəyannaməyə zidd davranışdır bunlar həm də. Bütün bunları Lavrov bilmirmi? Bəlkə İrəvandakı qonaqlığın “doza”sı yüksək olub? Hər halda böyük yanlışa imza atıb.

Azərbaycan düşmənlərini də dosta, ən azı mehriban qonşuya çevirməyə çalışır, müttəfiqlik münasibətində olduğu ölkə ilə insidentlərə qarşıdır. Rusiyanın baş diplomatı isə ermənilərə “mehriban olun, adam olun, yaşayın” məsləhəti vermək əvəzinə, Fərrux kəndindən keçən “sərhəd”dən dəm vurur.

Məntiqlə Lavrov erməni axçilərinin onu “suka” adlandırmasından qəzəblənməli, Ararat Mirzoyana, “ara, məni bura çağırıb, niyə söydürürsən” soruşmalı idi. Çünki erməni qadınlar küçələrə çıxıb rus diplomatın İrəvana gəlişinə etiraz hayqırırdılar. Amma Lavrov bunu görməzdən gəldi və Azərbaycanın heysiyyətinə toxundu. İllər öncə “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”, söyləyəndə də ermənilərin sevgisini - bəlkə başqa daha nələrinisə - qazanmağa çalışmışdı, Azərbaycanda özünə qarşı nifrətə səbəb olmuşdu. Amma 44 günlük zəfərdən sonra belə, onun “qaşınmayan yerdən qan çıxartmağ”a çalışması əcaibdir, diplomatik etiketə sığmayan məsələdir. Özü də İrəvana Türkiyədən getmişdi, Mövlud Çavuşoğlu ilə Azərbaycan-Ermənistan məsələsini də müzakirə etmişdi. Lavrov “həll yolu”nu beləmi görür: Fərrux məsələsini qurdalamaqla?

Artıq kimsə iddia edə bilməz ki, Rusiyanın Qarabağdakı kontingentinin davranışları özfəaliyyət deyil, elə Moskvadakı “mətbəx”də hazırlanan planın icra olunmasıdır. Əks təqdirdə nə Rusiya Müdafiə Nazirliyi öz açıqlamalarında “Dağlıq Qarabağ”, “Stepanakert” yaza - Azərbaycan Müdafiə Nazirliyinin etirazından sonra da - nə də Rusiya XİN rəhbəri Azərbaycan əsgərinin ölkəmizin hüdudları daxilində yerdəyişmə etməsinə müdaxilə cəhdi göstərməzdi. Həddi keçirlər.

Ermənistanın baş prokuroru rus əsgərlərinin gözünün qarşısından keçib, Xankəndiyə gəlir, baş terrorçu Araik Arutyunyanla görüşür, sərbəst geri dönür. Azərbaycanın eyni ranqlı məmuru icazəsiz Laçın dəhlizindən keçib Ermənistana gedə bilərmi? Təbii ki, yox. Erməni baş prokuror faktiki cinayətə yol verib və məsuliyyətə cəlb olunmalıdır.

Başqa bir məsələ: Azərbaycan vətəndaşları Şuşa və digər azad olunan ərazilərə xüsusi icazə ilə gedirlər, bunun üçün qaydalar var, kimsə o qaydaları pozursa, cəzalandırılır. Amma Ermənistanla Xankəndi arasındakı yolla kim gəlir, kim gedir, xəbərimiz yoxdur, ya da gec xəbər tuturuq, rus sülhməramlıların “sayəsində”.

Bitməlidir bu tamaşa. Lavrovun dediklərinə düzəliş etməklə iş bitmir!..

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR