İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşadan NÖQTƏli və NİDAlı zərbələr-Baş Komandan barmağını yeni hədəflərə tuşladı

2824 09.11.2022 18:13 Yazarlar A A

Ali Baş Komandanın budəfəki Şuşa çıxışı bir başqa idi. Düzdür, ötən aylarda, illərdə hər zaman onun qətiyyətli, prinsipial, ədalətə, beynəlxalq hüquqa istinad edən, milli və dövlət mövqeyinə əsaslanan çıxışlarını, xitablarını, ismarıclarını eşitmişik, amma bu dəfə şəxsən məndə fərqli təəssürat yaratdı.

Zəfərimizin ikinci mübarək ilində, Şuşada, qalib ordunun hərbçiləri qarşısında hərbi mundirdə çıxış etməsinin də özəlliyi var idi fikrimcə. Bu, o demək idi ki, biz müharibəni bitmiş sayırdıq, keçmişdə qalsın bütün qan-qada deyirdik, amma əgər düşmən və havadarları revanşa can atırsa, “bitmədi” deyirsə, onda bu meydan, bu da...Zatən, xəbərdarlıqlarında bununla bağlı bir neçə nöqtəli və nidalı zərbələr oldu. Bu barədə bir az sonra...

Prezident İlham Əliyev 2020-ci ilin 16 oktyabrında Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Şuşasız bizim işimiz yarımçıq olar”-deyəndən sonra hər bir Azərbaycan vətəndaşında Şuşa səfərinə əminlik yaranmışdı, hələ Ermənistanın kapitulya aktını imzalamasına xeyli qalmış. Çünki dövlət başçısına böyük bir inam var idi, xalqımız inanırdı ki, dedisə, edəcək! O zaman Musavat.com-da “Şuşanın azadlığının anonsu” yazısını yazanda da bir jurnalist deyil, sadəcə bir vətəndaş olaraq əminliyimi ifadə etmişdim. Və budur, Şuşa, dövlət başçımızın 8 Noyabr 2020-ci ildəki müjdəli çıxışında dediyi kimi, dirçəlir, yenidən qurulur, tarixi abidələri bərpa edilir, yolları tikilir. Bir daha heç bir düşmənin bata bilməyəcəyi qala şəhərimiz əbədi bizim olacaq! Baş Komandan Şuşadakı budəfəki çıxışında da bəyan etdi ki, müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Sitat: “Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”. Bax, məmləkətinə bu cür sahiblik edən, onun qədir-qiymətini bilən rəhbər ordusunu qələbəyədək aparmağı haqq edir! Necə ki, bu, haqq savaşında qalib olmağı bacardı, düşməni sözün bütün mənalarında mələtmək bahasına haqqını aldı, ədalətsiz dünyanın gözləri baxa-baxa!

Ölkəmizin başçısı bəyan etdi ki, Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdı, yəni Vətən Müharibəsinin ilk günündən! Yəni ordunun qarşısına Şuşaya yetişmək tapşırığı qoyulub həmin gündən. 44 günlük şərəf yolçuluğunda Azərbaycan Silahlı Qüvvələrinin əsgər, çavuş, gizir və zabitləri yalnız irəli gedirdilər, Şuşaya bayraq sancmaq eşqi ilə. Onları Vətən eşqi, torpaq məhəbbəti irəli aparır, Şuşa cazibəsi irəli çəkirdi. Doğrudur, Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdi. Amma Baş Komandanın dediyi kimi, məhz Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı! O vaxta qədər erməni xalqını “taktiki geriçəkilmə” nağılı ilə ovundururdular, amma Şuşa və Hadrut zərbəsi erməniçiliyə ağır zərbə oldu!

Bəli, Şuşa alınmaz qala idi, biz bunu tarixdən də öyrənmişdik, Qacar ordusunun Şuşa qarşısında necə çarəsiz qaldığından bəri...1992-ci ildə Şuşa həm də xəyanətin qurbanı olmuşdu, bu da acı reallıqdır. Odur ki, düşmən çox arxayın idi, Şuşaya əbədi sahiblik edəcəyinə...Amma dövlət baçımızın dediyi kimi, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər, heç şübhəsiz!

Bəli, indi Şuşaya getməyə nə var ki? İndi “Zəfər yolu” var-şüşə kimi...Amma Şuşa uğrunda döyüşən qəhrəman oğullarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yetişmişdiər. Baş Komandan onların keçdiyi marşrutları bu şəkildə ümumiləşdirdi. Söylədi ki, onlar sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb! Göz önünə kino lenti kimi gəlir, amma bunlar reallıqdır, qalib Azərbaycan ordusunun yaratdığı reallıq!

Azərbaycandakı hərbi komissarlıqların qarşısında növbələr yarandığı, yaralı hərbçilərimiz hospitaldan döyüşlərə can atdığı günlərdə Ermənistan ordusunda 10 mindən çox fərari oldu! Bu günədək fərari ovu davam edir Ermənistanda! Budur fərq! Azərbaycan xalqı, əsgəri nəyin uğrunda döyüşdüyünü bütün varlığı ilə dərk edir, şəhadətə yüksəlmək üçün sanki bir yarışa girmiş vahid komanda kimi hərəkət edirdi, ermənilərsə anlayırdılar ki, yad torpaqda gəbərirlər, yaxud da urvatsız şəkildə öləcəklərini, qurd-quşa yem olacaqlarını anlayırdılar, odur ki, aradan çıxırdılar, Bakıda yaradılacaq Hərbi Qənimətlər Parkı üçün hərbi texnikaları geridə buraxaraq...Birinci Qarabağ müharibəsindəki məğlubiyyət necə bizim xalqımızı mənəvi cəhətdən sarsıtmışdısa, bu dəfə ermənilər onqat artıq sarsıldılar, sındılar, əzildilər, param-parça oldular...Birliyimiz bizim Zəfərimizin əsas məhək daşı, açarı oldu. Qarabağ işğalda olduğu illər uzunu birliyimizi pozmaq, daxilimizdə təfriqə salmaq, dövlətimizi sarsıtmaq üçün çox oyunlar qurdu xarici qüvvələr. Bəli, bu planların təməlində Qarabağın əbədi ilhaqına zəmin hazırlanması qəsdi dayanırdı. Amma Dövlət Baba bu təhlükəli planların, milli təhlükəsizliyimiz təhdid edən oyunların da qarşısını anındaca almağı bacardı, bütün pisliklər məğlub oldu, Azərbaycanın qarşısında! Qarabağa gedən yolumuzda düzülən səssiz minaların təmizlənməsi üçün uzun bir yol qət etmək, çətin maneələrdən keçmək lazım gəldi, amma keçildi, gedildi! Bəli, Şuşa hədəfi 27 sentyabr 2020-ci ildə göstərilmişdi. Amma nədənsə mənə elə gəlir ki, Şuşa yolunun xəritəsi hələ 2016-cı ilin Aprel döyüşlərində təqdim olunmuşdu, Lələtəpə yüksəkliyinin fəthindən sonra qurulan Cocuq Mərcanlıda Şuşadakı Yuxarı Gövhərağa məscidinin bənzəri olan məscidin tikilməsi ilə! Qayıdış da ordan başladı və millətdə böyük inam yarandı:  QAYIDACAĞIQ!

Nəhayətdə Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Xalqın üzərinə düşən milli birliyi təmin etmək, dövlətə həyan olmaq idisə, dövlətin üzərinə daha ağır yük düşürdü - ordumuzu lazımi silahlar və texnika ilə təchiz etmək, iqtisadiyyatı inkişaf etdirmək, həm də özünü xarici təzyiqlərdən, təsirlərdən sığortalamaq...Dövlət uğurla keçdi bu sınaqlardan, hətta söz sahibi oldu bir sıra ünvanlarda: BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurasında, Ermənistanın üzv olduğu KTMT-də belə! Üstəlik, ikitərəfli formatda uğurlu əməkdaşlıq qurdu bir sıra ölkələrlə. Ölkə başçısının qeyd etdiyi kimi, təkcə Avropa İttifaqına üzv ölkələrin doqquzu, digər ölkələr Azərbaycanla strateji tərəfdaşlıq bəyannamələri imzalayıb. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Zəfərə gedən yolumuzda əngəl ola bilərdi bəziləri, əks təqdirdə... Düzdür, əngəl olmağa cəhd göstərənlər də oldu, amma alınmadı, bacarmadılar, diplomatiya sahəsində dövlətimizin apardığı işlər, Prezidentin rəhbərliyi, Baş Komandanlığı ilə yürüdülən uğurlu informasiya siyasəti, informasiya savaşı erməni havadarlarının sözünü ağzında qoydu...

Yazının əvvəlində Baş Komandanın nidalı və nöqtəli zərbələrindən bəhs etdik. Bəli, hələ müharibədən əvvəl Nikol Paşinyan Qarabağda meymunluq edərək, “Qarabağ Ermənistandır. Nöqtə”- deməklə erməni xalqını fəlakətlə üz-üzə qoymuşdu. Dövlət başçımızın o zaman dediyi  “Qarabağ Azərbaycandır və Nida!”-xəbərdarlığından nəticə çıxartmadılar, nəticəsi göz önündə. O zamankı xəbərdarlıq Şuşadan uzaqdan səslənmişdi. Amma 8 Noyabr 2022-ci ilin NİDAlı xəbərdarlığı Xankəndinin başının üstündən, Göyçə-Zəngəzurun “qulağının dibindən” eşidildi...Nəticə çıxartmaq, dərs almaq üçün artıq vaxt çox azdır, bəlkə də gerisayım başlayıb.

Nöqtəli-nidalı Şuşa xəbərdarlıqları təkcə Ermənistana ünvanlanmadı. Sitat: “Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələr qurdu və onlara izah etməyə nail oldu ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır”. Bu, Azərbaycan sərhədlərində hərbi təlim keçirib, hərbə-zorba gələn “dindaş”a ünvanlanmışdı. Şuşa məscidini “təmir edib”, farslaşdırmağı hədəfləyən, amma planı pozulan, Xankəndidəki terrorçulara yanacaq yollayan, Qarabağın daşını, ağacını, yeraltı, yerüstü sərvətlərini daşıyana...Xəbərdarlıq nəticə olacaqmı, demək çətindir. Amma dövlətimizin mövqeyi aydın və qətidir: bizi kimsə qorxuda bilməz, özü ziyan çəkər!

Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsi rekord həddə çatdırılıb, hərbi xərclərə ayrılacaq vəsait də həmçinin! Səbəbi? Sitat: “Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Ona görə biz hər zaman hazır olmalıyıq”.

Dövlətimizin mövqeyi qəti və aydındır: anlaşmalardan imtina Ermənistanı məhvə aparacaq. Onu məhv etmək istəyən ölkələrin də məqsədi budursa, olsun! Digər xəbərdarlıq: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır!”

Və...Hamımızın eşitmək istədiyimiz daha bir xəbərdarlıq:

“Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu”. Diqqət etdinizmi, “LAÇIN YOLU!” Dəhliz yoxdur, getdi işinə! Azərbaycan Prezidenti hərbçilər qarşısında sanki bir yol xəritəsini təqdim etdi: Zəngəzur dəhlizi açılmasa, Laçın yoluna enməyə hazır olsunlar! Yaxud Ermənistanın öz üzərinə götürdüyü öhdəliyi icra etməməsinin qarşılığında Azərbaycan əsgəri təkbaşına hərəkətə keçə bilər: Zəngilandan Naxçıvana dəhliz açmaq üçün! Bu, nöqtəli və nidalı xəbərdarlıq-zərbələriydi. Eşidilməsə, ardınca “Harop”lu, “Bayraqdar”lı zərbələr gələcək...

Prezident ilk dəfə bəyan etdi ki, 13-14 sentyabr hadisələri elə-belə baş verməyib. Sitat: “Təbii ki, Ermənistan bizə qarşı növbəti hərbi təxribat törətmişdir. Amma cavabımız da çox təsirli oldu. 13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib”.

Yenə diqqət: “Azərbaycan-Ermənistan sərhədi istiqamətində...” Bu, həm də o deməkdir ki, hələ ordumuz sərhəddə deyil, sərhəd istiqamətindədir! Bu, həm də 1918-20-ci illər xəritəsinin masaya qoyulmasıdır! Dövlətimizin başçısı ordumuzun Bala Göyçədə olduğunu, Böyük Göyçəni, BABA YURDU Qarakilsəni, Qafanı, Gorusu, Mehrini gözlə gördüyünü açıq şəkildə, ucadan səsləndirdi. Bu, həm də 1920-ci ilin noyabr-dekabr aylarında dünya güclərinin Azərbaycana qarşı xain planına etiraz, tarixi ədalətin bərpa olunması məqsədinin elanıdır! Bu, 16 oktyabr 2020-ci ildə deyilmiş “Şuşasız işimiz yarımçıq olar” mesajının başqa bir formasıdır: təqribən “Göyçə-Zəngəzursuz işimiz yarımçıq qalar” deməkdir! Vətən torpaqları uğrunda yeni mərhələnin anonsudur! Bəli, bu tarixi ədaləti bərpa etmək, Ermənistanın qopartdığı 20 min kv-km-lik torpaqlarımızın geri qaytarılmasını təmin etmək missiyası İlham Əliyevin üzərinə düşüb. Naxçıvanı blokadadan çıxartmaq, Turan qapısını açmaq, Türk dövlətləri arasında quru əlaqəni bərpa etmək missiyası! Xankəndi, Xocalı, Xocavənddən bəhs olunmamasının bir səbəbi var: nəyi, nə zaman etməyə bağlı məsələdir. Zatən, sülhməramlılara da xəbərdarlıq edildi: “Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik”.

Baş Komandan açıq dedi: “Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər. Vətən müharibəsindəki Qələbəmiz imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək”.

Qalib olmaq bax, budur, qətiyyətlə, inamla deyilir hər kəlmə! Bu gün sülh daha çox Ermənistana lazımdır! Azərbaycan sülh istəyir, amma məsələnin yarımçıq saxlanılmasına heç vaxt razı olmayacaq, bu yaranı gələcək nəsillərə saxlamayacaq!

Bakupost.az - Jurnalist Elşad Paşasoya AĞIR İTKİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR