İnsanlara hürriyət, millətlərə istiqlal!

“ŞUŞA İLİ”nin 26 avqustunda LAÇIN ZƏFƏRİ  

3403 26.08.2022 15:00 Yazarlar A A

Neçə illərdir həsrətlə gözlədiyimiz o mübarək xəbər gəldi! Laçın xəbəri!!! Prezident, Ali Baş Komandan tviter səhifəsində paylaşım etdi: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Bu anlarda Azərbaycanı sevən hər kəsin üzü gülür, şəhidlərimizə, qazilərimizə, ordumuza, Ali Baş Komandana minnətdarlıq hissilə Laçın zəfərimizə sevinirik hamımız! Şükürlər olsun, düz 30 il, 3 ay, 9 gündən sonra Azərbaycanın qəhrəman əsgər və zabitləri bayrağımızı Laçın şəhərindəki tikililərdən birinin üzərində dağlağalandırdılar! Prezidentin, həmçinin Laçının azadlığı günündə doğum günü təbriklərini alan Birinci vitse-prezident Mehriban Əliyevanın ZƏFƏR xəbərilə bağlı paylaşımları kimi, ordu korpusunun komandiri general-mayor Kənan Seyidovun Ali Baş Komandana təqdim etdiyi raportu da dəfələrlə dinlədik...

Bəli, bu, bir gün baş verməliydi, Laçın şəhəri azad olunmalıydı, 2020-ci ilin 10 noyabr razılaşmasında ayrıca əks olunmuşdu.

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin həmin gün imzaladığı bəyanatın 6-cı bəndində göstərilir: “Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla (artıq keçmiş-E.P.) Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

Qeyd olunduğu kimi, növbəti 3 il ərzində həyata keçirilməli olan işlərdən bəhs olunur. Amma Azərbaycan Laçın şəhərindən yan keçən yolu nəinki 3 il ərzində, cəmi bir neçə aya çəkib istifadəyə verdi. Ermənilər özləri də şok oldular, Azərbaycan 32 km-lik yolun, üstəlik körpünün tikintisini “ildırım” sürətilə yekunlaşdırdı, həmin yolun Ermənistan ərzisindəki 3-5 km-lik hissəsi isə bu günə qədər çəkilməyib. Bu, Azərbaycan və Ermənistan arasında müqayisəolunmaz fərqin növbəti nümunəsidir. Əslində nümunələr çoxdur. Dövlətimiz işğaldan azad olunmuş ərazidə sayca ikinci beynəlxalq hava limanının açılışını sentyabr ayında reallaşdıracaq, Füzulidən sonra Zəngilanda! Laçında da hava limanının tikintisi gedir, çəkilən müasir yollar, tikilən körpülər, tunellər, salınan şəhər və kəndlər, bərpa edilən tarixi abidələr, memarlıq nümunələri...Azərbaycan yenidən yaradır, Ermənistansa Qafan-Gorus istiqamətində alternativ yol çəkməyə belə, gücü çatmadı, indi də Laçın yolunun öz tərəfinə düşən cüzi bir hissəsində girələnir...

 Azərbaycan dövlətinin qüdrəti artıq hər kəsə bəllidir. İldə bir beynəlxalq aeroport tikən ölkə ilə hansısa bir Ermənistan rəqabət apara bilməzdi şübhəsiz. Laçın şəhərinin, həmçinin Zabux və Sus kəndlərinin azad edilməsi də məhz dövlətinin qüdrətinin, dövlət başçımızın qətiyyətinin məntiqi nəticəsidir.Ermənistan, Qarabağdakı separatçılar, həmçinin onların açıq-gizli himayədarları çox istərdilər ki, bu yol ümumiyyətlə, tikilməsin, Azərbaycan heç olmasa bu işi gecikdirsin. Lakin Prezident İlham Əliyev bu dəfə də düşməni mat qoydu, bir daha sübut etdi ki, doğru qərarlarə qəbul etməyin zamanını yalnız və yalnız özü bilir! Laçınla bağlı prosesin sürətlə həyata keçirilməsi 44 günlük müharibədə Azərbaycan Ordusunun Araz boyunca, Zəngəzur istiqamətinə 140 km-lik məsafədə həyata keçirdiyi ildırımsürətli əməliyyatı xatırlatdı. Bir güllə atılmadan reallaşan Laçın şəhəri, Zabux və Sus kəndlərinin azadlığı da məhz sürətlə həyata keçirilən işlərin nəticəsində baş verdi. Tarixi şərait, fürsət, Azərbaycanın bölgədəki danılmaz rolu, Türkiyə ilə ən yüksək səviyyəyə - Şuşa (Bəyannaməsi) səviyyəsinə - qaldırılmış münasibətlər, beynəlxalq aləmin Ukrayna müharibəsinə fokuslanması və digər amillər ölkəmiz üçün unikal imkanlar yaradırdı. Ermənistan neçə müddət idi ki, pozuculuq xətti yürüdürdü, gah danışıqlarda üzərində götürdüyü öhdəliklərə əməl etməkdən, gah nəzərdə tutulan görüşlərdən yayınır, gah da daxildə “etiraz” tamaşaları hazırlayıb, məsələləri uzatmağa, özü üçün münbit şərait qazanmağa çaışırdı. Olmadı, alınmadı və Azərbaycan Ordusu Laçın şəhərindədir!

Cəmi 3 həftə əvvəl Prezident İlham Əliyev Azərbaycan tərəfindən Laçın dəhlizinə alternativ yolun inşasısının başa çatmaq üzrə olduğunu demişdi. ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında bildirmişdi ki, bu yol hazır olandan sonra üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı qüvvələrinin kontingenti həmin yola dislokasiya olunacaq.Eyni sözlər Avropa İttifaqı Şurasının rəhbəri Şarl Meşelə də bildirilmişdi. Azərbaycanın qəti mövqeyi bəyan olunmuşdu, diplomatik yolla “mən nəyi, necə, nə vaxt etmək lazım olduğunu bilirəm”-deyilmişdi! Və budur, Azərbaycanın Laçın zəfərilə bağlı ilk təbrik qardaş Türkiyədən gəldi! Zəfərlərimizə sevinən, acımızı paylaşan qardaşımızdan!   

Ədalətsiz dünya bircə dəfə ermənilərə çağırış etmədi ki, 30 il taladığınız özgə torpağından rədd olub gedərkən evləri, meşələri yandırmayın, donuz qanı ilə mundarlamayın! Onlar da pərt olub, şübhəmiz yoxdur! Çünki on illərlə 5+1+1, 5+2, 4+2+1 nağılları ilə başımızı qatdılar, hesab edirdilər ki, Azərbaycan bezəcək, uzanacaq, əl çəkəcək Kəlbəcərdən, Laçından...44 günlük müharibən, münaqişə bitəndən sonra da müxtəlif bəhanələrlə bölgəyə girməyə çalışdılar, “ölü həmsədrlər”i diriltməyə cəhd göstərdilər. Hətta Laşın şəhəri azad olunan ərəfədə ABŞ boyda dövlət qeyri-ciddi qərar verdi, “həmsədr” təyin elədi. Niyə? Nə üçün? Hara? Bilən yoxdur. Erməni vandallar bu dəfə də Laçını, Susu, Zabuxu odlamaq istəyirdilər başdan-ayağa, eynən Kəlbəcər kimi. Azərbaycan dövlətinin qətiyyəti buna imkan vermədi, FHN hələ günlər öncə bu ərazilərdə növbə çəkməyə yollandı! Bu, elə-belə olmadı, Azərbaycanın qəti xəbərdarlığı, Baş Komandanın kəskin xəbərdarlığı olmasaydı, Rusiya sülhməramlıları bu dəfə də erməni qurldurların evlərimizi yandırmasını məmnunluqla seyr edəcəkdilər... Bölgədə bundan sonra uzağı 3 il qonaq olacaq sülhməramlıların Laşın dəhlizindəki postlarını sökməsi və dislokasiya yerlərini dəyişdirmələri də erməniləri havalandırıb. Böyük əksəriyyətində inamsızlıq yaranıb, anlayırlar ki, bir gün rus hərbçilər də çıxıb gedəcəklər. Elə bu səbəbdəndir ki, bir-iki nəfər istisna olmaqla, Laşında yerləşmiş ermənilər hamısı Ermənistana yol aldı, qəbirlərindəki sür-sümükləri belə, torbaya doldurub apardılar! Ordumuzun “Qisas” əməliyyatı ermənilərə dərs oldu! Anladılar ki, Azərbaycan zarafat eləmir, Prezident Əliyev heç bir sözü havayı demir, dedisə, edəcək! İndi də şübhələri yoxdur, Zəngəzur dəhlizi də açılacaq, Xankəndidə də, Xocalıda da, Xocavənddə də Azərbaycan bayrağı dalağalanacaq! Sərsəng su anbarında Azərbaycan mütəxəssislərinin görünməsi də mənzərəni aydınlaşdırır!

Beləcə, tarixi günlər yaşayırıq! Bəlkə də hələ zəfərin, qələbənin nə dərəcədə möhtəşəm olduğunu tam dərk edə bilmirik. Laçın və Şuşa uzun illər boyunca əlçatmaz sayılırdı. 90-cı illərdə məğlubiyyətimizin əsası məhz bu iki şəhərlə qoyulmuşdu, qəddimiz bükülmüşdü, evimiz yıxılmışdı, dizimizin taqəti tükənmişdi. Uzun illər yaşamaq sanki bizə haram olmuşdu. Ordumuzun Laçın şəhərinə daxil olmasını göz yaşları ilə üzləyirik! Laçında Dövlət Təhlükəsizliyi Xidməti artıq Laçında öz işinə başlayıb! Bu, xalqımızın tarixi nailiyyətidir, əsrlərdir tamarzı qaldığımız zəfərlərimizin davamı gəlir, şükürlər olsun! “Şuşa ili”nin 26 avqustunda isə Laçın şəhərinə bayraq sancdı ordumuz! 1992-ci ilin 17 mayında, Şuşanın ilhaqından 9 gün sonra Laçın işğal olunmuşdu. Həmin günlərin dəhşətli kadrları gözümüz önündədir, getsin, bir daha qayıtmasın! Ermənilər neçə vaxt idi Şuşaya, Hadruta görə tüstülənirdilər. Laçın onlara növbəti zərbə oldu! Xəyalları tamamən çilikləndi! Bitdilər! Laçın Ermənistanın Qarabağa uzanan dilinin “qapısı” idi. Erməni daşnakların dilini kəsdi ordumuz. Bir azdan yeni yolun üstündə gömrük və sərhəd postumuz qoyulacaq, əksi iddia olunsa, sözü ƏSGƏR deyəcək!   

Laçın şəhərinin və digər ərazilərin azad olunması Laçın dəhlizi ilə bağlı ermənilərin xəyallarının da üstündən xətt çəkir! Bitdi daha, Azərbaycan ərazisindən hansısa dəhliz keçə bilməz! Bir ovuc erməni Qarabağda yaşamaq istəyirsə, yaşasın, əks halda, alternativ yol açıqdır! Yeni yol isə bizə daha çox lazım olacaq, kimsə zənn eləməsin ki, ermənilər üçün çəkilib, həm də Qərbi Azərbaycana getmək, ordan Naxçıvana, daha sonra qardaş Türkiyəyə yollanmaq üçün!  Dövlət qurumlarımız artıq Laçındadır, ərazilər minalardan təmizlənir, bir azdan nəhəng tikinti-bərpa işləri başlayacaq və BÖYÜK QAYIDIŞ xəbərlərinə sevinəcəyik! Bir tərəfdə Kəlbəcər, bir tərəfdə Şuşa, bir tərəfdə Laçın... Yalçın qayalarımız kürək-kürəyə dayanıb, düşmənə göz dağı verirlər!

Tarixin mübarək səhifələri yazılır!    

Laçın Zəfərin mübarək, Azərbaycan!

Elşad Paşasoy,
Musavat.com

237160_3mukv90bk9.jpg (28 KB)   

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR