İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücü MMC-yə məxsus “Mercedes-Benz Vito”nu Goranboya qaçırdı, 2 aydır maşını polisdən gizlədir

1523 14.04.2023 15:38 Kriminal A A

“Fitstar Herbal Products” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Firdovsi Vəliyev daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Surəti Musavat.com-a göndərilən məktubda şikayətçi yazır ki, MMC-yə məxsus “Mercedes-Benz Vito” markalı nəqliyyat vasitəsi qaçırılıb, 2 aydır ki, polisdən gizlədilir:

- Hörmətli cənab nazir,

MMC-yə məxsus olan “Mercedes-Benz Vito” markalı, Az 77 AE 649 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sürücü Xəyyam Rəhimov tərəfindən qəsb olunub. Nəqliyyat vasitəsini hazırda yaşadığı Goranboy rayonunun ərazisində gizlədir. Goranboy rayonunda olaraq rayon Polis Şöbəsinə müraciət edərək qanunsuzluğa, özbaşınalığa son qoyulması üçün tədbirlərin görülməsini xahiş etdim.

Hörmətli cənab nazir,

Bunun əvəzində nəqliyyat vasitəsini qəsb edən Xəyyam Rəhimovun qardaşı, Goranboy Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin polis serjantı olan Xəyal Rəhimov mənimlə görüşə gəldi. Polis serjantına qardaşının qanunsuz hərəkətləri barədə məlumat verdim, nəqliyyat vasitəsini qəsb edərək etibarnaməsiz idarə etdiyini bildirdim. Mənimlə hədə tonunda danışdı, adını hallandırmamağımı tələb etdi.

Hörmətli cənab nazir,

Xəyyam Rəhimov MMC-yə məxsus nəqliyyat vasitəsini qanunsuz olaraq idarə etdiyinə görə dəfələrlə polis tərəfindən saxlanılıb, hər dəfə də qardaşı Xəyal Rəhimovun müdaxiləsi nəticəsində nəqliyyat vasitəsi cərimə meydançasına aparılmayıb.

Hörmətli cənab nazir,

Bildirirəm ki, Az 77 AE 649 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Vito” markalı nəqliyyat vasitəsi “Fitstar Herbal Products” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir.

Sözügedən nəqliyyat vasitəsindən istifadə hüquqları 18 sentyabr 2022-ci il tarixli IXA seriyalı 002401 nömrəli yük avtonəqliyyatı üçün yol vərəqi əsasında sürücü Xəyyam Nəriman oğlu Rəhimova (AC984822) verilmişdi. Hazırda sürücü Xəyyam Rəhimov özbaşınalıq edir və cəmiyyətə məxsus nəqliyyat vasitəsini geri qaytarmaqdan boyun qaçırır. Ona dəfələrlə nəqliyyat vasitəsinin geri qaytarılması barədə xəbərdarlıq edilsə də, müsbət nəticə əldə olunmur. Məlumat üçün bildirir ki, tərtib edilmiş akt nəticəsində 18 sentyabr 2022-ci il tarixli IXA seriyalı 002401 nömrəli yük avtonəqliyyatı üçün yol vərəqi qüvvədən düşmüş hesab edilib. Eyni zamanda, Xəyyam Rəhimov sözügedən nəqliyyat vasitəsinin istifadəsi üçün nəzərdə tutulmuş etibarnaməyə malik deyil.

Göstərilənləri nəzərə alaraq, Az 77 AE 649 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Vito” markalı nəqliyyat vasitəsinin respublika üzrə axtarışa verilməsini, nəqliyyat vasitəsinin müəyyən edilərək saxlanılmasını və “Fitstar Herbal Products” MMC-yə təhvil verilməsini təmin etməyinizi Sizdən xahiş edirik.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR