Suriya Ərəb Ordusu Raqqa şəhərində nəzarəti tam ələ aldıqdan sonra YPG/YPG-PYD terror qruplaşmalarına məxsus həbsxanaları da nəzarətə götürüb və orada əsir saxlanılan qadınlar, uşaqlar və körpələri azad edib.
Musavat.com xəbər verir ki, uzun müddət qeyri-insani şəraitdə saxlanılan qadınlar və azyaşlılar azadlığa buraxılarkən sevinc göz yaşları içində həbsxananı tərk ediblər. Şahidlərin sözlərinə görə, bu məkanlarda qadınlar faktiki olaraq “əsir” kimi saxlanılır, elementar hüquqlardan məhrum edilirdilər.
Əməliyyat çərçivəsində həmçinin İraqdan gətirilərək Raqqadakı qadın həbsxanalarında saxlanılan şəxslərin də azad edildiyi bildirilir. Suriya ordusunun şəhərdə təhlükəsizliyi bərpa etməsindən sonra humanitar qurumların iştirakı ilə azad olunanların tibbi və psixoloji vəziyyətinin qiymətləndirilməsi aparılır.
Yerində olan görüntülərdə azad edilən qadınların əsgərlərə təşəkkür etdiyi, uşaqların isə ilk dəfə olaraq qorxu olmadan həbsxana divarlarından kənara çıxdığı anlar əksini tapıb. Şəhər sakinləri bu əməliyyatı Raqqanın terror zülmündən xilasının rəmzi kimi qiymətləndirirlər.
Suriya ordusunun Raqqada nəzarəti gücləndirməsi ilə bölgədə təhlükəsizlik tədbirlərinin davam etdiriləcəyi, YPG-yə bağlı digər obyektlərin də təmizlənəcəyi vurğulanır.
Musavat.com






