İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürət və cürət həddi

1827 17.03.2023 10:38 Yazarlar A A

 

İstər şəhərin içindəki yollarda, istərsə də rayonlararası magistrallarda normal sürücülərin ən zəhləsi gedən iki sürücü tipi (əsasən) var: 1. Bərk gedənlər; 2. Yavaş sürənlər.

“Bərk gedənlər” qrafasına 70-80-lik yollarda saatda 120-150 (bəzən daha yüksək) ilə şütüyənlər, “yavaş sürənlər”ə isə eyni göstəricili yollarda 40-50 (hətta daha yavaş) ilə sürünənlər aiddir.

Normal sürücülərin əlində əlac olsa, düşüb ikisini də şapalaqlayarlar. Amma onlar normal adam olduqları üçün bunu etmirlər, sadəcə, dişlərini qıcayır, başlarını bulayırlar. Anormala yaxın hissəsi isə söyüş söyür.

c47571 (1).jpg (181 KB)

Birincilərin ümumi adı “bomba oğlan”dır. Onlar bahalı və lüks maşında özlərini “bomba oğlan” hesab edirlər və aşağı sürətlə hərəkət etməyi şanlarına kəsir sayırlar. Qıraqdan baxan nə deyər? Deməzlərmi, o idman avtomobili haramın olsun, sən də 70-80-lə sürəcəkdinsə, niyə alrdın o maşını, a yaramaz. Rus demişkən, “zapadlo” və “çurban”lıq sayılır bu.

İkincilərin, yəni “yavaş sürənlər”in ümumi adı isə əsasən “eynəkli dayday”dır. Hər bir sürücü yolda önüylə asta-asta gedən avtomobili ötəndə yüngülcə dönüb sağa (bəzən də sola) baxır, astagəl sürücünün eynəkli ağsaqqal olduğunu görəndə toxtayır, zənninin onu aldatmadığına görə məmnun qalır. Ancaq bəzən onlar “eynəkli dayday”ın yerinə sükan arxasında telefonla danışan xanım da görürlər və bu pərtlik yaratmır. Ona görə ki, əslində təcrübəli sürücülər asta gedən maşını “eynəkli dayday”ın və ya “telefonlu xanım”ın sürdüyünü gendən, avtomobilin cürəpəsindən müəyyənləşdirə bilirlər.

56743.JPG (71 KB)

İndi “eynəkli dayday”ların işi düzəlib, paytaxtın küçə və yollarında sürət həddinin endirilməsi qərara alınıb. Bəzi dostlar bildirirlər ki, bunu alqışlamaq lazımdır. Lazımdırsa, alqışlayaq: şap-şap-şap, şappp, şappp, şappp (gurultulu, sürəkli alqışlar, hamı ayağa qalxır).

Hərçənd dostlar alqış məsələsində niyə israr edirlər, anlaşılmır. Guya kifayət qədər alqışlanmasa, sürət həddi endirilməyəcək? Qərar verilbsə, alqış yerinə qarğış sədaları gurultulu, sürəkli olsa da, yerinə yetiriləcək. Başqa varianta cürət lazımdır və biz o həddi keçə bilmərik.

Şəxsən mən özüm sürücü olaraq maşını sürətlə sürənlərdən çox narazıyam. Məndən olsa, onların sürücülük vəsiqəsindən məhrum etdirərəm. Gerçəkdən də düz deyirlər, sürət həyatda tərəqqi, yolda təhlükədir. Axtarsaq, ölümlə nəticələnən qəzaların 99 faizi məhz yüksək sürət üzündən baş verir. Ona görə də başının və maşınının salamatlığını istəyən hər bir sürücü və piyada sürət həddinin endirilməsindən narazı olmamalıdır.

Ancaq bu məsələnin yekə bir əmması var. Guya yuxarıda sözünü etdiyim “bərkgedənlər” sinfinə mənsub olan “bomba oğlan”lar indiyəcən sürət həddi hərləyirdilər ki, indən belə də hərləsinlər?

Onlar üçün elə bir qoruq-qaytaq, radar-madar əngəli olsaydı, 80-lik yolda 150 ilə getməzdilər. Əgər belə sürməyə vərdiş ediblərsə, demək, eyni sürəti 70-lik yolda da yığacaqlar.

Babalı deyənlərin boynuna, deyilənə görə, “bərkgedənlər” sürət həddini çox aşmağa görə radara düşsələr də, necə olursa, cərimə ödəməkdən yayınırlar. Ya da yayınmırlar, ayda 3-4 min manat cərimə ödəyirlər. Elədirsə, bəs bir həftənin içində toplanan 10 balı neyləyirlər?

1582396831_vir (1).jpg (25 KB)

Göründüyü kimi, düz gəlmir. Ortaya qəliz suallar çıxır. Ya da radarlar onların tanışıdır, nömrəni tanıyır, qeydə almır. Bir tanış var, sürətdən söz düşəndə deyir: “Belə baxanda Bakı-Gəncə arası nə uzaq məsafədir ki? Dayoğlunun sürüşü ilə 2 saatlıq yoldur dəə”. Bax, o “dayoğlu” 47 dənə radarı necə adlayır, bunu da bir bilsək...

Ona görə də indilikdə qənaət belədir ki, sürət həddinin endirilməsi islahatı öz yanından lisenziyası olmadan “bərkgedənlik” etmək istəyən, ya da nəyə görəsə tələsən kasıb-kusubun cibini boşaldacaq, kartındakı vəsaiti tükədəcək.

Bəs bu islahat yollarda ölüm hallarını azaldacaqmı? Prinsipcə, bir az azalda bilər. Amma nəzərə alanda ki, ölümlərin çoxunu “bərkgedənlər” törədir və onların yavaş getmək niyyəti yoxdur, o zaman aydın olur ki, ölümlü yol qəzalarının sayında azalma cüzi olacaq. Hər halda bunun statistikasını apararaq, ortaya rəqəm çıxarmaq mümkün olacaq.

0poi.jpg (238 KB)

“Sürət həddinin endirilməsi” paytaxtın küçə və prospektlərindəki tıxacı azaldacaqmı? Oxumuş adamlar deyir, yox, əksinə, daha da artıracaq. Çünki indiyəcən bir prospektdə 10 dəqiqə müddətində hərəkət edən sürücü artıq həmin yolda 15 dəqiqə ləngiməli olacaq və yolun hər yüz metrinə düşən avtomobillərin sayı, tutaq ki, 20-dən 30-a (daha sonra 45-ə) qalxacaq.

Amma bəzi yoldaşlar da israr edirlər ki, yox, tıxac azalacaq, ümumiyyətlə, hər şey yaxşı olacaq, ağız büzmək lazım deyil, alqışlamaq lazımdır.

Alqışlamaq lazım olduğuna görə müəllif əlini klaviaturadan çəkir və alqışlayır: şapp, şapp, şapp.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR