İnsanlara hürriyət, millətlərə istiqlal!

Sümbülə Əliyeva təcridxanada boğulduğunu dedi - Məhkəmədən azadlıq istədi

1429 08.04.2024 11:04 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda Sümbülə Əliyeva və onun vəkili vəsatətlə çıxış ediblər. Sümbülə Əliyeva barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi istəyib. Sümbülə Əliyeva səhhəti ilə bağlı təcridxanada çətinlik çəkdiyini, bu səbəbdən yenidən ev dustaqlığına buraxılmasını xahiş edib: “Mən bilərəkdən məhkəmədən yayınmırdım. İstəyirdim ki, işimə düzgün baxsınlar. Sadəcə səhhətim imkan vermir. Hər dəfə məhkəməyə arayış göndərmişəm ki, xəstəyəm. İstintaqdan yayınmağın heç bir əhəmiyyəti yoxdur. İnanmırdızsa, ekspertiza keçirərdiz. Niyə məhkəmədən qaçım? Mən təcridxanada boğuluram. Xahiş edirəm, məni yenidən azadlığa buraxın, əks halda təcridxanadan meyitim çıxacaq”.

Vəsatətə münasibət bildirən dövlət ittihamçısı təqsirləndirilən şəxsin məhkəmə istintaqının aparılmasına mane olduğunu, gizləndiyini xatırladaraq həbsdə saxlanılmasını istəyib. Vəsatət dövlət ittihamçısınımn gətirdiyi əsasla təmin olunmayıb. Sümbülə Əliyeva qərarla razı olmadığını, iş üzrə məhkəmə tərkibinə etiraz üçün ona vaxt ayrılmasını xahiş edib. Proses aprelin 22-nə kimi təxirə salınıb.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir. İstintaq orqanı tərəfindən Sümbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb. Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Qeyd edək ki, Sümbülə Əliyeva mərhum akademik Cəlal Əliyevin vəkili kimi məşhurlaşmışdı. Mətbuata qarşı iddiaları müdafiə etməklə də tanınırdı.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR