İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlılar Qarabağda postların sayını artırdılar - Bakının xəbəri varmı?..

2801 03.09.2022 08:30 İqtisadiyyat A A

Azərbaycan tərəf hələlik proseslərə soyuqqanlı davranış sərgiləyir, amma sonda mütləq “atəş” açılacaq; Elçin Mirzəbəyli: “İnformasiyanı kim birinci verəcəksə və bunu inandırıcı edəcəksə, o zaman o da qazanacaq”; Tural İsmayılov: “Əgər Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərdə səmimidirsə...”

Ermənistan-Azərbaycan danışıqları üçüncü tərəfin vasitəçiliyi əsasında yeni mərhələdə davam etdiyi halda, gərginliyə səbəb ola biləcək davranışlar müşahidə etməkdəyik. Belə ki, Rusiya hərbi kontingenti avqustun 31-dən etibarən nəzarət-müşahidə postlarının sayını 25-dən 30-a qaldırıb.

Bu fakt Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “sülhməramlı”lara aid bölməsindəki xəbər bülleteni və hərbi kontingentin dislokasiyasına aid infoqrafik xəritələrdən bəlli olub. Belə ki, “sülhməramlı” kontingentin 31 avqust 2022-ci il tarixli xəbər bülletenində deyilir: “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının icrası çərçivəsində və Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi ilə əlaqədar müşahidə məntəqələrinin yerləşdiyi yerlər dəqiqləşdirilib. 30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətin monitorinqini aparır və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər”. Halbuki 27 avqust 2022-ci il tarixli bülletendə müşahidə məntəqələrinin sayının 27-dən 25-ə endirildiyi göstərilib: “2022-ci il avqustun 26-dan üçtərəfli bəyanatın icrası çərçivəsində Rusiya sülhməramlı kontingentinin iki müşahidə məntəqəsi azaldılıb”. Bəs Rusiya hərbi kontingentinin komandanlığı necə və hansı əsasla Azərbaycan ərazisindəki postların sayını son nəticədə azaltmaq əvəzinə, əksinə, artırır? Avqustun 26-da “sülhməramlı”ların postlarının sayının azaldılaraq 27-dən 25-ə endirilməsinə səbəb məlum razılaşmaya əsasən Laçın şəhəri və Zabux kəndindəki postlarının sökülməsi olub... Bəs cəmi 4 gün sonra Rusiya kontingentinin birdən-birə əlavə 5 post qurmasına səbəb nə olub?.. Dislokasiya xəritələrini izlədikdə bəlli olur ki, avqustun 26-dan öncə Laçın “dəhlizi” ərazisində cəmi 6 post olub.(moderator.az) Ayın 26-dan sonra isə bu ərazidə 4 post qalıb. Zabux kəndindəki 1-ci post, yəqin ki, Ermənistanın Gorunzur (Kornidzor) kəndinin yaxınlığında Həkəri çayının üzərindəki körpüyə yerləşdirilib. Ancaq avqustun 31-dəki xəritədə Laçın və Zabux “ehtiyat”la Rusiya MN-in xəritəsindən çıxarılsa da, yeni yola dəxli olmayan Fətəlipəyə kəndinin yaxınlığındakı Qubadlı-Laçın yolunun üzərində yerləşən “Şivid xarabalıqları” adı ilə qeyd olunan məntəqədə də 2-ci post saxlanılıb. Beləliklə, ümumilikdə köhnə və yeni Laçın “dəhliz”i ərazisində cəmi 2 post qalıb. Ancaq Laçın rayonunun Ağanus, Fətəlipəyə və Kəravuz kəndlərinin adları qeyd olunmasa da, xəritənin keçmiş Laçın “dəhlizi” hissəsindəki xüsusi ştrixlərdən Rusiya hərbi kontingentinin 10 noyabr bəyanatına zidd olaraq nəinki həmin kəndləri, Laçın şəhəri, Şuşa-Laçın və Qubadlı-Laçın yollarını da hava xətti ilə 500-1500 metr məsafələrdən nəzarətdə saxladığı bəlli olur... Bununla həm də yeni yol ilə köhnə “Laçın dəhliz”inin Laçın, Zabux, Sus və Qarıkahası məntəqələri istisna olmaqla, qalan hissəsi ilə birləşdirilərək daha böyük ərazini əhatə etmiş olduğu meydana çıxır... Rusiya kontingentinin “yeni” 3-cü postu isə Şuşa rayonunun “Kirov” adı ilə qeyd olunmuş Kiçik Qaladərəsi kəndində göstərilib. Halbuki əvvəlki xəritə və videogörüntülərdən də bəlli olduğu kimi, ermənilərin məskunlaşdığı bu kənddə 2020-ci ilin 10 noyabrından dərhal sonra Rusiya hərbçilərinin postu qurulub. 31 avqusta aid xəritədən bəlli olur ki, Laçın ərazisi yaxınlığında əlavə iki post da qurulub. Xəritəyə nəzərən 10-cu post, yəqin ki, Şuşa-Laçın-Gorus yolu ilə alternativ yolun kəsişməsindəki Onverst kəndi ərazisində yerləşdirilib. Digər müşahidə postu isə Qarabağ silsiləsinin Laçın və Şuşa rayonlarının sərhədlərində yerləşən və hündürlüyü 1633 m olan strateji Bəzirgan aşırımındadır. Həkəri çayına tökülən Bəzirgansu çayının mənbə hissəsindəki bu aşırım xəritədə “Bazirgyay” kimi qeyd olunub. 1-ci post Şuşa rayonunun “Lisaqor” kimi qeyd edilmiş Turşsu qəsəbəsi yaxınlığına yerləşdirilib. Digər əlavə postlar isə Laçın “dəhlizi”ndən tamamilə uzaqda, Xocalı rayonunun Fərrux kəndində, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsi yaxınlığında və Tərtər rayonunun Suqovuşan və Talış kəndlərində və Ağdərə şəhərinə yaxın strateji ərazilərdə yerləşdirilib. Yada salaq ki, aprel ayında da buna oxşar hadisə baş vermiş, sonradan isə sülhməramlılar artırılmış 6 postu ləğv etmişdi. Bu addıma necə reaksiya verilməlidir?

Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal  olmalıdırlar” « ONN İnformasiya Agentliyi

Elçin Mirzəbəyli 

 Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında əvvəlcə bildirdi ki, Rusiyanın sülhməramlı kontingentinin rəsmi Bakının razılığı olmadan Azərbaycan ərazilərindəki postlarının sayını artırmaq  hüququ yoxdur: “Əgər postların sayının artırılması Rusiya Müdafiə Nazirliyinin, yaxud sülhməramlı qüvvələrin rəhbərliyinin özfəaliyyətinin nəticəsidirsə, o zaman onların quraşdırıldığı kimi də söküləcəyinə şübhəm yoxdur. Lakin burada bəzi məqamların nəzərə alınmasını da vacib hesab edirəm: Rusiya sülhməramlıları müvəqqəti təhlükəsizlik tədbirləri çərçivəsində, Azərbaycan tərəfi ilə razılaşdırmaqla, məsələn, Ermənistandan Xankəndinə gedən yeni yolun ətrafında postlar quraşdıra bilərlər. Və bütün bu addımların Azərbaycana qarşı həyata keçirildiyini söyləmək də doğru olmazdı. Çünki məqsəd postların sayını artırmaqla yüksəkliklərə, yaxud daha geniş ərazilərə nəzarəti ələ almaq deyil, əldə olunan razılaşmaların həyata keçirilməsinə maneə yaratmağa çalışan təxribatçı qüvvələrin qarşıdurma yaratmaq niyyətlərinin qarşısını almaqdan ibarət də ola bilər”. E.Mirzəbəylinin sözlərinə görə, postların sayının artırılması ilə bağlı əsaslandırılmış izah olmadan, bu məsələyə birmənalı münasibət bildirmək lazım deyil: “İzahı isə indiki halda Azərbaycan Müdafiə Nazirliyi verməli və baş verən dəyişikliyi əsaslandırmalıdır. Əks təqdirdə, yaranmış vəziyyət yeni-yeni şayiələrin və ya göz önündə olan mənzərəyə uyğun təhlillərin ortaya çıxmasına zəmin yaradacaq. Bu xüsusda Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində baş verən hadisələrə münasibətdə səlahiyyətli qürumların verdiyi reaksiyalara da diqqət çəkmək istəyirəm: Bu ərazilərdə baş verən hadisələrə, yaxud təxribat xarakterli informasiyalara həddindən artıq gec reaksiya verilir. Bunu ən müxtəlif yollarla izah etməyə çalışsalar da, ”hərbi sirr", “informasiyanın dəqiqləşdirilməsi və ya təhlil olunması” kimi bəhanələrlə vəziyyətdən çıxış yolu tapmağa cəhd göstərsələr də, ortalıqda olan nəticə informasiya savaşında geriləməyimizə səbəb olur. Sonradan bu şayiələrin, təxribatların qarşısını almaq, “ağzıgöyçəklər”in dilindən, əlindən düşən və bütün sosial şəbəkələri başına götürən “xalam qızı, bibim oğlu belə dedi” kimi istinadların “iz”ini təmizləmək olmur". Politoloq qeyd etdi ki, bir müddət öncə ictimai rəylə işləmək üçün “dövriyyəyə” buraxılmış hərbi-siyasi şoumenlərin havaya püskürdükləri “analitika”nın da artıq təsirsiz olduğuna şahidlik edirik: “Hadisələrə çevik reaksiya verməklə, insanları rəsmi mənbələrin verəcəyi məlumatları gözləməyə və yalnız bu məlumatlara inanmağa sövq edən mexanizmlər tətbiq etməklə bu problemlərin qarşısını almaq olar. Əgər yaranmış vəziyyət informasiyanın tez bir zamanda dəqiqləşdirilməsinə və təhlil olunmasına imkan vermirsə, o zaman elə mexanizm formalaşdır ki, belə imkan olsun. Yoxsa, şablon söz yığınının, ”müdrik" sükutun arxasında daldalanmaqla bu qəbildən olan problemləri həll etmək mümkün deyil. İnformasiyanı kim birinci verəcəksə və bunu inandırıcı edəcəksə, o zaman o da qazanacaq".

Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın iqtisadi gəlirləri daha  da artacaq - Tural İsmayılov - "İki sahil"

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov da sülhməramlıların rəsmi Bakının icazəsi olmadan hər hansı addım atmasını yolverilməz sayır: “Biz bir məsələni nəzərə almalıyıq ki, Rusiyanın Azərbaycan ərazilərində Bakının  icazəsi olmadan hansısa addımlar atmaq ixtiyarı yoxdur. Rusiya sülhməramlıları Qarabağın bəzi bölgələrində müvəqqəti yerləşib, vaxtı çatanda çıxıb gedəcəklər. Bu gün Azərbaycan əsas strateji hədəflərindən biri kimi Ermənistanla münasibətlərin normallaşmağı, regionda normal etimad mühitinin yaradılmağını müəyyən edib. Dünyanın hər bir nöqtəsindən bizim haqq işimizə əngəl olan qüvvələr var. Ona görə də rus sülhməramlılarının müvəqqəti Qarabağda olmağı iki məsələdə bizə üstünlük qazandırır: Birincisi, ermənilər və onların havadarlarının hansısa bir formada ”Azərbaycan bizi qırır" kimi yalan provokasiyalarının qarşısı alınır; İkincisi, Ermənistanla sülh əldə olunana qədər Rusiyanın sülhməramlı qismində müvəqqəti orada olmağı Xankəndidəki separatçıların və terrorçuların azğınlaşaraq sabotajlar həyata keçirməyinə haradasa əngəl olur". Lakin T.İsmayılov hesab edir ki, bizi qane etməyən bir sıra vacib nüansların olduğunu da nəzərə almaq lazımdır: “Rus sülhməramlıları bəzən öz fəaliyyət sferalarını aşan antipatik addımlar atır. Bunlar əvvəla, Xankəndidə ”humanitar missiya" adı altında erməni uşaqlara bağçalar tikmək, qanunsuz məskunlaşdırılmış ermənilərə ərzaq və sair yardımları etmək; ikincisi, terrorçuların hələ də Xankəndi və ətrafından çıxarılmadığı... Halbuki 10 noyabr bəyanatında sülhməramlıların yerləşməyi ilə paralel separatçı terrorçuların rədd edilməsi şərti var. Üçüncü tərəfdən, Azərbaycan cəmiyyətinə ermənilərin inteqrasiya olunmağı prosesinə maraq göstərilməməsi də faktdır. Lakin əgər Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərdə səmimidirsə, Xankəndi ermənilərinin də Azərbaycan vətəndaşı olmalı olduğu faktorunu nəzərə almalıdır". STM əməkdaşının sözlərinə görə, Rusiya sülhməramlılarının müşahidə məntəqələrinin sayının artırılması yeni yolla bağlı ola bilər: “Ola bilsin ki, Laçına alternativ yeni yolda uzunluq xəttinə və məsafəyə görə müşahidə məntəqələri artırılıb. Əgər Azərbaycanın xəbəri olmadan bu addımlar atılıbsa, rəsmi səviyyədə Rusiyaya etiraz edilməlidir. Lakin mən hesab etmirəm ki, bu məsələdə Rusiya hansısa özbaşına addımlar ata bilər. Azərbaycan Rusiyanın bizi qane etməyən istənilən addımında öz etirazını ən yüksək səviyyədə bildirib. Hesab edirəm ki, bu proses də davamlı olmalıdır. Ətəlipəyə kəndinin yaxınlığındakı Qubadlı-Laçın yolunun üzərində yerləşən ”Şivid xarabalıqları" adı ilə qeyd olunan məntəqədə müşahidə məntəqəsinin heç bir əhəmiyyəti yoxdur və Rusiya MN postlarının dislokasiya yerlərinin mahiyyətini düzgün izah etməlidir. Laçın şəhəri, Şuşa-Laçın və Qubadlı-Laçın yollarını hava xətti ilə nəzarətdə saxlamaq niyyətləri də Azərbaycan və Rusiya arasındakı münasibətlərin ruhuna ziddir. Ona görə hesab edirəm ki, Rusiya hər bir müşahidə postlarının coğrafi vacibliyini izah etməyi bacarmalıdır. Əksi olacağı təqdirdə, əlavə siyasi spekulyasiyaların da sayı azalmayacaq".

Göründüyü kimi, Rusiya sülhməramlılarının davranışları, özbaşınalıqları ilə bağlı narahatlıqlar bitmir. Hələlik Azərbaycan tərəf proseslərə soyuqqanlı davranış sərgiləyir, amma sonda mütləq “atəş” açılacaq! Necə ki, sülhməramlılar çox çalışdılar Azərbaycan əsgəri Fərrux yüksəkliyindən ensin, olmadı... Sanki hansısa “gizli əl” sülhməramlı missiyası ilə ərazilərimizə daxil olan, amma missiyaya xələl gətirən, erməni təxribatçıları məmnun edən davranışlar sərgiləyən heyətindən Azərbaycanı vaxtından əvvəl tərk etməsi tələbini irəli sürməyimizə əsaslar yaradır. Bunu istəyirlərsə, olsun!

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR