İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhə xəritə əngəli: 25-ci il, yoxsa 75-ci il?

1493 21.07.2023 10:43 Siyasət A A

Azərbaycanın 1920-ci ildə Parisdə təsdiqlənmiş xəritəyə iddia edəcəyindən əndişələnən İrəvan danışıqları pozur; Ermənistanın 1975-ci il xəritəsində israrlı olmasının ilginc səbəbi...

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların dördüncü iclasında demarkasiya üçün hansı ilin xəritəsinin əsas götürülməsi ilə bağlı razılıq əldə olunmayıb. “Yeni Müsavat”ın məlumatına görə, “Pastinfo” xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat yayıb.

Həmin materialda qeyd olunur ki, növbəti görüşün yeri və tarixi məlum deyil. Yeri gəlmişkən, ötən ay keçirilən görüşdən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində iddia etmişdi ki, Kişinyovda Ermənistanla Azərbaycan arasında delimitasiya məsələsi və 1975-ci il xəritələri ilə bağlı müəyyən irəliləyiş əldə olunub, lakin məsələ son olaraq həllini tapmayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında isə bu iddia təkzib edilmişdi.

Nikol Paşinyan bir müddət əvvəl bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1975-ci il xəritələri əsasında aparılmalıdır. Daha sonra, konkret olaraq iyunun 1-də Moldovada keçirilmiş beştərəfli görüşün nəticələrinə yekun vuraraq, bunu faydalı adlandırıb və deyib: “Tərəflər Ermənistan və Azərbaycan arasında gələcək delimitasiya işlərinin aparılması üçün 1975-ci il xəritəsinin əsas götürülməsinə qarşı olmadıqlarını vurğulayıblar”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sərhədlərin delimitasiyası və demarkasiyasının Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı xəritələr əsasında aparılmalı olduğunu bildirmişdi. Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyasının 20-30-cu illərin, ya da 70-80-ci illərin xəritələri əsasında aparılmasının vacibliyi haqqında fikirlər mövcuddur. Ötən əsrin 20-ci illərindən 1985-ci ilə qədər müxtəlif dövrlərdə tərtib olunan bu xəritələrdə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri dəqiq göstərilib. 1925-ci ildə çap olunan isə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının siyasi xəritəsidir. Bu xəritədə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri, o cümlədən 15 mahalı, bir muxtar vilayəti və muxtar respublikası qeyd olunub. 1925-ci ildə çap olunmasına baxmayaraq, həmin xəritədə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati mərkəzi ermənilərin sonradan adlandırdığı kimi “Stepanakert” deyil, qədim adı olan Xankəndi şəhəri kimi göstərilib. Bu arxivdə olan digər xəritələr isə Yermakovun 1928-ci və 1931-ci illərdə tərtib etdiyi “Qafqaz” adlı xəritələri, 1936-cı ildə çap olunan ağ kağız üzərində qara rəngli ştrixlərlə cızılan və sərhədlərin qeyd olunduğu “Z.S.F.S.R” xəritəsi, 1938-ci ildə Ümumrusiya Geoloji Fondu tərəfindən nəşr olunan xəritə, 1975, 80, 84 və 85-ci illərdə nəşr olunan SSRİ Nazirlər Sovetinin Geodeziya və Kartoqrafiya Baş İdarəsinin xəritələridir. Bəzi iddialara görə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası 1925-ci ilin Zaqafqaziya Siyasi xəritəsi əsasında aparılmalıdır. Hesab olunur ki, bu, ən münasib xəritədir. Məhz bu xəritənin əsasında Cənubi Qafqaz respublikalarının inzibati-ərazi bölgüsü aparılıb. Beləliklə, sərhəd komissiyası yenə xəritədə anlaşa bilmədi. Amma o da məlum deyil ki, tərəflər hansı xəritədə israr edir: 25-ci il, yoxsa 75-ci il?

Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi

 Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında öncə diqqəti vacib bir məqama cəlb etdi: “Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi üzrə işçi qrupunun sonuncu görüşü haqqında məlumat veriləndə diqqəti cəlb edən məqamlardan biri o idi ki, budəfəki görüşdə Rusiya tərəfindən rəsmi şəxs iştirak etmirdi. Beləliklə, son dövrlərdə ilk dəfə idi ki, özünü hakim rolunda daim görmək istəyən Rusiya Federasiyası ortalıqda görünmədi. Əslində sərhədlərlə bağlı görüşlər və müzakirələr onu deməyə əsas verir ki, hələ uzun illər bu kimi ciddi mübahisələr davam edəcək. Beləliklə, sərhəd müzakirələri hər hansı razılığın əldə olunmasına gətirib çıxartmayan bir prosesə çevriləcək. Çünki Ermənistan və ona havadarlıq edən rəsmi Moskva müxtəlif təkliflər irəli sürərək ayrı-ayrı illərin xəritələrinin istifadəsini təklif etməklə əslində prosesi qeyri-müəyyən vaxta kimi uzatmaqda israrlıdırlar. Məhz bu amil də sonuncu görüşdə özünü bir daha sübut etdi”. Ü.Cəfərov təsdiqlədi ki, Ermənistan məhz Rusiya Federasiyasının təkidi ilə hansısa 75-ci ilin xəritələri ilə müzakirə aparılmasında israr edir: “Erməni rəsmisi Mher Qriqoryan da ona cızılmış plandan kənara çıxa bilmədiyi üçün son görüş demək olar ki, nəticəsiz və mübahisələrlə dolu olub. İndi də məlumat var ki, növbəti görüşün nə vaxt olacağı və hətta tarixi ilə bağlı da ciddi fikir ayrılığı yaranıb”. Polkovnik ardınca Ermənistanın 75-ci il xəritəsində israrından bəhs edərkən çox ilginc bir detalı açıqladı: “1975-ci il xəritələri ilə bağlı niyə Ermənistanın israr etməsi də maraqlıdır. Məlumat var ki, o vaxtkı SSRİ Müdafiə Nazirliyindəki xəritəçəkmə işlərinə baxan qurumda erməni millətindən olan bir rəhbər şəxs olub və hələ o zaman onlar bəzi əli əyriliyə və maxinasiyalara əl atıblar. Necə deyərlər, erməni ki, erməni. Ermənistan Azərbaycanla sərhədlərin müəyyən olunmasında əgər maraqlı olsaydı, onlar prosesi pozmaq əvəzinə, hansısa real təkliflər irəli sürər və prosesin aparılmasında maraqlı olduqlarını nümayiş etdirərdilər. Onsuz da hətta fərz etsək ki, ermənilər bizimkilərlə hansısa razılığa gəlsələr belə, sonradan prosesi müxtəlif bəhanələrlə pozacaqlar. Şəxsən mən bu sərhəd müzakirələrini də bir oyun kimi görür və Ermənistanın, ələlxüsus da onun havadarlarının vaxt uzatmaqla bəzi məqsədlərini həyata keçirmək üçün fürsət kimi dəyərləndirirəm”. Hərbi ekspert qeyd etdi ki, sərhədlərin dəqiq müəyyənləşməsi uzun və daima mübahisələrlə müşayiət olunacaq bir prosesə çevriləcək: “Artıq biz bunu görürük və bundan sonra da daimi olaraq görəcəyik. Çünki Ermənistan kənardan idarə olunur və o, heç vaxt müstəqil qərar vermək iqtidarında olmayacaq”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı isə bildirdi ki, əslində Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi, demarkasiya və delimitasiyası dövlətlərin müstəqilliyini elan edərkən varislik prinsipinə əsaslanmalıdır: “Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin varisidir, demək, sərhədlər də həmin respublikanın sərhədlərinə əsaslanmalıdır. Ermənistan isə SSRİ zamanı mövcud olmuş Ermənistan SSR-nin varisi kimi elan olunub. Həmçinin sovet dövründə dövlət sərhədləri deyil, administrativ sərhədlər olub və bunlar bir vahid dövlətin tərkibində olduqlarına görə şərti sərhədlər, inzibati ərazilər hesab olunub. Faktiki olaraq Ermənistanla Azərbaycan arasında bəlli sərhəd yoxdur. Ermənistan ona görə sovet dövründə hazırlanan xəritələrdə israr edir ki, 20-ci illərdən sonra Azərbaycan torpaqları hesabına ərazisini genişləndirib və indi ona 1975- ci il Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı xəritə sərf edir. Amma nədən Ermənistan 1920-ci illərin xəritələrini qəbul etmir? Çünki həmin xəritələrdə sonradan Azərbaycandan qoparılmış Zəngəzur, Göyçə, Dərələyəz var ki, nəticədə Ermənistanın ərazisi 29,8 min kvadrat kilometrə çatdırılıb”. Q.Çaxmaqlı bu faktlara istinad edərək qeyd etdi ki, demək biz 1925-ci il xəritəsi üzərində israr edə bilərik: “Bu, Zaqafqaziya Siyasi xəritələridir. 30-40-cı illərdə də bütün xəritələr onun əsasında hazırlanıb. Sonrakı onilliklərdə Azərbaycandan parça-parça ərazilər qoparılıb və 1975-ci il xəritələrində Ermənistanın 29,8 min kvadratkilometrlik ərazisi ortaya çıxıb. Amma nəzərə alınmalıdır ki, bu da inzibati sərhədlər olub və dövlət sərhədi hesab edilə bilməz”. Ekspertin sözlərinə görə, Ermənistanın istədiyi kimi, sərhədlər 1975-ci il xəritələri üzərində durulsa belə, öncəki illərin də xəritələri nəzərə alınmalıdır: “Paşinyanın Azərbaycanın ərazi bütünlüyünü 86,6 min kvadratkilometrlə tanıyırıq, Azərbaycan da bizim 29,8-mizi tanısın "qayğısı" bundan qaynaqlanır. Ermənistan bu ərazidə Ermənistanın mövcudluğuna təminat almaq istəyir. Amma tarixi proseslər içərisində itirdiyimiz torpaqların heç olmasa bir hissəsini geri almaq imkanı varkən nə üçün Ermənistanın təklif etdiyi “1975 xəritələri” iddiasını qəbul etməliyik? Yalnız bir xəritə ilə sərhədləri təyin etmək mümkün deyil, bütün variantlar incələnməlidir. Bu edilmədiyindən anlaşmaya gələ bilmirik. Məncə, bu proses də xeyli vaxt aparacaq. Vaxtilə haqqı olmayan əraziləri özünə birləşdirən bir ölkə indi bunları geri vermək istəməyəcək. Bu işdə ermənilər beynəlxalq “arbitr” tələb edəcəklər, prosesi uzatmağa çalışacaqlar. Sülh danışıqlarında olduğu kimi..."

Bu yerdə N.Paşinyanın etirafını xatırlatmaq yerinə düşər. Baş nazir may ayında ölkə parlamentindəki çıxışında Azərbaycanla aparılan danışıqlar barədə danışarkən iki ölkə arasında sərhədlərin delimitasiyasından da bəhs etmişdi. O, revanşistlərə və əleyhdarlarına xitabən ciddi və tarixi etiraf etmişdi. “İndi Ermənistan kadastr sənədi olmayan torpağa bənzəyir. Amma əgər Azərbaycanla sülh sazişi imzalansa, onda Ermənistan belə bir sənədi almış olacaq. Hamımız başa düşürükmü, 30 ildir sevimli vətənimizdə kadastr sənədi olmadan yaşayırıq. Ermənistan bir dövlət kimi min illər boyu belə bir sənədi olmayıb. Biz elə bir yerdə yaşayırıq ki, dünyaya bir neçə ölkə var ki, nə vaxt istəsələr bizə deyə bilərlər ki, yığışın buradan gedin. Bu zaman deyə bilərik ki, buyurun, bu da bizim kadastr sənədimiz...” Bəli, Ermənistan rəhbərliyi də anlayır ki, Azərbaycan ərazilərində yaradılmış Ermənistanın hüquqiliyi belə hər an sual altına düşə bilər. Üstəlik, Azərbaycan və Ermənistan 1920-ci ildə Paris Sülh Konfransında de-fakto müstəqil dövlət kimi tanınarkən indiki miqyasda əraziyə sahib deyildilər. Azərbaycanın Qərbi Zəngəzur bölgəsi məhz həmin ilin sonunda qoparılaraq Ermənistana verildi və indiki - 29,8 min kv.km-lik ölkə düzəldildi. Bu fakt hətta o zaman Fransa mətbuatında da tirajlandı... Üstündən 103 il sonra Paşinyan anlayır ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan  dövləti tarixi ərazilərini geri qaytarmaq hüququna malikdir, ona görə də xəritə oyunu oynayır...

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR