İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsi ilə bağlı TƏCİLİ AÇIQLAMA - ŞOK DETALLAR

2799 13.08.2023 12:56 Gündəm A A

“İlin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq. Bunun bir neçə səbəbi var. Həmin sənədin imzalanmaması Azərbaycanın mövqeyini daha da gücləndirəcək”.

Bu fikirləri Musavat.com-a açıqlamasında “Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov deyib.

zaur.jpg (49 KB)

Politoloq xatırladıb ki, bəzi dairələr, o cümlədən ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycandan ilin sonuna kimi vaxt istəmişdi və səbr istəmişdi ki, iki dövlət arasında sülh müqaviləsi imzalansın:

“Lakin son baş verənlər rəsmi Bakıya tutarlı dəlillər verir ki, həm Qarabağ, həm də delimitasiya, demarkasiya məsələsində lazım bildiyi addımları atsın. Qarabağ, Laçın yolu Azərbaycanın daxili hissəsidir. Azərbaycanın daxili regionu ilə bağlı məsələni Ermənistanın BMT Təhlükəsizlik Şurasında qaldırmaq istəyi bəlli təxribatdır.

tehluke.jpg (98 KB)

Bundan əvvəl 44 günlük müharibə dövründə və ondan sonra Fransa tərəfindən BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamənin qəbul edilməsi üçün ciddi şəkildə fəaliyyət göstərilib. Bugünkü hədəf də bəllidir – Bakı və İrəvan arasında danışıqları pozmaq, Qarabağda status-kvo məsələsini uzatmaq. Bu, sözsüz ki, Ermənistan, erməni diasporu, separatçılar və eyni zamanda bəzi ölkələrin maraqlarına uyğun gəlir. Təəssüflər olsun ki, ABŞ-Azərbaycan və Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişaf etdiyi bir dönəmdə biz Qərbin bir çox dairələri, mətbuat orqanları tərəfindən ədalətsiz mövqeyə şahidlik etməkdəyik. Azərbaycanın ərazi bütövlüyünə bağlı məsələyə açıq şəkildə göz yummağa başlayıblar.

Necə olur ki, 2016-cı ildə Rusiya Ukraynaya humanitar məqsədlə TIR-lar göndərərkən dünya Ukraynanın ərazi bütövlüyünü dəstəklədi, amma bu dəfə Azərbaycan və Ermənistan məsələsində Qərbin bəzi dairələri ədalətsiz mövqe nümayiş etdirirlər”.

Zaur Məmmədov hesab edir ki, son baş verənlər Bakı və İrəvan arasında bütün danışıqları sıfırlaya bilər:

“Bakı və İrəvan arasında münasibətləri həddindən artıq pis vəziyyətə sala bilər. Son hadisələr eyni zamanda nəinki Qarabağ məsələsində anlaşmanın olmayacağına, eyni zamanda Zəngəzur dəhlizi, delimitasiya və demarkasiya ilə bağlı da ortaq məxrəcə bu il gəlinməyəcəyinə dəlalət edir.

nikol.PNG (534 KB)

Yeri gəlmişkən, 1976 və 1991-ci il xəritələrinə istinad edən Nikol Paşinyan bilməlidir ki, Azərbaycan tərəfi 1976 və 1991-ci il xəritələri ilə şərti sərhədlərin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi prosesinə getməyəcək. Delimitasiya, demarkasiya məsələsi uzun dialoq və İrəvanın davranışından asılı olacaq. Bu gün heç də təsadüfi deyil ki, 1991-ci ildə SSRİ-dən ayrılan Ermənistan Respublikası Ararat Respublikasının davamçısı olmadığını qeyd edib və ondan imtina edib. Çünki onlar çox yaxşı bilirlər ki, əgər Ararat Respublikasının davamçısı olsaydılar, sərhədləri və əraziləri ilə bağlı bir çox suallar ortaya çıxardı. Amma düşünməsinlər ki, indi elə suallar ortaya çıxmır. Əgər Ermənistan özünü belə apararsa, 1920-ci ilin 28 aprelinə qədərki sərhədlər delimitasiya və demarkasiyada əsas mövzu olacaq. Yəni Azərbaycan və Ermənistan sərhədləri heç də bugünkü şərti sərhəd ərazilərindən keçməməlidir. 1920-ci ilin 28 aprel xəritələrinə istinad edilməlidir, sovet işğalına qədər Azərbaycan Xalq Cümhuriyyətinin və Ararat Respublikasının hansı əraziləri var idisə, o ərazilərdə maksimum olaraq erməni tərəfi qalmalıdır”.

Politoloqun sözlərinə görə, Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti, Qarabağdakı separatçıların davamçılarının və Ermənistanın arxasında olan qüvvələrin Bakı və İrəvan arasında əldə edilən çox böyük nailiyyətləri heçə saymaları ona gətirib çıxaracaq ki, Azərbaycan tarixi torpaqları ilə bağlı ciddi qərarlar verəcək:

“Ermənilər 3 il əvvəl Qarabağda çox ciddi məğlubiyyətə uğradısa, bu gün özlərinin saydığı Ermənistan Respublikasının ərazisini şahmat masasına qoymuş olurlar. Böyük şahmat taxtasında bu gedişat heç də ermənilərin xeyrinə başa çatmayacaq”.    

Aytən Novruz
Musavat.com   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR