İnsanlara hürriyət, millətlərə istiqlal!

Süleymani kabusu – İranda generalın posteri yandırılır, xaricdə xatirəsi anılır

2495 11.01.2023 11:09 Yazarlar A A

3 ildir regionda, o cümlədən ölkəmizdə Qasım Süleymani kabusu dolaşır. Elə bir ay, həftə, gün olmur ki, iranlı general barədə nəsə bir söhbət, müzakirə, mübahisə düşməsin. Onun adının ən çox hallandığı ay isə yanvardır, ona görə ki, general bu ay öldürülüb.

Sentyabrdan bəri İranın özündə bu şəxsin yüzlərlə posteri yandırılıb. Etirazçı kütlə ona mollakratiya rejiminin simvollarından biri kimi yanaşır, ona heç də ehtiramla yanaşmadığını göstərir.

Ölkədən kənarda, İran rejiminin qurduğu “yuva”larda isə Qasım Süleymaninin xatirəsinə ehtiram göstərilir, onun adına ehsan verilir, “mənəviyyat gecələri” təşkil edilir.

Bu sırada Azərbaycan və azərbaycanlılar da var. Rusiyada, Gürcüstanda yaşayan soydaşlarımızda qəribə bir “Qasım Süleymani sevgisi” əmələ gəlib. Bəziləri ona görə varidatlarının bir hissəsini fəda etməyə hazırdırlar.

325143245_1682297455556122_8188693297302262369_n.jpg (169 KB)

Bu günlərdə ölkə mediasında dərc olunmuş bir dəvətnamə şəklinə görə, Moskvada yaşayan azərbaycanlılar ötən ilin dekabr ayının 25-də Moskva İslam Mərkəzində Qasım Süleymaninin və Əbu Mehdi əl-Mühəndisinin anım mərasimini təşkil edib, bu şəhərdə yaşayan azərbaycanlıların bir qismini bir araya gətiriblər.

Mərasimi Gəncə şəhərinin sabiq İH başçısı Niyazi Bayramovun qardaşı Nizami Baloğlanovun təşkil etdiyi bildirilir.

Yaxşı, bəs 44 günlük vətən müharibəsində 3 min şəhid verən xalqın oğlu nəyə görə başqa bir dövlətin ordusunun 3-cü bir dövlətdə müharibədə iştirak edən və öldürülən generalının anım mərasimini nəyə görə keçirir?

Anım məraisimi keçirmək, mənəviyyat məclisi təşkil etmək mütləq lazım idisə, 2020-ci ilin oktyabrın 10-u və 17-də Gəncədə dinc əhalinin gecə yatdığı yerdə bombardman edilməsi zamanı həlak olan 25 məsum insanın (aralarında qocalar, qadınlar və uşaqlar da vardı) anım mərasimini keçirmək olardı.

Qasım Süleymani sizin nəyinizdir axı? Sizi onunla nə bağlayır? Adam heç haqq-ədalət uğrunda mübarizə aparan din xadimi, ədəbiyyat adamı, ictimai-siyasi fəal da olmayıb, sadəcə, dövlətinin maraqları naminə xaricdə əməliyyat keçirən hərbi kontingentin rəhbəri olub və nə qədər arxa cəbhədə daldalansa da, düşmən hərbçilər tərəfindən öldürülüb. Vəssalam.

777.jpg (93 KB)

İndi İran dövləti bu generalın personasını ilahiləşdirərək, onun adından, xatirəsindən təbliğat üçün, ölkə vətəndaşlarını konsolidasiya etməkdən ötrü yararlanırsa, bu kampaniyada azərbaycanlıların nə işi var?

Ancaq belə görünür ki, Süleymaninin ölümü İran mollalarına islam inqilabını ixrac etməyi hədəflədiyi ölkənin vətəndaşlarının beynini yumaq üçün də əlverişli əyani təbliğat vasitəsi kimi görünür.

3 ildir ölkəmizdə Süleymani kabusunun dolaşdırılmasının məramı, məqsədi budur.

Bu kampaniyaya generalın həlak olduğu ilk günlərdə, mərhum hələ dəfn edilməmiş başlanmışdı. Sosial şəbəkələr onun şəkilləri ilə, ona rəhmət oxuyanlarla, onu şəhid adlandıranlarla dolub-daşırdı. Ağlaşma-şivən ərşə dayanmışdı. Sonradan bu kampaniya böyük ölçüdə təpki doğurdu deyə, virtual əzadarlıq edənlər bir az özlərinə yığışdılar, gördülər ki, ağ edirlər, Azərbaycana dəxli olmayan birindən ötrü ağlaşırlar.

Sonra adamı necəsə Azərbaycan üçün şirin etməkdən ötrü Süleymaninin İran-Azərbaycan türkü olduğunu iddia etməyə başladılar. Guya ki, o, əslində gizli bir azərbaycanlı vətənpərvərmiş. Ancaq yüngülvari araşdırmadan sonra ortaya çıxdı ki, o, nəinki Azərbaycan türkü deyil, hətta fars olması da şübhəlidir və böyük ehtimalla İranda yaşayan etnik azlıqlardan birinə mənsubdur.

Bununla belə, adı hərbi cinayətlərdə hallanan, Suriyada dinc əhalinin etiraz aksiyasını amansızlıqla yatıran generala İranın və Suriyanın milli qəhrəmanı fəxri adı verilməsi nə qədər təbiidirsə, onun bəziləri tərəfindən Azərbaycanda eyni statusda qəbul edilməsi absurddur. Çünki bu şəxs Azərbaycanın 30 ildən bəri qanayan yarasına heç vaxt nəinki məlhəm olmayıb, hətta arada ermənilərə qahmar çıxaraq, o yaraya duz səpib.

556.jpg (117 KB)

                                     Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndis

Gerçəklik budur. Ona görə də dindarlığı bu və ya digər şəkildə İran dövlətinin siyasi mənfəətinə çalışmaqla səhv salan, bəlkə özləri də bilmədən kəşfiyyat strukturlarının qulbeçəsinə çevrilənlər anlamalıdır ki, Süleymaninin və ya onun müavini əl-Mühəndisin dinə, imana, mənəviyyata dəxli yoxdur. Adamlar öz ölkələrinin əsgəri olublar və başqa bir ölkənin içində gedən vətəndaş müharibəsində düşmən tərəfindən öldürülüblər.

222.jpg (229 KB)

P.S. 2020-ci ilin yanvar ayının 3-də Bağdad aeroportunda ABŞ dronundan atılmış raketlə virilan Süleymaninin cəsədini yalnız barmağındakı yaqut qaşlı üzükdən tanıyıblar. Onun Kirman şəhərində dəfni zamanı düşən basabasda isə 56 nəfər ölüb, 212 adam yaralanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR