İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülalə trioları – Markoslar, Akinolar, Bhuttolar, Qandilər, Kennedilər, Buşlar...

2483 23.06.2022 08:55 Yazarlar A A

O gün beynəlxalq xəbərləri izləyərkən oxuyuram ki, iyunun 30-da Filippində yeni seçilmiş prezident Ferdinand Markos and içərək səlahiyyətlərinin icrasına başlayacaq. Düzü, əvvəl-əvvəl çaşan təhər oldum: Ferdinand Markos çoxdan ölüb axı, necə ola bilər ki, yenidən prezident seçilsin?

Uzun çəkməyən qısaqapanmadan sonra qısa araşdırma və məlum oldu ki, bəli, bu Ferdinand Markos çoxdan tanıdığımız Ferdinand Markosun oğludur və xalqın səsiylə prezident seçilib və vaxtilə atasından qalan kürsüyə oturacaq. Suyuşirin bir adamdır, heç deməzsən, 64 yaşı var. Özü də demokratdır.

Amma onun atası qanlı diktator olub, Filippində 21 il prezidentlik edib, 1986-cı ildə zəhləsini tökdüyü xalqın inqilabi çıxışları nəticəsində ABŞ-ın Havay adalarına qaçıb, orada vətən xiffətindən, eləcə də böyrək çatışmazlığından ölüb.

gen3-cory-aquino_2018-08-01_23-08-04.jpg (37 KB)

Ondan sonrakı prezident Korason xanım Akino xəstə eks-prezident Markosa ölkəyə qayıtmağa icazə verməyib, hətta nəşinin də ölkəyə gətirilməsini yasaqlayıb. Markosun sür-sümüyünü Akinodan sonrakı prezident Fidel Ramosun vaxtında Fillippinə gətiriblər.

Xanım Akino ona görə belə edib ki, həm Markosun tərəfdarlarının, türkün sözü, ayaqlanmasından qorxub, həm də öz tarixi qisasını alıb. Çünki Markos 1983-cü ildə onun ana müxalifət lideri olan əri Beniqno Akinonu öldürtdürübmüş. Bundan əvvəl Beninqo türmədə yatıb, xaricə mühacirət edib, ölkəyə qayıdanda isə yazığı aeroportda öldürüblər. Amma onun dul qalmış xanımı Akino bu qanı yerdə qoymayıb, 3 ildən sonra Markosu aşırıb, xaricdə ölməyə vadar edib.

akino.JPG (72 KB)

İndi siz fikir verin, Korason Akino prezidentliyə əsas namizəd olmuş (öldürməsələr, məhz o prezident seçiləcəkdi) partiya sədri Beniqno Akinonun arvadıdır. Beniqno Akino (oğul) 1943-44-cü illərdə Filippin parlamentinin sədri olmuş Beniqno (ata) Akinonun oğludur. 2010-2016-cı ildə Filippinin prezidenti olan 3-cü Beniqno Akino isə 1-ci Beniqnonun nəvəsi, 2-ci Beniqnonun və eks-prezident Korason Akinonun oğludur. Demək, bir ailədən iki prezident, 1 parlament spikeri və 1 ana müxalifət partiyasının sədri çıxıb.

markoslar.JPG (59 KB)

Markosgil də siyasətçilər sülaləsidir. Eks-prezident Ferdinand Markosun atası Mariano Markos vaxtilə Davao əyalətinin qubernatoru olub. 8 gündən sonra prezident olası Bonqbonq (onun aralıq adı belədir) qubernator nəvəsi, prezident oğludur. Hələ onun 93 yaşlı anası İmelda Markos da vaxtilə deputat və nazir olub.

Hazırkı prezident Rodriqo Düterte də gedərayaq siyasətdə öz sülaləsini oluşdurb, qızı Sara ölkənin vitse-prezidenti olacaq. Gələn seçkilərdə yəqin ki, Sara Düterte prezident seçiləcək və eks-prezident Fidel Ramosun qızı Kristina vitse-prezident olacaq.

kimmm.JPG (53 KB)

Bildiyiniz kimi, dünyada siyasətçi sülalələri çoxdur. Şimali Koreyada baba-oğul-nəvə Kimləri bilirsiniz. İntəhası, onlar seçki-filan keçirib başlarını ağrıtmırlar. Ehtiyac yoxdur. Şimali Koreya respublikası binnət olandan hakimiyyətdə özləridir.

buşlr.JPG (55 KB)

ABŞ-da Buşlardan da xəbəriniz var – əvvəlcə ata Buş prezident olub, sonra oğul Buş prezident seçilib, qardaş Buş isə Floridada qubernator işləyib.

kennedi.JPG (72 KB)

Amma Kennedilərin bəxti gətirməyib. Ata Kennedi İngiltərədə səfir olub, oğul Kennedi (Con) prezident seçillsə də, öldürülüb, o biri oğul Kennedi (Robert) baş prokuror olub, sonra prezidentliyə namizdəliyini irəli sürərkən (seçiləcəkmiş) qətlə yetirilib, kiçik oğul Kennedi (Edvard) isə görüb ki, prezident kreslosu bu ailəyə düşmür, ona görə də o, başının salamatlığını fikirləşib, eləcə həmişə senator qalıb.

qandi.JPG (65 KB)

Hindistanda baş nazir postunda baba-qız-nəvə (Cəvahirləl Nehru – İndira Qandi – Raciv Qandi) triosu olduğu kimi, Pakistanda da bir ailədən olan Şah Nəvaz Bhutto, Zülfüqar Əli Bhutto, Benəzir Bhutto və Asif əl-Zərdari ayrı-ayrı vaxtlarda ölkəyə rəhbərlik ediblər.

bhutt.JPG (63 KB)

Görünür, belə olmalıdır: fironun oğlu firon, lordun oğlu lord, rəisin oğlu rəis, çilingərin oğlu çilingər, jurnalistin oğlu da jurnalist. Alın yazısıdır, nədir?

Bəzi ölkələrdə devrilən hökmdarların nəslinin kəsilməsinin əsas fəlsəfəsi də budur. Ona görə elə edirlər ki, onlardan təzə hökmdar cücərməsin. Məsələn, İraqda Səddam Hüseynin nəslində başıpapaqlı qoymadılar. Liviyada isə Müəmmər Qəzzafinin oğullarına dəymədilər. İndi biri toparlanıb hakimiyyətə gəlmək istəyir. Gələcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR