İnsanlara hürriyət, millətlərə istiqlal!

Suda batana necə kömək etməli ki, özün batmayasan? - “qızıl” qaydalar

1387 18.08.2023 08:13 Gündəm A A

Xilasedici: “Suda boğulan reflektor olaraq, suda qalmaq naminə hətta öz yaxınını belə suyun altına çəkə bilir”

Xəbər verildiyi kimi, iki gün öncə Kür çayında ana və iki gənc övladı batıb. Dəhşətli hadisə 15 yaşlı Akşin Kərimov Kürdə çimən zaman baş verib.

Belə ki, ailənin kiçik övladı Akşin çayda çimərkən qəflətən batmağa başlayıb. Bu zaman Akşinin anası Günay Kərimova oğlunu xilas etmək üçün özünü çaya atıb. Anası və qardaşının boğulduğunu görən Nurlan Kərimov da onları xilas etmək üçün çaya girib. Ancaq hər üç şəxs çayda boğulub. Daha sonra ailə başçısı Elbrus Kərimov ailəsini xilas etməyə cəhd edib. Bu zaman boğulduğunu görən Elbrus Kərimov son anda xilas olaraq çaydan çıxa bilib.

Kürün Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində anası və qardaşı ilə birgə batan Nurlan Elbrus oğlu Kərimovun 20 yaşı var imiş. Onun Ruslan və Aqşin adlı qardaşları var. Kürdə batanlardan biri də onun özündən 5 yaş kiçik qardaşı Akşin Elbrus oğlu Kərimovdur. Anaları Günay Valeh qızı Kərimovanın 38 yaşı olub.

Bu faciə bir daha suda boğulmaqda olan insana düzgün necə kömək etmək məsələsini gündəmə gətirir. Bəs suda batanı necə xilas etməli ki, özün də batmayasan? “Qızıl” qaydalar hansılardır?

Mövzu ilə bağlı FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili “Yeni Müsavat”a danışıb: “Biz hər zaman vətəndaşlara müraciət edirik ki, gedəcəkləri çimərlik haqqında məlumatlı olsunlar. Əgər çimərlikdə xilasedici yoxdursa, xilasedici texniki vasitələri mövcud deyilsə, bu həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyi deməkdir və bu ərazilərdən çimərlik kimi istifadə etmək olduqca təhlükəlidir.

Suda boğulan adamı necə xilas etməli… | DƏNİZ XƏBƏR

Nəzarət olunmayan çimərliklərdə, həmçinin çimərlik kimi istifadəsi nəzərdə tutulmayan su kanalları, arxlar, süni güllər su anbarları su hövzələri mürəkkəb sualtı relyefə sürətli axına, qeyri-müəyyən dərinliyə və digər təhlükəli xüsusiyyətə malik olması bu ərazinin təhlükəli olduğunu bildirir. Hətta bu ərazilərdə hər hansı hadisə baş verdikdə məhz bu təhlükələr səbəbindən  axtarış xilasetmə işlərini  də aparmaq çətinlik törədir. Nəzarət olunan ərazilərdə, harada ki, xilasedicilər var, bu təhlükələr əvvəlcədən öyrənilir, ora xüsusi nişanlar qoyulur. Amma nəzarət olunmayan ərazilərdə sözsüz ki, bu təhlükələr var.

O ki qaldı suda boğulan şəxsə kömək etməyə, bəzən eşidirik ki, 2-3 nəfər birdən boğulur. Əslində burada boğulan bir nəfər olur, digərləri ona kömək etmək istəyəndə xilasetmə üsullarını bilmədikləri üçün onlar da boğulurlar. Belə ki, suda boğulan şəxsdə də hər zaman belə refleks olur ki, o, suda qalmaq naminə hətta öz yaxınını belə suyun altına çəkə bilir. Bu baxımdan da xilas olunan şəxsə yardım göstərmək üçün heç bir halda onunla üz təmasına  girmək olmaz. Suda boğulan şəxsə arxa hissədən yaxınlaşaraq qolumuzu onun qoltuq altı hissəsinə keçirərək, boynundan tutub, arxası üstə üzüb, sahilə çıxartmaq lazımdır. Və yaxud saçından tutaraq sahilə doğru çıxartmağa çalışmalıyıq. Bu xilasetmə əməliyyatı ilə yanaşı mütləq qaydada tez bir zamanda 112 telefon qaynar xəttinə məlumat verilməlidir".

Mütəxəssislər qeyd edir ki, boğulan şəxsi sudan qayığa və ya sahilə çıxardıqdan sonra onun uzərindəki, tənəffüsünə mane olan paltarlardan azad etmək lazımdır. Həmin şəxsi sahilə çıxardıqdan sonra onun vəziyyətindən asılı olaraq ilk yardım göstərilməlidir. Əgər zərərçəkmişin huşu özündədirsə, tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu başı aşağıya meylli olmaq şərti ilə arxası üstə quru, sərt matras üzərində uzatmaq, quru dəsmal və ya əllə ovxalamaq lazımdır. Zərərçəkmişə isti içkilər (çay, kofe) verib yorğanla üstünü örtmək lazımdır.

Əgər zərərçəkmiş sudan çıxarıldıqdan sonra huşsuz vəziyyətdə nəbz və tənəffüsü qənaətbəxşdirsə, bu zaman onu başı aşağıya meylli olmaq şərti ilə uzatmaq, başını arxaya qatlayıb alt çənəsini irəliyə çəkmək lazımdır. Bundan sonra barmağınızla (yaxşı olar ki, cib dəsmalını dolayıb) ağız boşluğunu qusuntu kütlələri, lildən təmizləyin və zərərçəkmişi qurulayıb isidin.

Bir gündə dənizdə 5 adam batdı - Xəzəri “əjdaha” edən səbəblər...

Aqşin Əlili

Əgər zərərçəkmişin huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa, tənəffüs yolları təmizləndikdən sonra ona suni tənəffüs verilməli, ürəyin qapalı masajı aparılmalıdır. Əlavə olaraq, mümkün olduqda, cəld tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Bu məqsədlə yardım göstərən ayağını dizdən bükərək zərərçəkmişi qarni, döş sümüyünün aşağı kənarı ayağının üzərinə düşmək şərti ilə üzü üstə budunun üzərinə qoyub bir əli ilə kürək nahiyəsindən döş qəfəsini sıxmalıdır. Digər əli ilə alnından tutub başını azacıq qaldırmalıdır.

Bu əməliyyat süni tənəffüsün verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir. Son zamanlar süni tənəffüsün verilməsində kontakt üsuldan daha çox istifadə edilir. Bu zaman yardım göstərən şəxs öz tənəffüs ritminə uyğun olaraq ağciyərlərindən xaric olan havanı zərərçəkmişin ağzına (ağızdan-ağıza) üfürür. Zərərçəkmişin nəfəsvermə aktı xilasedicinin nəfəsvermə aktı fazasında, passiv olaraq ağciyərlərin elastikliyi hesabına baş verir. Bu üsulun effektivliyi bundan ibarətdir ki, nəfəs verən insanın üfürdüyü havanın tərkibindəki karbon qazı qana sorulur (təqribən 4-5%). Karbon qazı isə  beynin tənəffüs mərkəzinin spesifik qıcıqlandırıcısı olduğu üçün onun fəaliyyətini aktivləşdirir. Hazırlıq tədbirləri maksimal olaraq tez həyata keçirilməlidir. Bu zaman ehtiyatlı olmaq lazımdır. Belə ki, kobud davranış zərərçəkmişin zəifləmiş ürək fəaliyyətinin dayanmasına səbəb ola bilər.

Əgər zərərçəkmişin üzündə kəskin avazıma müşahidə olunursa, ağız boşluğunda və burun deşiklərində su və ya köpük yoxdursa (bəyaz asfiksiya) bu zaman ağız boşluğunu təmizləmək və suyu xaric etməyə ehtiyac yoxdur. Dərhal zərərçəkmişin başını arxaya qatlayıb ona ürəyin qapalı masajını həyata keçirməklə süni tənəffüs verin.

“Ağızdan-ağıza” süni tənəffüs vermək üçün zərərçəkmişi arxası üzərində uzadın. Kürəklərinin altına 15 sm hündürlükdə paltarlardan ibarət döşəkcə və ya  digər əşyalar qoyun. Zərərçəkmişin başını maksimal olaraq arxaya qatlayın ki, hava sərbəst surətdə traxeyaya keçə bilsin. Zərərçəkmişin yan tərəfində durun. Bir əlinizlə burnunu sıxın, digər əlinizlə çənəsindən yüngül sıxmaqla ağzını açın. Sonra  onun  ağzına bint, cuna, burun dəsmalı  örtün. Dərindən nəfəs alın, dodaqlarınızı zərərçəkmişin ağzına kip sıxıb cəhdlə nəfəs verin. Zərərçəkmişin ağciyərləri kifayət qədər genişləndikdə üfürmə dayandırılır, bundan sonra passiv nəfəsvermə baş verir. Ağciyərlərin süni ventilyasiyası, ağciyərlərin tədricən tam dolmasını təmin edən rejimlə aparılır. Zərərçəkmişin ürək fəaliyyəti bərpa olunduqdan sonra onun müalicə müəssisəsinə təxliyə edilməsi daha məqsədəuyğun olardı. Təxliyə zamanı zərərçəkmiş xərəkdə böyrü üstə başının altı alçaq olmaq şərti ilə uzadılmalıdır. Bütün zərərçəkmişlər hospitalizə olunmalıdır. Çünki sonradan  ikincili boğulma adlanan kəskin tənəffüs çatışmazlığı, döş qəfəsində ağrı, təngnəfəslik, öskürək, boğulma hissi, oyanıqlıq, nəbzin tezləşməsi ilə təzahür edən ağırlaşma inkişaf edə bilər.

Düzgün davranış, cəld reaksiyanız bu cür hadisələr zamanı sizin çətin vəziyyətlərdən asanlıqla çıxmağınıza, özünüzə və ətrafdakı insanlara vaxtında və lazımi yardim gostərməyinizə imkan verəcək.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR