İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sübhaninin açıqlamaları sayıqlamadan başqa bir şey deyil” - ŞƏRH

987 13.07.2024 16:31 Siyasət A A

“Mehdi Sübhaninin özünü bir səfir kimi deyil, ermənilərin hüquqlarının müdafiəçisi kimi aparması ilk belə hal deyil. O, bundan əvvəl də dəfələrlə öz bəyanatlarında “Qarabağ ermənilərinin ərazilərimizdən zorla çıxarılması” ilə bağlı, Zəngəzur dəhlizinin açılması əleyhinə bəyanatlarla çıxış edib”.

Bu barədə politoloq Yusif Bağırzadə İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin “Azadlıq” radiosuna müsahibəsində “Qarabağ erməniləri özlərini təhlükəsiz hiss etmədikləri səbəbindən evlərini tərk ediblər, ümid edirik ki, Qarabağ sakinləri evlərini tərk etmək məcburiyyətində qaldıqları kimi, onların könüllü olaraq öz evlərinə qayıtmaları üçün şərait yaradılacaq” fikirlərinə münasibət bildirərkən qeyd edib.

YUSİF.jpg (286 KB)

Musavat.com-a danışan politoloq deyib ki, azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışının təmin olunması, onların mülkiyyət hüququnun tanınması ilə bağlı bir dəfə də olsun mövqe ortaya qoymayan Sübhani sırf erməni havadarlarının sərgilədiyi mövqeni təkrarlayaraq ermənilərin ərazilərimizdən zorla çıxarılması ilə bağlı rəy formalaşdırmağa çalışır:

“Hətta utanmadan Qarabağdan köç etmiş ermənilərlə şəxsən görüşdüyünü də əlavə edərək bu mövqeni möhkəmləndirməyə cəhd edir. Hər kəs bilir ki, ermənilərin ərazilərimizdən çıxması BMT-nin xüsusi missiyasının müşayiəti əsasında baş verib və onlar da öz açıqlamalarında ermənilərin köçməsi üçün hər hansı bir təzyiq edilmədiyini bəyan ediblər. O da hər kəsə məlumdur ki, Azərbaycan olaraq biz uzun müddətdir ki, ermənilərin qayıdışının təmin olunması üçün hətta xüsusi portal da yaratmışıq və ermənilər Azərbaycan vətəndaşlığını təsdiq etməklə həmin portaldan keçərək Qarabağ ərazisində yaşamaq üçün müvafiq müraciət də ünvanlaya bilərlər. Bu şəxslərin müvafiq olaraq müraciət etməməsi isə əslində bir daha onların öz istəkləri ilə Qarabağdan çıxdığını təsdiqləyir. Odur ki, Sübhaninin açıqlamaları sayıqlamadan başqa bir şey deyil”.

Y.Bağırzadənin fikrincə, əsas məsələ odur ki, səfirin bu açıqlaması ilə bağlı rəsmi Tehran susqunluq nümayiş etdirməsin:

“Əgər İran həqiqətən də Azərbaycanla münasibətlərin yaxşılaşması və inkişaf etdirilməsində maraqlıdırsa, əgər həqiqətən də ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşırsa, o zaman ən yüksək səviyyədə səfirin açıqlamalarına münasibət bildirməlidir. Əks halda bu, İranın ölkəmizin daxili işlərinə qarışması kimi qiymətləndirilə bilər”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR