İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalinqradın “böyük” qurbanları – alman feldmarşal Hitlerin, sovet generalı isə Beriyanın hədəfinə çevrilib

3445 10.07.2022 11:41 Yaxın tarix A A

31 yanvar 1943-cü il səhər saatlarında, bir sutka öncə feldmarşal rütbəsi alan Vermaxtın 6-cı ordusunun komandanı Fridrix Paulyus tam mühasirəyə düşdüyünü nəzərə alaraq adyutantına göstəriş verib ki, təslim olduğunu sovet komandanlağına çatdırsın. Məlumatı alan Stalinqrad cəbhəsinin komandanlığı feldmarşalı əsir götürməyi 38-ci motoatıcı briqadanın hərbçilərinə həvalə edib. Başda leytenant İliçenko olmaqla bir qrup döyüşçü Paulyusun Stalinqradın mərkəzi univermağında yerləşən qərargaha yaxınlaşıb. Almanlar bu heyətlə danışmaqdan imtina ediblər və bildiriblər ki, feldmarşalı yalnız cəbhə komandanı, ən aşağısı isə general rütbəli zabit əsir götürə bilər. Bu “şərt”dən sonra feldmarşalın əsir götürülməsi 64-cü ordunun qərargah rəisi, general İvan Laskinə həvalə edilib. Gözlənilən təhlükələrə baxmayaraq bu şərəfli missiyanı Laskin böyük məmnuniyyətlə icra edib. General öz memuarlarında həmin anları belə xatırlayıb:

“Paulyus “Barbarossa” planının müəlliflərin biri idi. Almaniya ordusunun ən nüfuzlu simalarından biri sayılırdı. Stalinqrad cəbhəsində onun komandan olduğu 6-cı ordu Vermaxtın əsas qüvvəsi idi. Feldmarşal rütbəsini isə o, bir gün əvvəl, yanvarın 30-da almışdı. Paulyus hərbi vəziyyəti real qiymətləndirməyi bacaran hərbçi idi. O, məhz çıxış yolu qalmadığını anlayaraq təslim olmağa qərar vermişdi. Amma biz bu “səmimiyyətə” çox da inanmırdıq. Onu əsir götürəcəyimiz zaman hər hansı bir diversiyanın, partlayışın, insidentin olacağını real qəbul edirdik. Ancaq buna baxmayaraq mən bir neçə silahlı zabitlə 6-cı ordunun qərargahına yollandım. Qərargah bir hissəsi dağılmış mərkəzi univermağın binasında yerləşirdi. Yuxarı qalxıb kabinetin qapısını açdım. Feldmarşal şineldə, əlləri arxada otaqda var-gəl edirdi. Həmişə qürurlu görünən Paulyusun üzündə dərin bir kədər var idi. Özümü ona təqdim etdim. O, daha bir neçə saniyə otaqda var-gəl etdikdən sonra gəlib qarşımda dayandı, əsl hərbçilərə məxsus və rus dilində mənə məruzə etdi:

  • Almaniya ordusunun feldmarşalı Fridrix Paulyus sovet ordusuna təslim olur.

Görüş insidentsiz bitdi. Biz feldmarşalı sovet qoşunlarının 64-cü ordusunun qərargahına apardıq...”

Səhəri gün bütün qəzetlərin manşetlərində alman feldmarşalı ilə sovet generalının şəkilləri tirajlanıb. Bu hadisə general Laskinin orduda nüfuzunu daha da artırıb, onun şəxsi işinə Stalinin imzası ilə növbəti təşəkkür yazılıb.

General-leytenant Laskinin şərəfli döyüş yolları, günü-gündən artan nüfuzu uzun sürməyib. Feldmarşalı həbs edən generalı elə həmin il, 1943-cü ilin dekabrında həbs ediblər.

Maraqlıdır, Stalinin və ali hərbi komandanlığın yaxşı tanıdığı Laskin hansı səbəbdən həbs edilib, general kimin güdazına gedib?

Laskin casusluqda, vətənə xəyanətdə, almanlara diversiya işlərinə kömək etməkdə ittiham edilib. Sözsüz ki, bütün bunlara görə də onu ən ağır cəza, güllələnmə gözləyib. Maraqlı məqamlardan biri odur ki, Laskinin istintaqı nə az, nə çox, düz 9 il çəkib. Bütün işgəncələrə, üzə durmalara baxmayaraq generalın ittiham olunduğu maddələri sübuta yetirmək mümkün olmayıb. Bu da bir faktdır ki, mövcud dövrdə sübutsuz-dəlilsiz güllələnənlərin sayı çox olub.

Araşdırmaçıların qənaətinə görə Laskini ona görə güllələməyiblər ki, Stalin bu məsələyə müdaxilə edib. 1944-cü ilin fevral ayında Müdafiə Komissarlığında (nazirliyində) keçirilən müşavirədə Stalin öz çıxışında bu məsələyə toxunub. Həmin çıxışın stenoqramında  Stalinin fikirləri aşağıdakı kimi öz əksini tapıb:

“Yoldaş Abakumov ( müdafiə komissarının müavini, “SMERŞ”-in rəhbəri), general-leytenant İvan Laskinin məsələsi dəqiq araşdırılmalıdır. Bu işdə qətiyyən yanlışlığa yol vermək olmaz. Bir daha təkrar edirəm, qətiyyən. O, həbsdən mənə bir neçə məktub ünvanlayıb. Düşünürəm ki, bu işdə araşdırmalı məsələlər çoxdur. Bunu diqqətinizdə saxlayın...”

Təbii ki, Stalinin bu xəbərdarlığından sonra Laskini sübutsuz-dəlilsiz güllələməyə heç kimin cürəti çatmayıb.

Laskinin həbsində əsas fakt onun 1941-ci ildə almanlara əsir düşməsi götürülüb. Belə ki, 25 avqust 1941-ci ildə hələ polkovnik rütbəsində olanda və diviziya komandiri vəzifəsini icra edəndə Laskin Ukrayna cəbhəsində, Dnepr sahilində iki nəfər zabitlə almanlara əsir düşüb. Almanlar onu bir neçə saat sorğu-suala tutublar. Əsirləri yük maşınında düşərgəyə aparanda hər üçü qaçmağa nail olub. Laskinin adı əsirlərin qeydiyyatı siyahısına da düşməyib. İstintaq zamanı bu fakt daha çox qabardılıb və bu fakt Laskinin almanlarla əməkdaşlığı kimi qiymətləndirilib.

Digər bir versiyaya görə isə Laskinin həbsini Şimali Qafqaz cəbhəsi xüsusi idarəsinin rəisi general Mixail Belkin təşkil edib. Cəbhələrdəki xüsusi idarələr “NKVD”-nin tabeliyində olub. Bununla bərabər Belkinlə Beriyanın arasında yaxın münasibətlər hökm sürüb. Laskinlə Belkinin arasında xidməti münasibətlərdə  tez-tez gərginlik yaranıb. Laskin Belkinə  komandanı olduğu ordunun işlərinə müdaxiləyə imkan verməyib. Generallar arasında gərginlik yaradan bir hadisə isə “Lenin” ordeni almaq üçün Moskvaya göndərilən siyahıdan Belkinin adının çıxarılması, əvəzində isə Laskinin adının yazılması “NKVD” generalının qəzəbinə səbəb olub və o, Laskin haqqında Moskvaya doğru olmayan məlumatlar göndərib.

Beləliklə, Lefertovo da saxlandığı 9 il ərzində Laskini vətən xain edə bilməyiblər. Amma bu uzun müddətdən sonra onu günahsız şəxs kimi azadlığa buraxmaq da mümkün olmayıb. Çünki belə olan halda müvafiq qurumların, istintaqı aparanların özlərini cəza gözləyib. 1952-ci ildə generalın məsələsi Beriyanın kabinetində müzakirə olunub. Beriya ən optimal varinatı təklif edib:

  • Bu müddətdən sonra onu günahsız adam kimi buraxsaq, birinci (Stalini nəzərdə tutub) bizim özümüzü günahkar edəcək. Vəzifədən sui-istifadə maddəsi ilə işlərini məhkəməyə verin.

Laskinin istintaqını yekunlaşdırıb 193-cü maddə ilə (vəzifə səlahiyyətlərini aşma) məhkəməyə göndəriblər. Məhkəmə generalı 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bir gündən sonra isə cəzasının əsas hissənin istintaq dövründə çəkdiyinə görə şərti azadlığa buraxıblar.

Azadlığa çıxdıqdan sonra Laskin Tbilisidə məskunlaşan ailəsinin yanına gedib. Bu şəhərdə ayaqqabı fabrikində işə düzəlib. Amma bəraət alması üçün də, o, hərəkətsiz qalmayıb. Uzun-uzadı yazışmalardan sonra 29 may 1953 ildə Laskin tam bəraət alıb. Onun general rütbələrini yenidən qaytarıblar, partiya sıralarına yenidən bərpa olunub və silahlı qüvvələrdə xidmətini davam etdirib. O, bir müddət Ural Hərbi Dairəsində qərargah rəisi, daha sonra Baş Qərargah yanında Ali Hərbi Akademiyada baş müəllim vəzifəsində xidmət edib. Laskin 1965-ci ildə səhhətinə görə istefaya çıxıb. Ömrünün son illərində memuarlarını yazan general 1988-ci ildə, 86 yaşında vəfat edib. Laskin yaşadığı Minsk şəhərində dəfn edilib.

Qeyd edək ki, feldmarşal Paulyus Hitlerin qurbanına çevrilib. Belə ki, fürer feldmarşalla sonuncu danışığında əmr edib ki, sona qədər mübarizə aparmalısınız. Əslində, Paulyus vaxtında Stalinqradı tərk edə bilərdi. Elə general Laskin isə özününkülərinin güdazına gedib, Beriyanın belə qurbanları heç də az olmayıb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR