İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalinin təriflədiyi şair – NKVD ilə əməkdaşlıq etməyən Kedrini sürət qatarından itələyiblər

2223 05.07.2022 13:07 Yaxın tarix A A

Sovet dövründə gənc yaşlarında ədəbiyyat ulduzuna çevrilmək hər yazıçıya, şairə nəsib olmayıb. Bu məsələdə siyasi rəhbərlərin rəyi vacib amillərdən biri olub. Birincilərin “xeyir-dua”sı olmadan, kommunist ideologiyasının xəttini tutmadan ulduz iddiasına düşmək yaradıcılığını mənasız yerə küləyə sovurmağa bərabər sayılıb. Bir çox istedadlı yazarlar bu yazılmamış qanunların içində özlərini realizə edə bilməyiblər. Bu baxımdan Dmitri Kedrinin bəxti gətirib.

1932-ci ildə Kedrinin mərkəzi qəzetlərdə “Kukla” şeiri dərc olunanda bu poeziya nümunəsinə İosif Stalin müsbət reaksiya verib və şeirlə bağlı təəssüratlarını Maksim Qorki ilə bölüşüb. Sovet liderinin xoş təəssüratlarından sonra Maksim Qorki Kedrini qəbuluna çağırıb və onu təbrik edib:

- Dima (Qorki Kedrinə belə müraciət edib), artıq uğur qapıları sənin üzünə açıqdır. Əsərlərini çapa hazırla, oxucularla görüşlər təşkil et. Yoldaş Stalin sənin haqqında yüksək fikirdədir.

Əlbəttə, yəqin ki, başqa birisi olsaydı, bu şansa görə sevincinin həddi-hüdudu olmazdı. Kedrin isə həmişə olduğu kimi, kədərli baxışlarla Qorkini süzüb, başını tərpətməklə onu dediklərini təsdiqləyib və Qorkinin kabinetini tərk edib. Sözsüz ki, Kedrinin bu önəmli hadisəyə bu cür laqeyd və biganə yanaşması Maksim Qorkinin diqqətindən yayınmayıb.

kedrin_dmitriy_borisovich.jpg (34 KB)

Maraqlıdır, Kedrin hakimiyyətin ona verdiyi güzəşt və imtiyazlara hansı səbəbdən bu cür soyuq yanaşıb, siyasilərdən incikliyə səbəb nə olub?

Əslində, Kedrin mövcud dövrün xoşagəlməz siyasi oyunlarında onu oyuncağa çevirmək istədiklərini yaxşı dərk edib. Şair onu da yaxşı bilib ki, bu oyunlarda onun yaradıcılığını dar çərçivəyə salacaqlar, bu çərçivədən nə vaxtsa çıxdıqda, yaxud da çıxmağa cəhd edəndə onu məhv edəcəklər. O, arıq bir neçə belə hadisənin şahidi olub və düşündüklərində yanılmayıb...

Dmitri Kedrin 1907-ci ildə Donetskin Berestovo-Boqoduxov qəsəbəsində anadan olub. Altı yaşı olanda ailə Yekaterinoslova (sonralar Dnepropetrovsk) köçüb. Doqquz yaşında o, kommersiya məktəbinə qəbul olunub. Ancaq Kedrin bu məktəbi bitirməyib. Buna birinci səbəb tədrisin zəif olması, ikinci səbəb isə Kedrinin görmə qabiliyyətindəki problem olub. Kedrin bir neçə il ev təhsili alıb, boş vaxtlarını mütaliəyə sərf edib.

İnqilabdan sonra Kedrin dəmiryolu texnikumuna qəbul olunub. Görmə qabiliyyətinin zəifliyinə görə o, bu təhsil ocağını da yarımçıq qoyub.

kedrin13.jpg (71 KB)

Kedrin uşaqlıq illərindən ədəbiyyata hədsiz maraq göstərib, elə bu maraq da onu Dnepropetrovskda fəaliyyət göstərən “Gənc yazarlar” ədəbiyyat birliyinin işinə cəlb edib. O, eyni zamanda yerli qəzetlərdə müxbir kimi də fəaliyyət göstərib, şeirləri, oçerk və felyetonları mütəmadi olaraq çap olunub.
1925-ci ildə Kedrin ilk dəfə Moskvaya gedib, “Komsomolskaya pravda” qəzetinin, “Projektor” və “Molodaya qvardiya” jurnallarının redaksiyalarında olub, bu mətbu orqanlarla əməkdaşlığa başlayıb. Kedrinin yaradıcılığı moskvalı redaktorların diqqətini cəlb edib.

Dövrün ağır ictimai-siyasi mühiti Kedrinin də həyatında qara izlər buraxıb. 1929-cu ildə o, həbs edilib. Kedrinin dostlarından birinin atası Denikinin generallarından olub. Bu faktı “gizlətdiyinə” görə Kedrin 15 ay həbsxana həyatı yaşayıb. Bu hadisə Kedrində sovet hökumətinə qarşı xoşagəlməz hisslər yaradıb.
1931-ci ildə Kedrin ailə həyatı quraraq Moskvaya köçüb. O, “Metrovaqonmaş” zavodunun qəzetində işləyib, eyni zamanda “Molodaya qvardiya” və dövlət nəşriyyatları ilə əməkdaşlıq edib. Ailə Taqanka da heç bir şəraiti olmayan zirzəmidə yaşayıb. Onun Yazıçılar İttifaqında və digər müvafiq qurumlara mənzillə bağlı dəfələrlə müraciəti isə heç bir nəticə verməyib.

Kedrinin qızı olanda ailə Moskva ətrafındakı Çerkizovo qəsəbəsinə köçüb.

5-12-905x679.jpg (81 KB)

1934-cü ildə Kedrini başının üstünü yenidən qara buludlar alıb. “NKVD” əməkdaşları onun yaradıcılığında antosovet elementlərini üzə çıxarıblar. Həqiqətən də Kedrin Leninə, Kommunist Partiyasına şeirlər həsr etsə də, onun bir çox poeziya nümunələrində sovet cəmiyyətini tənqid edən sətiraltı mənalar olub. Ona qarşı təqiblər və təyziqlər günü-gündən artıb. Kedrin Maksim Qorkiyə müraciət etdikdən sonra da bu hədə-qorxular səngiməyib. 1941-ci ildə yüksək ranqlı “NKVD” əməkdaşlarından biri onunla açıq danışıb:

- Siz antisovet fəaliyyətinə görə bir dəfə həbs edilmisiniz. Odur ki, sizin ikinci dəfə həbs olunmağınız olduqca asan bir prosedurdur. Amma çıxış yolu var. Yalnız xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyiniz sizi dəmir barmaqlıqlar arasında xilas edə bilər.

Kedrin “NKVD” rəsmisinə sakit səslə, amma sərt cavab verib:

- Mən o qədər şərəfsiz deyiləm...

82_big.jpg (188 KB)

Kedrin onu gözləyəcək aqibəti yaxşı anlayıb. Hadisələrdən uzaq düşmək üçün o, 1941-ci ildə hərbi komissarlığa müraciət edərək könüllü olaraq müharibəyə göndərilməsini xahiş edib. Görmə qabiliyyətinə görə Kedrini orduya qəbul etməyiblər. Nəhayət, iki il yazışmalardan sonra Kedrin çəbhəyə getməyə nail olub. O, 6-cı aviasiya ordusunun “Vətən şahinləri” qəzetində hərbi müxbir kimi xidmətə başlayıb. Müharibə illərində Kedrinin cəbhə yazıları mərkəzi mətbuatda da dərc olunub. Nümunəvi xidmətinə görə o, bir neçə dəfə medallarla təltif edilib.

Müharibədən sonra Moskvada yenidən öz işinə qayıdan Kedrin yenə də təzyiqlərlə üzləşib. Artıq nəşriyyatlar da onun yazılarını qəbul etməyib. Bu tapşırığın haradan gəldiyini Kedrin yaxşı bilib.
1945-ci ildə Kedrin bir qrup yazıçı ilə Moldoviyaya ezamiyyətə gedəndə yolüstü stansiyaların birində qatardan düşərkən onu qatar relslərinin altına itələyiblər. Yoldaşlarının sayəsində xilas olan Kedrin bu təhlükənin beriyaçılar tərəfindən gəldiyini yaxşı bilib. Ezamiyyətdən qayıdan kimi o, həyat yoldaşına bu hadisəni danışıb, bildirib ki, böyük təhlükələrlə üz-üzədir. Həyat yoldaşı Kedrinə məsləhət görüb ki, Maksim Qorkinin köməyi ilə Stalinin qəbuluna düşsün. Bu təklif Kedrinin ağlına batıb, düşünüb ki, yaxın günlərdə Qorkinin yanına getsin. Amma həmin yaxın günlər Kedrin üçün yetişməyib. 3 gün sonra, 18 sentyabr 1945-ci ildə Kedrin evdən çıxıb və bir daha geri qayıtmayıb.

kedrin11.jpg (76 KB)

Həmin gün Kedrin nəşriyyatdan qonorar alıb, iş gününün sonunda həmkarı Mixail Zenkeviçlə kiçik bir kafedə şam ediblər. Bir-iki saat kafedə əyləşdikdən sonra Kedrin tələsdiyini, həyat yoldaşına dərman alacağını bildirərək kafeni tərk edib. Adətinə uyğun olaraq həmin gün də o, Moskvadan Çerkizovoya elektrik qatarı ilə gedib. Mənzil başına az qalmış Kedrini vaqonun qapısını açaraq çölə “itələyiblər”.
Həyat yoldaşı gecə yarıyadək onu gözləyib. Nəhayət, o, əli çatan yerlərə ərinin evə gəlmədiyi haqqında məlumat verib. Ancaq bu məlumatlara ciddi reaksiya verən tapılmayıb. Səhərisi gün, sentyabrın 19-da həmkarları işə müdaxilə ediblər. Kedrinin meyiti Puşkino stansiyasının yaxınlığındakı zibilxanadan tapılıb. Onun üz hissəində ağır zərbə yerləri olub. Daha bir gün sonra isə Kedrinin sənədlərini onun Çerkizovoda yaşdığı evin həyətinə atıblar. Bütün aşkar olunanlardan məlum olub ki, Kedrin qatardan özü yıxılmayıb. O da aydın olub ki, onu qatardan itələdikdən sonra işgəncə verərək öldürüblər, daha sonra isə təxminən 700-800 metr aralıqdakı zibilxanaya atıblar. Bunları Kedrinin həyat yoldaşı müvafiq qurumlara başa salmaq istəsə də, o, heç nəyə nail olmayıb. Rəsmi olaraq Kedrinin bədbəxt hadisədən öldüyü qeyd edilib. Çox-çox sonralar, 1970-ci illərdə Kedrinlə birgə işləyənlərdən bir qrupu mətbuatda çıxış edərək tanınımış şairin ölümünə aydınlq gətiriblər və məqalə bu sözlərlə bitib: “Kedrini beriyaçılar öldürdü...”

Beləliklə, 38 yaşlı şair, tərcüməçi, jurnalist Dmitri Kedrin Stalin rejiminin növbəti qurbanlarından birinə şevrilib.

Dmitri Kedrin Moskvada, Lefertovo rayonundakı Vveden qəbirstanlığında dəfn edilib.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR