İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalinin dövründə gecəylə yoxa çıxardılar, indi canlı yayıma çıxırlar

4050 27.06.2022 17:48 Yazarlar A A

 

Bir neçə ildir bu mövzuda vaxtaşırı yazmaq lazım gəlir. Çünki zaman-zaman bu ölkədə yaşaya-yaşaya başqa dövlətlərə rəğbət bəsləyən qruplar əndazəni aşır, həmin dövlətlərin xeyrinə açıq təbliğat aparırlar və yerli vətənpərvər kəsimin qınağı ilə üzləşirlər.

Bu qrupları “5-ci kolon” adlandırmaq dəbdir. Bəziləri onları həmin ölkənin “casus”ları də adlandırırlar, amma bildiyimiz kimi, bu, daha çox kriminal termindir, kimisə bu cinayətdə ittiham etmək üçün əldə ciddi sübutlar olmalıdır. Belə sübutları toplamaq və məhkəmədə üzə çıxarmaq isə xüsusi orqanların işidir.

Üstəlik, başqa bir dövlətə rəğbət bəsləmək, ona sevgisini izhar etmək, prinsipcə, hələ öz dövlətinin sirlərini o dövlətə satmaq və ya o dövlətin mənafeyinə görə öz dövlətinə zərər vurmaq mənasına gəlmir. Yəni qanunlar yadelliyə rəğbəti mühakimə etməyə imkan vermir. (Stalinin vaxtı deyil ki, həmin şəxsləri gecəylə əlli-ayaqlı aparsınlar və “o adamlar hara aparıldı” deyə soruşan da olmasın).

Fəqət ortada çox qəribə bir məqam var: rəğbət qruplarının sevdiyi və öydüyü dövlətlər heç də güllük-gülüstanlıq deyil, zülm və istibdad, səfalət yuvasıdır, nəinki dünya ictimaiyyəti, heç öz vətəndaşları da bu dövlətlərin qurulşunu, rejimini sevmirlər. Belədirsə, bizimkilərə nə düşüb? Öz vətəndaşlarının sevmədiyi dövlət bizimkilər üçün nəylə cazibədar və sevimlidir?

Yenə ABŞ və Avropa ölkələrinə rəğbət bəsləyənlərin əlində tutarlı arqumentlər var: demokratiya, azadlıqlar, yüksək rifah, vətəndaşa qayğı, sosial ədalət, humanizmin təntənəsi, pasifist siyasət və sair və ilaxır. Bu xüsusda odla oynayan, əllərində kütləvi qırğın silahları barındıran superdövlətlər istisnadır, yerdə qalanlar isə (Norveç, Finlandiya, Danimarka, Hollandiya, Avstriya, İsveç, İsveçrə, Belçika və başqaları) bu qrafaya uyğun gəlir.

Bəs İranı və Rusiyanı nə deyib sevmək olar? Bu ölkələrdə milyonlarla vətəndaş məehumiyyətlər içində yaşayır, üstəlik, həmin dövlətləri idarə edənlərin yaxın qonşulara, xüsusilə də ölkəmizə qarşı münasibəti, yumşaq desək, arzuolunan səviyyədə deyil.

Elə buna görədir ki, ölkəmizdə Rusiyaya və İrana rəğbət bəsləyən qruplar tez-tez naqolay duruma düşürlər. İranın və Rusiyanın yüksək ranqlı bir dövlət adamları ölkəmizə qarşı elə xoşagəlməz söz deyir, hərəkət edirlər ki, rəğbət qruplarının fəallarının dili gödək olur, deməyə, izahat verməyə söz tapmırlar. Bəzən onlar “xeyr, filankəs elə deməyib, belə demək istəyib” kimi ifadələr işlədir, özlərini yadelli məmurun və ya hakim dairənin vəkili roluna qoyurlar və bu, daha pis görünür.

Deyilə bilər ki, Türkiyəyə də rəğbət bəsləyənlər var və onlar daha çoxdurlar.

Elədir. Bu, təkzibolunmaz faktdır. Gerçəkdən də ölkəmizdə Türkiyəyə rəğbət bəsləyən kütləvi qruplar var və onlar bunu danmırlar, hətta qürur duya-duya büruzə verirlər. Bu tendensiya 44 günlük müharibədən sonra açıq müstəviyə keçib.

Fəqət sabah Türkiyənin indiki və ya gələcək rəhbərliyi dostluq büsatına xələl gətirən hərəkətlər etsə, bu rəğbət qrupuna daxil olanların sırası sürətlə seyrələr. Çünki bu, kor-koranə, fanatikcəsinə rəğbət deyil, qarşılıqlı hörmət-izzətə, faydalılığa, səmimi dostluğa əsaslanır. Ortada səmimiyyət olmayandan sonra heç kəs “səni sevəcəyəm, sən sevməsən də” şərqisi oxuyası deyil.

Rusiya və İrana rəğbət bəsləyənlərdə isə elə deyil. Onlar yadelli qüvvənin əliylə mənsəb və sərvət sahibi olacaqlarsa, bu dövlətin ümdə mənafelərini zərbə altında qoymağa, hətta müstəqilliyindən vaz keçməyə hazırdırlar.

Avropaya rəğbət bəsləyənlərdə vəziyyət başqa cürdür. Onlar ürəkdən inanırlar ki, bu ölkədə demokratiyanın bərqərar olması və insan haqlarına riayət olunması Qərb ölkələri ilə inteqrasiyanın intensivləşməsindən asılıdır. Ancaq bəzən onlar qatı “amerikaçı”, “avropaçı” olurlar və özlərini həmin dövlətlərin qeyri-populyar, hətta ədalətsiz addımlarını belə müdafiə etmək zorunda hiss edirlər. Elə olur ki, həmin dövlətlərin vaxtilə yol verdiyi bəşəri cinayətlərə belə haqq qazandıranlar tapılır.

Halbuki insanlara lazım olan olan həmin dövlətlərin idealizə olunması deyil, onların müasir dövrdə təbliğ etdiyi dəyərlər, tətbiq etdikləri standartlardır.

Bir də bilmək lazımdır ki, Avropa yekcins orqanizm deyil. O öz maraqları və mənafeyi olan 45 ölkənin birləşməsidir. Avropadan danışarkən heç vaxt ümumi danışmaq olmaz. Hollandiya da Avropadır, Portuqaliya da, Albaniya və İslandiya da, Fransa və Almaniya da. Hamısı bir-birindən fərqli dövlətlərdir və fərqli siyasətlər yeridirlər.

Yadellilılərə rəğbət qrupları ilə mübarizəyə gəlincə, onun ən effektiv yolu öz ölkəmizi sevimli, xoş güzəranlı erməkdir. Əgər bundan sonra da bəzilərinin gözü orda-burda olacaqsa, demək, xeyri yoxdur, onlar xəyanətin bir addımlığındadırlar.

Xəyanətin tam ortasında olanlar isə öz dövlətini başqa bir dövlətin əyaləti, quberniyası, ostanı, federal subyekti kimi görənlər, ölkədəki konstitusiya quruluşunu dəyişdirməyə, onu dünyəvi dövlətdən arxaik şəriət dövlətinə çevirməyə çağırış edənlərdir. Vətənə, millətə xəyanətin buynuzu olmur.

Belələrinin cəzası isə keçmişdə çox ağır olub, heç indi də yüngül deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR