İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-nin sirri

2889 08.11.2022 10:54 Yazarlar A A

 

Dünən 7 noyabr idi, amma heç kəsin yadına düşmədi. Yox, heç kəs ayın neçəsi olduğunu unutmamışdı, sadəcə, 7 noyabrın bir vaxtlar təqvimdə qırmızı işarələndiyi, bayram, parad günü olduğu yada düşmədi.

Buna “ey gidi dünya” qrafasından yanaşmaq lazımdır. Hətta keçən ilə qədər “Böyük Oktyabr Sosialist İnqilabı” adlandırılan, bütün sözlərinin baş hərfləri böyük yazılan, əslində isə köhnə təqvimlə oktyabrın 25-də həyata keçirilən gecə çevrilişini az-az qeyd edənlər də vardı. Bu il olmadı.

“Gecə çevrilişi” ifadəsini havayı yerdən işlətmirəm, bunu “proletariatın dahi rəhbəri” Leninin özü deyib. 1917-ci ilin oktyabr ayının axırlarında Trotski, Sverdlov, Stalin, Dzerjinski kimi bolşeviklər günorta üstü yığışıb Leninə deyəndə ki, hökuməti götürmək lazımdır, “dahi strateq” deyib ki, bu gün tezdir, sabah gec ola bilər. Yəni məsələni gecə həll etmək lazımdır. Elə də ediblər.

Ondan sonra dünyanın ən mərhəmətli lideri “dəmir Feliks”ə, yəni Dzerjinskiyə tapşırıb ki, çarın məmurlarını, zabit və əsgərlərini, neytral ziyalıları, mülkədarları, sahibkarları, avaraları, əyyaşları, fahişələri və sair ünsürləri sərbəstcə qıra bilərsən. (Bu barədə sənədlər, teleqramlar var).

Dzerjinski də “və sair”lərdən başlayıb, qıra-qıra gedib, bir də baxıb ki, qaçan qaçıb, qırılan qırılıb, ta qırmağa adam qalmayıb. Sonradan Nobel ödüllü rus yazıçısı Aleksandr Soljenitsın o günlərə aid “Qırmızı təkər” adlı roman-epopeya da yazaraq sovet liderlərini təkərə salmışdı.

Qırmağa adam qalmayandan sonra estafeti ələ alan Stalin keçib bolşevikləri qırmağa. O da özünü “köhnə leninçilər” sayanları bir-bir dənləyib və onlrın yerlərini “stalinçulər” alıb. “Stalinçilər”in axırına da “xruşovçular” çıxıb, daha sonra hakimiyyətə gələn “brejnevçilər” görüblər ki, qırmaqla əmələ gəlmir, eləcə köhnələri vəzifədən çıxarmaqla, imtiyazdan məhrum etməklə kifayətləniblər. O adamların çoxu bu nədənlə qırılıblar. Hərçənd aralarında Molotov, Mikoyan, Malenkov, Kaqanoviç, Bulqanin, Voroşilov kimi üzübərk adamlar da olub, 85-96 il yaşayıblar.

Ondan sonra dünyanın ən qəddar, amansız dövləti olan SSRİ xeyli mülayimləşib, həlimləşib, yumşalıb, ta hər dəqiqə adamları tutub güllələməyiblər, intəhası, 20 qəpiklik kəm-kəsirə görə ticarətçiləri, mühasibləri tutub türməyə basmaq şakərlərindən əl çəkə bilməyiblər. Bu da ona görə vacib olub ki, adamları özbaşına qoyanda olmurmuş, bu gün dövlətdən 20 qəpik oğurlayan adam sabah 20 mini qapazlayırmış.

Bax, SSRİ-nin hələ də nostalji ilə xatırlanmasının sirri bundadır. Harınlıq edən, quduran, camaata sərvət göstərən adamları bir gün çağırırdılar büro iclasına, əvvəlcə partbiletini əlindən alırdılar, sonra işini verirdilər prokurorluğa, ağır maddələrlə basırdılar türməyə.

Bu üzdən idi ki, o dövrün varlı adamları Tolyattidə buraxılan adi “Jiquli”ni qorxa-qorxa, hansısa zəhmətkeş qohumlarının adına alırdılar – prokuror istintaqa çağırsa, desinlər, mənim deyil.

Vəzifə adamları hər rayonda bir 5-10 milyonluq villa tikdirə bilərdilərmi? Əsla. Heç adicə ikimərtəbəli ev tikdirə bilmirdilər. Qorxurdular.

Hazırda Çində hələ də elədir. Hər ay bir məmurun külli miqdarda rüşvətxorluq üstündə tutulduğu və güllələndiyi barədə xəbər gəlir.

Amma biz o məşəqqətli günləri çoxdan geridə qoymuşuq. İndi rüşvətxor və korrupsionerlərmiz müstəqildirlər, ağ günə çıxıblar, istədikləri qədər talaya, toplaya, bölə, çıxa, qatlaya bilərlər, qudurğanlıq etməsələr, təvazökarlıq etsələr, heç kimin onlarla işi olmayacaq. Düzdür, bəzən onları tuturlar, amma əvvəlki illərdəki kimi güllələmirlər, 15 il həbs cəzası vermirlər. 5-6 il iş verirlər, o da 1-2 il yatıb çıxır (əgər siyasi iddiaları olmayıbsa).

SSRİ dövründə isə (Qorbaçova qədər) onları güllələyirdilər. Mərhəmətli xalqımız istəyir ki, elə adamlar yenə də güllələnsinlər. Bizim camaat gözütoxdur, milyonçu olmaq istəmir, amma kütləvi şəkildə istəyir ki, heç kim xalqın pullarını oğurlamaq hesabına milyonçu olmasın, saraylarda yaşamasın, övladlarına tank boyda maşınlar almasınlar ki, onlar da piyadaların belindən keçəcək qədər harınlamasınlar.

SSRİ-nin sevimli olmasının sirri bundadır. SSRİ-də rəsmi milyonçular yox idi, yaxşı dolananlar vardı, qırmızı direktorlar, rəhbər şəxslər vardı, yaxşı yaşayırdılar, bəzən haqsızlıq, insafsızlıq da edirdilər. Amma xalq bir gün onların işdən götürülüb adi təqaüdçüyə çevrildiklərini görəndə qəzəbi soyuyurdu. İndikilər camaatı çox əsəbiləşdirir, türmədən çıxır, biznesmen olurlar, partiya yaradırlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR