Bir vaxtlar videomaqnitofona sahib olmaq SSRİ-də ən böyük arzularından biri hesab olunurdu.
Musavat.com xəbər verir ki, SSRİ-də ilk VHS videomaqnitofonu olan "Elektronika VM-12" 1984-cü ildə istehsal olunub. Cihazın qiyməti 1200 rubl idi ki, bu da həmin dövr üçün olduqca böyük məbləğ sayılırdı.
Buna baxmayaraq, videomaqnitofonu rəsmi satış məntəqələrində tapmaq demək olar ki, mümkün deyildi. Qara bazarda isə onun qiyməti iki-üç dəfə baha satılır, bu da orta statistik sovet vətəndaşının bir neçə illik əməkhaqqına bərabər olurdu.
Maraqlıdır ki, SSRİ-də filmlər videokaset formatında rəsmi şəkildə istehsal edilmirdi. Bu səbəbdən videomaqnitofon əldə edənlər belə, ona uyğun film kasetləri tapmaqda ciddi çətinlik yaşayırdılar.
Videotexnologiya ilə bağlı daha bir maraqlı fakt 1959-cu ilin iyulunda baş verib. Həmin vaxt Moskvanın Sokolniki parkında ABŞ-ın vitse-prezidenti Riçard Nikson və SSRİ rəhbəri Nikita Xruşşov arasında keçirilən məşhur "mətbəx debatları" rəngli videolentə yazılmışdı. Xruşşova hədiyyə edilən həmin lent isə uzun müddət sadəcə suvenir kimi qalmışdı. Çünki onu nümayiş etdirəcək avadanlıq mövcud deyildi.
Musavat.com






