İnsanlara hürriyət, millətlərə istiqlal!

“Spayka”nın şpionu Zabuxda ələ keçdi - Vaqifdən sonra Rəşid...

11160 03.08.2023 12:35 Gündəm A A

Maşınlardakı təxribatçılar Azərbaycana gizli yollarla sızmağa başlayıblar, artıq biri saxlanılıb; Partiya sədri: “Diversiya məqsədi olub, Azərbaycan isə sübut etdi ki, ərazilərə tam nəzarət edir”

Neçə gündür təxribat məqsədilə Gorus-Laçın sərhədinə toplaşmış “SPAYKA” şirkətinə məxsus yük maşınlarının sürücülərinin və avtomobillərdəki köməkçi kontingent adı ilə Azərbaycana keçmək istəyənlərin təxribatçı, xüsusi xidmət orqanları əməkdaşları olmasına dair şübhələr vardı. Artıq bu şübhələr özünü doğrultmaqdadır. Azərbaycan tərəfi haqlı olaraq o maşınları ölkə ərazisinə buraxmır.

Deyəsən, maşınlardakı təxribatçılar Azərbaycana gizli yollarla sızmağa cəhdlər etməyə başlayıblar. Amma elə ilk cəhddə də yaxalanıblar. “Yeni Müsavat” yada salır ki, avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Begleryan Raşid Aramis saxlanılıb.

Begleryan Laçın keçid məntəqəsindən yan keçərək sərhədi keçməyə cəhd edib və guya “Spayka” şirkətinin sürücü köməkçisi olub. Lakin onun Azərbaycan ərazisinə təxribat törətmək üçün göndərilmiş Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğuna əsaslı şübhələr var. Beləliklə, bir daha sübut olunur ki, “Spayka” heç də humanitar yük gətirməyib və məqsəd təxribatdır. Ora toplaşan Aİ müşahidəçiləri, neçə gündür özünə əl qatan təşkilatlar, səfirliklər utanacaqmı? Bundan sonra o maşınların geri qayıtmasını tələb etməlidirlər, məntiqlə.

Üstəlik, həmin yardım karvanına ehtiyac da yoxdur. Çünki Qarabağda erməni icmasının normal yaşadığını əks etdirən növbəti görüntü yayılıb. Görüntüləri Qarabağdakı erməni sosial şəbəkə istifadəçiləri paylaşıb. “Humanitar fəlakət”lə üzləşən və “ac qaldıqları” iddia edilən ermənilərin normal qidalandıqları, qonaqlıqlar təşkil etdikləri bir daha bu kadrlardan da görünür. Bu arada, avqustun 2-də yayılan xəbərə görə, İrəvandan Laçın postuna əlavə iki TIR da yola salınıb. “Grand Candy” şirkətinə məxsus olan bu yük maşınları günlərdir Laçın postunu keçmək üçün icazə gözləyən 19 TIR-a qoşulacaq. Son iki yük maşınında uşaqlar üçün müxtəlif şirniyyatların göndərildiyi deyilsə də, TIR-ların dəqiq olaraq nə daşıdıqları məlum deyil.

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, erməni tərəfi Raşid adlı şəxsi “Skaypa”nın sürücü köməkçisi kimi təqdim edir. Partiya sədri hesab edir ki, bu, yanlış versiyadır, izi azdırmağa hesablanıb: “Bu şəxs Ermənistan vətəndaşıdır. Deməli, diversiya məqsədi olub. Azərbaycan bu həbslə sübut etdi ki, ərazilərə tam nəzarət edir. Bir daha ermənilərə mesajdır ki, ərazilərimizdə təxribat mümkün olmayacaq. Yardım karvanı isə bir şoudur. Avropalı diplomatları sərhədə aparmaqla beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışırlar. Lap istəyirlər aylarla orada dayansınlar, Azərbaycan buraxmayacaq və ”Laçın" postu ləğv edilməyəcək. Ermənistanın bu oyunu bizi heç nəyə məcbur edə bilməz. İflasa uğramış bir aksiyadır".

Fuad Əliyev: 2020-ci il Azərbaycanın tarixinə Zəfər ili kimi həkk olundu

Fuad Əliyev 

Siyasi icmalçı Fuad Əliyev isə saxlanılan şəxsin araşdırılacağını bildirdi. Onun sözlərinə görə, diversiya cəhdi sübut edilsə, o, həbsdə saxlanacaq: “Ermənistanın sürücüsü bizim ərazimizdə nə gəzir? Azərbaycan sürücüsü onların ərazilərində olsa, necə reaksiya verərdilər? Bu təxribatlar İrəvana lazımdır ki, beynəlxalq aləmdə əleyhimizə kampaniya güclənsin. Azərbaycan Prezidenti xarici mediaya son müsahibəsində bir daha aydınlıq gətirdi ki, ”Laçın" postu niyə var və ondan necə istifadə etmək olar. Bura karvansaray deyil ki, yardım karvanı gəlsin, sabah başqa biri istədiyi şəkildə əl-qolunu sallayıb keçsin. Nəzarət var, ermənilər yoxlanılır, üzərində silah, qanunsuz maddə yoxdursa, keçib gedirlər". Ekspert hesab edir ki, bu gərginlik Azərbaycanın diqtəsi və iradəsi nəticəsində yekunlaşacaq, İrəvan geri çəkilməli olacaq: “Sadəcə, sülh prosesinə zərbə vurulur. Paşinyan sülh çağırışı edir, Azərbaycan xalqına müraciət ünvanlayır, amma bu cür provokasiyalarla ümumi hədəfdən yayınır”.

Vüqar Bayramov: "Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfəmiz  genişlənməkdədir"

Vüqar Bayramov 

Deputat Vüqar Bayramov isə qeyd edib ki, Ermənistanın TIR şousu davam edir: “Bir sıra xarici təşkilatların təxribat məqsədli bu şouya dəstək olması təəssüf doğurmaqla yanaşı, bölgədə vəziyyətin stabilləşməsinə də xidmət etmir. Ermənistan rəhbərliyi hələ də hər vəchlə Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçırır. 26 km uzunluğu olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı, bölgədə Xankəndiyə ən qısa məsafə hesab olunur. Laçın-Xankəndi yolu 60 km-dir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonunun inkişafına töhfə baxımından da vacibdir. Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi əhəmiyyətlidir. Digər tərəfdən, əgər məqsəd Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göstərməkdirsə, niyə Ermənistan siyasi hakimiyyəti daha qısa və müasir standartlara uyğun qurulmuş yoldan istifadədən imtina edir?”

Qeyd edək ki, Ermənistan “Spayka” MMC-ni regionun aparıcı kənd təsərrüfatı holdinqi, beynəlxalq yükdaşıma bazarında lider, MDB ölkələri, Avropa və Fars körfəzinə ən böyük meyvə-tərəvəz istehsalçısı və ixracatçısı kimi təqdim edir. 2009-cu ildə şirkət “Araratfruit” brendini yaradıb. Bu brend bir neçə ildir ki, əməkdaşlıq etdiyi ölkələrə erməni tərəvəz və meyvələrini daşıyır. “Spayka” şirkətinin Ermənistanın kənd təsərrüfatına ümumi investisiya töhfəsi 300 milyon dollardan çoxdur. Şirkətin nəqliyyat parkında “VOLVO” brendinin 320-dən çox yük maşını var. 2019-cu ildə beynəlxalq bazarı da çıxmaq məqsədilə “Spayka” Berlin və Dubayda keçirilən beynəlxalq kənd təsərrüfatı sərgilərinə çağırılmasa da, ora qatılıb və iştirak edib. Almaniyanın məşhur “KURTZ” brendinin xammalı və müxtəlif qablaşdırma avadanlıqları sayəsində polistirol qutu və altlıq da istehsal edir. “Spayka”nın dünyaca məşhur tərəfdaşları da mövcuddur. Bunlar “Maqnit”, “X5", ”Aşan", “Diksi”, “Monetka”, “Semya”, “Molniya”, “Lenta”, “Mariya-ra”, “Okey”, “Billa”, “Volvo”, “Krone”, “Karrier”, “Schmitz carlobul” şirkətləridir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR