İnsanlara hürriyət, millətlərə istiqlal!

Sovet geoloqlarının Mozambik müsibəti – üsyançılar onları 158 gün girovluqda saxlayıblar

2233 12.12.2022 15:10 Yaxın tarix A A

1975-ci ildə Mozambik Portuqaliyanın müstəmləkəsindən xilas olaraq (qərənfil inqilabından sonra) müstəqilliyini elan etsə də, ölkədə ictimai-siyasi vəziyyətini tam sabitləşdirmək mümkün olmayıb. Hakimiyyəti ələ keçirən marksist “Frelimo” hərəkatı sosializm kursunu götürəndə “Penamo” təşkilatının üzvləri sıralarını daha da genişləndirib, Mozambik Milli Müqavimət Hərəkatı yaradaraq mövcud hakimiyyətə qarşı mübarizəyə başlayıblar və ölkə faktiki olaraq vətəndaş müharibəsi vəziyyətində olub. Ölkədə onları “üsyançılar” adlandırıblar.

Sözsüz ki, belə bir şəraitdə SSRİ Mozambiki nəzarətinə keçirmək üçün sosializm kursunu götürən hakimiyyətə böyük dəstək verib.

Artıq 1976-cı ilin əvvəllərində Mozambikə SSRİ-dən bir qrup ali rütbəli hərbçilər ezam edilib. Məqsəd Mozambik milli ordusunun yaradılmasına kömək etmək olub. Daha sonra Kreml Mozambiki ayrı-ayrı sahələr üzrə çoxsaylı mütəxəssislərlə təmin edib. Bir sözlə, qısa müddət ərzində Mozambikdə sovet vətəndaşlarının izi hər bir sahədə görünüb. O cümlədən ölkənin təbii ehtiyatlarının öyrənilməsi, kəşfiyyatı üçün 1970-ci illərin sonlarından Mozambikə geoloqlar da ezam ediliblər.

mozambique14.jpg (219 KB)

Mütəxəssislərin əldə etdiyi məlumatlara görə, Mozambik kömür, qiymətli daşlar, qaz, nadir metallarla zəngin olub. Müstəqillik qazanılandan sonra isə mədənlərdə heç bir iş getməyib. Bütün bunlara aydınlıq gətirmək, kəşfiyyat işləri aparmaq üçün 1983-cü ildə Moskvadan Mozambikə 28 nəfərdən ibarət növbəti geoloqlar qrupu göndərilib. Qeyd edək ki, Mozambikə ezam olunan mütəxəssislər SSRİ-də aldıqları maaşdan üçqat artıq maaş alıblar, bununla yanaşı, onlar xüsusi güzəştlərə də malik olublar.

Geoloqların bir çoxu Mozambikə ailələrini də aparıblar. Onlar paytaxt Maputuda evlə təmin ediliblər. Kəşfiyyat işləri isə ayrı-ayrı məkanlarda, paytaxtdan 100-200, hətta 300 kilometr aralı ərazilərdə aparılıb. Geoloqlar həmin ərazilərdə qamış evlərdə yaşayıblar, ailələri isə paytaxtda qalıb.

mozambique13.jpg (195 KB)

Geoloqlar kəşfiyyat işinə yollananda onları hökumət ordusunun bir neçə nəfər hərbçisi müşayiət edib. Ona görə ki, Mozambik Milli Müqavimət Hərəkatının rəhbərləri sovet geloqlarının Mozambikə “təşrif”inə sərt reaksiya veriblər. Bunu Mozambikin təbii ehtiyatlarının SSRİ tərəfindən mənisənilməsi kimi qiymətləndiriblər. Bu baxımdan sovet geoloqlarını hər an təhlükə gözləyib.

20 avqust 1983-cü ildə 24 nəfər sovet geoloqu Nampula əyalətində kəşfiyyat işlərinə başlayıblar.
Avqustun 21-də gecə saatlarında sovet geoloqlarına üsyançılar tərəfindən hücum olunub. Hücum zamanı geoloqları mühafizə edən iki hərbçi və iki geoloq həlak olub. Dəqiqiələr ərzində silahlı üsyançılar geoloqları girov götürüblər. Onlardan yalnız üç nəfəri qaçmağa nail olub.

Nampulanın mərkəzindən keçəndə hökumət qoşunları ilə üsyançıların arasında qarşıdurma yaranıb. Üsyançılar bu vəziyyətdən də çıxış yolu taparaq qalın meşəlikdə gizləniblər. Silahlı qarşıdurma zamanı geoloqlardan beş nəfəri yoxa çıxıb. Onlar ya həlak olublar, ya da başqalarının girovuna çevriliblər. Həmin beş nəfərin taleyi sonralar da heç kimə məlum olmayıb. 14 nəfər geoloq isə üsyançıların girovluğunda qalıb. 

mozambique1.jpg (178 KB)

Hadisə ilə bağlı Moskvaya məlumat verilib. Amma bu haqda sovet mətbuatı heç bir informasiya dərc etməyib. Kreml Mozambikə DTK əməkdaşlarından ibarət xüsusi qrup göndərib. Onlar Mozambik rəsmiləri ilə birgə girovların azad olunması üçün planlar hazırlayıblar.

Üsyançılarla Mozambik hökuməti arasında rabitə vasitəsi ilə danışıqlar başlanıb. Üsyançılar girovları yalnız böyük pul məbləğində azad edəcəklərini bildiriblər. Onu da bildiriblər ki, girovlar yalnız onların əsas düşərgələri yerləşən Malavi dövləti ilə sərhəddəki ərazilərdə dəyişdiriləcək. Moskva üsyançalıran şərtləri ilə razılaşıb. Amma problem bununla bitməyib.

60b3633d02e8bd1ca645d130.png (741 KB)

Geoloqların saxlandığı meşə massivi ilə Malavinin sərhədinə qədər olan məsafə təxminən 500-600 kilometr olub. Qalın cəngəlliklərdən ibarət olan bu məsafədə heç bir yol olmayıb, avtomobillərin hərəkəti də mümkünsüz sayılıb. Bütün problemlər, gərginliklər də bu məsafəni qət edəndə yaşanıb. 600 kilometr məsafəni üsyançılar və geoloqlar 158 günə qət ediblər. Sonralar sağ qalan geoloqlar “158 gün cəhənnəmdə” adlı kitab da yazıblar.

60b3633e02e8bd1ca645d131.png (698 KB)


158 gündə üsyançıların ərzaq və su ehtiyatlarını geoloqlar çiyinlərində daşıyıblar. Onlara gün ərzində bir dəfə konservləşdirlilmiş qarğıdalı verilib. İki geoloq məsafəni qət edərkən yolda aclıqdan və xəstəlikdən ölüb. Sağ qalan göeoloqlar isə tanınmaz hala düşüblər. Bunu onların girovluqdan əvvəlki və sonrakı fotolarında da görmək olar.

Nəhayət, 25 yanvar 1984-cü ildə onlar üsyançıların Malavi sərhədindəki düşərgələrinə çatıblar. Çayın sahilində yenidən danışıqlar aparılıb. Tələb olunan pul qayıqla üsyançılara çatdırılıb. Pullar rus rublu olub, amma məbləği açıqlanmayıb. Pulları götürdükdən sonra girovlar qayıqla Malavi ərazisinə ötürülüb. Malavi hökuməti onları təyyarə ilə Maputu şəhərinə göndərib. Bir neçə günlük reablitasiyadan sonra girov-geoloqlar Moskvaya qayıdıblar. Hadisənin təfərrüatları haqqında 1989-cu ilə qədər ictimaiyyətə heç bir məlumat verilməyib. Mozambikdə isə vətəndaş müharibəsi davam edib.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR