İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS! Rusiyadakı azərbaycanlı əmək miqrantları kütləvi geri dönə bilər - iki əsas səbəb

1849 18.08.2023 09:55 Gündəm A A

Rublun sürətlə dəyər itirməsi ilə gəlirlərin azalması və məcburi səfərbərlik miqrantları qəliz seçimlə üz-üzə qoyub; Azərbaycanın əmək bazarını nə gözləyir?..

Ukraynadakı işğalçı müharibə Rusiyanı 1998-ci ildən bəri ən kəskin işçi qüvvəsi çatışmazlığı ilə üzləşdirib. Rusiya Mərkəzi Bankının 14 min şirkətdə apardığı sorğudan aydın olub ki, 2023-cü ilin birinci rübündə işçi ilə təminat ən aşağı səviyyəyə enib. Ümumilikdə iqtisadiyyatda işçi qüvvəsi təminatı mənfi 18 bala düşüb. Ən çox işçi çatışmazlığı emal sektorunda (-28 bal), sənaye müəssisələrində (-25 bal), su təminatında (-23 bal), faydalı qazıntıların hasilatında (22 faiz) qeydə alınıb.

Rusiya Əmək Nazirliyinin məlumatına əsasən, iqtisadiyyatın sənaye, istehsal və kənd təsərrüfatı sahələrində çatışmayan işçi sayı 560 mindir. Ən yüksək əmək haqqının təklif olunduğu sənaye və istehsal sahələrində 200 min rubl maaşla 1,9 min iş yeri, 100 min rubldan yuxarı maaşla 27 min iş yeri boşdur.

2022-ci ilin payızında elan olunan səfərbərlikdən sonra Rusiya İqtisadi İnkişaf Nazirliyi ölkədə işçi qüvvəsinin 600 min nəfər azaldığını bəyan edib. Səfərbərliyə alınan 300 min əmək qabiliyyətli Rusiya vətəndaşından əlavə, 1 milyon rusiyalının hərbi çağırış və müharibədən qaçaraq ölkəni tərk etdiyi bildirilir.

Ukraynadakı müharibəni silah-sursatla təmin edən müəssisələrin bir çoxunun 3 növbəli iş rejiminə keçməsi, xaricdən alınması getdikcə çətinləşən çoxsaylı məhsulların ölkədə istehsalına başlanması işçi qüvvəsinə tələbatı qat-qat artırıb. Bu ilin birinci yarısında Rusiyada vakansiya elan olunan iş yerlərinin sayında 33 faizə yaxın artım olub. Bəzi sahələrdə bu artım 70 faizdən yuxarıdır.

İş yerlərinin say artımı işaxtaranların, eləcə də mövcud işçilərin əmək haqqının artırılması tələbləri irəli sürməsini şərtləndirib. Bu ilin ötən dövrü ərzində əksər sahələrdə işçilər tərəfindən əmək haqlarının 20-30 faizədək artırılması tələbləri qeydə alınıb. Rublun dəyərsizləşməsi fonunda yaxın gələcəkdə artım tələblərinin daha yüksək faizləri əhatə edəcəyi gözlənilir.

Rusiyaya gedən azərbaycanlı miqrantların nəzərinə: Yeni arayış təqdim  etməlidirlər

Bundan daha təhlükəli hal isə rublun dəyərsizləşməsi, vətəndaşlıq alan miqrantların müharibəyə göndərilməsi prosesinin Rusiyadakı əmək miqrantlarının geri dönməsi prosesi ola bilər.

“Vedomosti” nəşrinin Moskvadakı özbək diasporunun rəhbəri Bəxrom İsmayılova istinadən yazdığına görə, rublun avro və dollar qarşısında zəifləməsi səbəbindən əmək miqrantlarının üçdə birinə qədəri Rusiyanı tərk edə bilər.

Nəşrin məlumatına görə, özbək diasporu tərəfindən Özbəkistandan olan əmək miqrantları arasında aparılan sorğu göstərib ki, respondentlərin 50 faizi rublun ucuzlaşması səbəbindən Rusiyanı tərk etmək barədə düşünür. 25 faiz Rusiyanı tərk etməyi planlaşdırmır, digər 25 faiz isə cavab verməkdə çətinlik çəkib. Sorğuda ümumilikdə 22 800 nəfər iştirak edib: “İsmailovun sözlərinə görə, dolların məzənnəsinin artması ilə əlaqədar Rusiyadakı xarici vətəndaşların qazancı getdikcə azalır və öz ölkələrindəki gəlirlərlə müqayisə oluna bilər”.

İsmayılov hesab edir ki, əmək miqrantlarının ən çox axını ən az maaş alan sahələrdə - iaşə, təmizlik, kuryer xidməti, kənd təsərrüfatında müşahidə oluna bilər.

Bu arada Rusiyada vətəndaşlıq alan əmək miqrantlarını məcburən hərbi qeydiyyata almağa başlayıblar.

TASS Agentliyinin yaydığı xəbərə görə, avqustun 15-də Sankt-Peterburq polisinin keçirdiyi reyd zamanı 100-dən yuxarı əmək miqrantı hərbi komissarlıqlara aparılaraq hərbi qeydiyyata aldırılıb. Onların hamısı Rusiya vətəndaşlığı alsalar da, hərbi qeydiyyatdan keçməyiblər.

Beləliklə, aydın olur ki, Rusiya Ukraynada döyüşən orduya başqa xalqların nümayəndələrini cəlb etməyə davam edəcək. İşğalçı müharibəyə başlayandan Rusiya qanunvericiliyinə əmək miqrantlarının vətəndaşlıq almaq prosesini asanlaşdıran çoxsaylı dəyişikliklər edilib. Belə dəyişikliklərdən birinə görə Rusiya ordusu ilə müqavilə əsasında Ukraynada 6 ay döyüşən xarici ölkə vətəndaşları Rusiya vətəndaşlığı əldə etmək hüququ qazanırlar. Eyni zamanda Rusiyada vətəndaşlıq alan və döyüşə yararlı yaşda olan bütün kişilərin hərbi qeydiyyatdan keçməsi məcburidir.

Rusiyada işçi qüvvəsi çatışmazlığı: Əmək miqrantlarını çarter qatarları ilə  gətirmək istəyirlər » Bizimlider.com

Onu da qeyd edək ki, sanksiya və müharibəyə cəlb olunma təhlükəsinə baxmayaraq, bu ilin əvvəlində Rusiyaya postsovet məkanından əmək miqrantları axınında artım olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, 2023-cü ilin birinci rübündə ölkəyə gəlişini “iş tapmaq”la əsaslandıran əmək miqrantlarının sayı 1,3 milyon nəfər olub ki, bu da ötən ilin eyni dövründəkindən 1,6 dəfə çoxdur.

Gələnlərin 630,8  min nəfəri Özbəkistan, 349,4 min nəfəri Tacikistan, 172,6 min nəfəri Qırğızıstan, 47,3 min nəfəri Ermənistan, 34,8 min nəfəri Qazaxıstan, 28,7 min nəfəri Azərbaycan vətəndaşları olublar.

Ümumiyyətlə, Rusiya həmişə azərbaycanlı əmək miqrantlarının axın etdiyi istiqamət olub. Bəzi məlumatlara əsasən, 90-cı illərdən indiyədək 2 milyon azərbaycanlı Rusiyaya əmək miqrasiyası edib. Rusiya Miqrasiya Xidmətinin məlumatına əsasən, 2017-2019-cu illərdə bu ölkəyə gəlib rəsmi əmək miqrantı kimi qeydiyyata düşən azərbaycanlıların illik sayı 56-57 min nəfər təşkil edib. 2021-ci ildə bu göstərici 63,9 min nəfərə çatıb. Ötən il Rusiyaya iş dalınca gedib rəsmi qeydiyyata düşən azərbaycanlıların sayında 3 faizə yaxın artım baş verib. Ukraynadakı müharibəyə cəlb olunmaq təhlükəsinə baxmayaraq, 95,1 min nəfər insan Rusiyaya gedişinin əsas səbəbi kimi əmək miqrasiyasını göstərərək, rəsmi əmək miqrantı kimi qeydiyyata düşüb.

Bir çox soydaşlarımız əmək miqrantı kimi ödəniş ödəməmək üçün Rusiya vətəndaşlığı alırlar. Belə ki, 2019-cu ildə 9,5 min azərbaycanlı şimal qonşunun vətəndaşı olubsa, 2021-ci ildə bu rəqəm 30,8 min nəfərə çatıb. 2022-ci ildə vətəndaşlığın həm də hərbi mükəlləfiyyət yaratmasına baxmayaraq, 23 min azərbaycanlı Rusiya vətəndaşlığı alıb. Lakin son aylarda sanksiyaların Rusiya iqtisadiyyatına mənfi təsirlərinin güclənməsi, vətəndaşlıq alan əmək miqrantlarının məcburən hərbi qeydiyyata götürülməsi kimi proseslər Azərbaycandan bu ölkəyə miqrant axınını zəiflədə, vəziyyət daha da gərginləşdiyi halda isə geriyə dönüşə çevrilməsinə səbəb ola bilər.

Bu isə bir neçə baxımdan Azərbaycanda problemlər yarada bilər. Birinci amil ölkənin əmək bazarına yüz minlərlə işçinin daxil olmasıdır. Hazırda Azərbaycanda iqtisadiyyatın genişlənməsi 1 faizin altındadır. Yəni iqtisadiyyatın yeni iş yeri yaratmaq imkanları kifayət qədər məhduddur. Belə şəraitdə yüz minlərlə əlavə işçi qüvvəsinin bazara daxil olması böyük problemlər yarada bilər.

Daha bir amil Rusiyada işləyən əmək miqrantlarının Azərbaycana göndərdikləri pulun həcmindəki mümkün azalmadır. Hansı ki, Rusiyadan göndərilən pullar bir sıra bölgələrdə əhalinin gəlirlərində kifayət qədər yüksək paya malikdir.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən 2022-ci ildə Azərbaycanda fiziki şəxslərə xaricdən edilən pul köçürmələrinin həcmi 3 milyard 620 milyon dollar təşkil edib. Bu, 2021-ci illə müqayisədə təxminən 3,2 dəfə çoxdur. köçürmələrin böyük hissəsi - 2 milyard 969,44 milyon dolları (artım 4,8 dəfə) və ya fiziki şəxslərin bütün köçürmələrinin 82 faizi (2021-ci ildə 13,6 faizi) Rusiyadan həyata keçirilib.

Bu ilin birinci rübündə isə vətəndaşlara xaricdən göndərilən pul baratlarının həcmi 77 faiz (210 milyon dollar) artaraq 481 milyon dollara çatıb. Bu həcmin 312 milyon 629 min dollarını Rusiyadan edilən pulköçürmələri təşkil edib. Mərkəzi Bankın məlumatına görə, illik müqayisədə bu rəqəm 3,1 dəfə və ya 212 milyon 926 min dollar artıb.

Dövlət Statistika Komitəsinin xaricdən göndərilən pul baratları daxilolmalar üzrə apardığı hesablamalar göstərir ki, 2022-ci ildə  Qazax-Tovuz rayonu bu pulların həcminə görə birinci yerdə olub. Belə ki, son bir ildə Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Şəmkir rayonlarının sakinləri Rusiyadan adambaşına orta hesabla 13 manat pul alıblar. Yəni bu ərazidə yaşayan hər bir şəxsə il ərzində Rusiya Federasiyasından orta hesabla 156 manat pul göndərilib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu rəqəm cəmi 8 manat 10 qəpik olub. Beləliklə, 60 faizdən çox artım var.

Rusiyadakı azərbaycanlıların köçü - rus mediasından miqrantları deportasiya  tələbləri - Azinforum.az İnformasiya Portalı

Lənkəran-Astara rayonu adambaşına orta pul köçürmələrinin ən çox olduğu ikinci iqtisadi rayondur. Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlıya köçürülən aylıq pullar hər sakinə orta hesabla 12 manat 10 qəpik təşkil edib. Maraqlıdır ki, 2021-ci ildə bu rəqəm daha çox olub - 13 manat 10 qəpik.

Üçüncü yeri hər ay orta hesabla adambaşına 12 manat (2021-ci ildə bu rəqəm 8 manat 50 qəpik) daxil olan Gəncə-Daşkəsən bölgəsi tutur. Ən az “xarici” pullar Mil-Muğan iqtisadi rayonunun sakinlərinin payına düşüb. Bu rayon əhalisinin gəlirlərində pul köçürmələrinin xüsusi çəkisi cəmi 0,5 faiz təşkil edib. Eyni göstərici üzrə ikinci ən aşağı nəticə Sumqayıt şəhərinin də daxil olduğu Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Burada xaricdən pul köçürmələri əhalinin gəlirlərinin cəmi 0,6 faizini təşkil edib.

Göründüyü kimi, Rusiyadakı azərbaycanlı əmək miqrantlarının geriyə köçünün başlanması həm gəlirlərin azalması, həm də işçi qüvvəsinin artması baxımından Azərbaycana sərf etməyən proses ola bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR