İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS: Bu dərmanlar uşaqları öldürə bilər!

5071 08.10.2022 08:30 Yaşam A A

Vaqif Qarayev: “Nə qədər ki, özümüz dərman istehsal etmirik, belə söz-söhbətlər çox olacaq”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölümcül təhlükəli 4 öskürək və soyuqdəymə siropu ilə bağlı xəbərdarlıq edib. Təşkilatın oktyabrın 6-da verdiyi məlumata əsasən, bunlar “Prometazin” oral məhlulu, uşaqlar üçün “Kofexmalin” və “Makoff” öskürək siropları, həmçinin soyuqdəyməyə qarşı “Magrip N” siropudur.

Qurum Hindistanın “Maiden Pharmaceuticals” şirkəti tərəfindən hazırlanan bu preparatların Qambiyada 66 uşağın ölümü ilə əlaqəli ola biləcəyini bildirib və sözügedən dərmanların başqa ölkələrdə də istifadə edilmiş ola biləcəyi barədə xəbərdarlıq edib.

ÜST rəhbəri Tedros Adhanom Qebreyesus da jurnalistlərə açıqlamasında bildirib ki, laboratoriya analizləri sözügedən preparatların tərkibində dietilen qlikol və etilen qlikolun “qəbuledilməz” miqdarını aşkarlayıb, hansı ki sözügedən maddələr zəhərlənmələrə və kəskin böyrək çatışmazlığına gətirib. Baş verənlərlə əlaqədar ÜST Hindistandakı tənzimləyicilərlə və şirkətin özü ilə əlavə araşdırmalara başlayıb.

Bəllidir ki, Azərbaycanın aptek şəbəkəsində də hələ sovet dönəmindən Hindistan istehsallı preparatlar var. Bəs adı çəkilən 4 preparat necə, satışda varmı? Ölkəyə gətirilən dərmanların keyfiyyəti necə yoxlanılır? Əhali arasında digər narahatlıq isə Hindistandan uşaqlar üçün gətirilən peyvəndlərlə bağlıdır.

Pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini belə açıqladı: “Dərman preparatları ilə bağlı məsələ az qala aybaay yenilənir. Mən köhnənin adamıyam. Həkimliyə təzə başlayanda istifadə etdiyimiz dərmanları sonra dedilər, zərərlidir, öldürür. Halbuki neçə nəsil uşaqları o dərmanlarla müalicə etmişik. Məsələn, o vaxt hərarətə qarşı bir dərman var idi. Onunla uşaqların qızdırmasını salırdıq. Amma indi o şəbəkədən çıxarılıb, zərərli olduğu bildirilir. Sadə adamlar məntiqlə düşünə bilər ki, axı bu istifadə olundu axı?! Dərmanın müsbət tərəflərini o vaxt bizə deyirdilər. COVİD yeni yaranmağa başlayanda deyirdilər ki, filan dərman kömək edir. Edirdi də. İki ay üstündən keçəndən sonra deyirdilər ki, o dərman qaraciyərə, mədəaltı vəziyə mənfi təsir edir və sairə. Təbabət tez-tez dəyişən bir sahədir. Yeni icadlar olur. İctimaiyyətə məlumat verəndə gərək çox ehtiyatlı olaq. Həm həkimlər, həm də əczaçı terapiya ilə məşğul olan laboratoriyalar, elmi mərkəzlər, institutlar diqqətli olmalıdırlar”.

Medicina.az - : "Ana bətnində talassemiya xəstəliyinin aşkar edilməsi  mümkündür"Vaqif Qarayev

Vaqif Qarayev

Həkim qeyd edib ki, hər bir dövlət özü dərman preparatlarını istehsal etməlidir: “Bizim kimi ölkələr heç nə istehsal etmir. Bizdə farmsənaye yoxdur. Bakının istehsal etdiyi bint, şprislər var. COVİD-dən iki il əvvəl belə bir xəbər çıxdı ki, iki nəhəng zavod tikilir. Amma hələ də xəbər yoxdur. Biz nə qədər ki, özümüz dərman istehsal etmirik, belə söz-söhbətlər əhalini mütləq təşvişə salacaq. Bu mütləqdir. Özümüz istehsal etməliyik ki, əhali inansın.

Digər tərəfdən, alınma dərmanlar çox bahadır. Əhali onları ala bilmir. Bizdə Sovet dövründə farmakoloji zavod var idi. Onu darmadağın etdilər, son metalına qədər dağıtdılar, satdılar. Amma Gürcüstanda iki zavod vardı, gürcülər onu dağıtmadı. Vətəndaş müharibəsindən keçən Gürcüstan o zavodları saxladı. İndi özləri nə istəsə, istehsal edir. Düzdür, orada da əhali alınma dərmanlarla bağlı şikayətçidir. Amma özləri də dərman istehsal edir, bu əhaliyə köməkdir axı.

Elə xroniki xəstəliklər var ki, ölməmək üçün ömür boyu dərman qəbul edilməlidir. Pandemiya vaxtı o dərmanların gətirilməsi dayandırıldı. Aydındır ki, gediş-gəliş yox idi. Onda xəstələr nə etsin? Sonra o dərmanlar daha da baha qiymətə gətirildi. İnsanlar nə etməlidir?! Türkiyənin dərman sənayesi Avropada tanınan sənayedir, nəhəng sənayedir. Hər şeydə Türkiyəyə oxşamaq istəyirik, bu məsələdə də oxşasaq nə olar?! Bəlkə Türkiyənin tibb modelini ölkəmizdə tətbiq edək. Türkiyədə səhiyyə bir vaxtlar çox geridə qalmışdı. Turqut Ozalın vaxtında böyük bir sıçrayış etdi. İndi Türkiyə səhiyyəsi dünyada tanınır. Biz də bu təcrübədən yararlanmalıyıq". 

Pediatr Hindistan istehsalı olan peyvəndlərlə bağlı suala da cavab verdi: “Profilaktik peyvəndlərlə bağlı insanlar arasında böyük bir qorxu var. Hindistan vaksinləri uşaqlara ziyan edir deyirlər. Uşaqlar mütləq peyvənd olunmalıdır. Axı Hindistan peyvəndinin uşaqlara əks-təsir etməsi ilə bağlı fakt yoxdur. Sadəcə, əhali arasında yayılıb ki, Hindistan vaksini yaxşı deyil. Bunun sübutu olmalıdır da. Həkimlərlə danışırıq, heç kimə bununla bağlı şikayət olunmayıb. Göy öskürək, difteriya, qızılca kimi xəstəliklər uşaqlar üçün çox ciddi təhlükə ola bilər. Qızılca pnevmoniyası çox ağır fəsaddır. Soruşanda ki, niyə peyvənd etdirmirsiniz. Dedilər poliklinikada vurulan Hindistan peyvəndi pisdir. Yenə də ”dedilər" sözü işlədilir. Bütün bunları da internetdə oxuyurlar. Sovet vaxtı bu yox idi. İnsanlar bəd, qeyri-ciddi xəbərlərə daha çox meyllidir. Etiraf edirəm, özəl klinikalarda vurulan peyvəndlər daha keyfiyyətlidir, daha təmizdir. Ancaq çox bahadır. Axı o peyvəndlər bir dəfə vurulmur axı. Təkrar vurulur. Bunu maddi cəhətdən hər ailə çatdırmır.

Mən o siyahıda adı çəkilən dərmandan ancaq birini -"Prometazin"i tanıyıram, allergiya əleyhinə dərmandır. ÜST vaxtaşırı belə bəyanatlar verir. Filan dərman ziyandır, istifadə etməyin. Dünyada dərman bazarı çox gəlir gətirən bazardır. Yüz milyardlar var ortada. Bəzən bir firma o birini vurmaq üçün bunu edir. ÜST bizim üçün, yəni həkimlər üçün rəsmi qurumdur. Bu qadağan edirsə, deməli, istifadə etməməliyik!"

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, ÜST-ün xəbərdar etdiyi həmin 4 təhlükəli dərmanın satışı ölkəmizdə qadağan edilib.

Dərmanlarla bağlı təqdim edilən məlumatlar onların istifadəsini təhlükəsiz  etmək məqsədilə ciddi araşdırılır - AZƏRTAC

Fərid Həsənov 

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov mediaya açıqlamasında bildirib ki, dərmanların qeydiyyatı bir neçə mərhələdə baş verir: “Hər bir dərman vasitəsi qeydiyyata alınmazdan öncə klinikaya qədər (heyvanlar üzərində aparılan tədqiqatlar) və klinik (insanlar üzərində aparılan tədqiqatlar) tədqiqatlardan keçirilir. Klinik tədqiqatlar dərman preparatlarının inkişafının ayrılmaz mərhələsidir. Klinik sınaqlar zamanı onların effektivliyi və təhlükəsizliyi haqqında məlumat əldə etmək üçün geniş araşdırmalar aparılır. Bundan əlavə, yeni dərmanın fayda və risk nisbəti, toksiklik xüsusiyyətləri öyrənilir. Bu məlumatlara əsasən, dərmanı qeydiyyata almaq və ya qeydiyyatından imtina etmək barədə qərar qəbul edilir.

Mərkəzin Farmakonəzarət şöbəsi tərəfindən ilk olaraq dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə əlavə təsirləri və fayda-risk nisbətləri sistemli bir şəkildə izlənilir. Bunun üçün lazımi məlumat toplanılır, qeydiyyata alınır, qiymətləndirilir, arxivləşdirilir. Daha sonra dərmanların səbəb ola biləcəyi zərərlərin minimallaşdırılması üçün zəruri tədbirlər görülür. Farmakonəzarət anlayışından da göründüyü kimi, dərman vasitələrinin əlavə təsirlərinin və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələrin aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində həyata keçirilən elmi fəaliyyətdir. Dərman vasitəsinin əlavə təsirləri dedikdə onların istifadə təlimatında (içlik vərəqədə) göstərilmiş dozada istifadə edilməsi zamanı insan orqanizminin gözlənilməz mənfi reaksiyası nəzərdə tutulur. İçlik vərəqəsi hər bir dərman vasitəsinin qutusunun içində olur və həmin vərəqədə “Əlavə təsirlər” bölməsində əlavə təsirləri qeyd olunur. Əlavə təsirlərə misal olaraq, ürəkbulanma, baş ağrısı, qusma və s. göstərmək olar".

Nazirlik rəsmisi, “Aptekdən hansısa dərman vasitəsini əldə edən, amma təsirini hiss etməyən vətəndaş bu kimi hallarda hara və kimə müraciət etməlidir” sualına belə cavab verib: “Aptekdən əldə olunmuş dərman vasitəsinin təsirli olmaması (effektivsizliyi) haqqında bildiriş varsa, bunun üçün vətəndaş dərman vasitəsini (qablaşdırması ilə birlikdə) və dərman vasitəsini aptekdən əldə etdiyinə dair qəbz ilə birlikdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin ”Bir pəncərə" sektoruna ərizə ilə müraciət edə bilər. Oradan yönləndirilən müraciətlər Mərkəzin əlaqədar şöbələri tərəfindən qiymətləndirilir. Dərman vasitəsinin effektiv olmaması kimi hallar ilə bağlı əlavə təsirlər haqqında bildiriş edərkən bir dərman vasitəsinin eyni seriyası ilə bağlı müraciətlərin sayında artım müşahidə olunduğu təqdirdə qurum tərəfindən araşdırma başladılması mümkündür".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR