İnsanlara hürriyət, millətlərə istiqlal!

Son saniyə - bu gün, görün, nə yazmışam - inanılmaz köşə

1706 22.04.2022 10:00 Yazarlar A A

Əzəl başdan deyim ki, başlığı özüm belə qoymuşam. Niyyətim isə heç də əlavə oxucu qazanmaq deyil.

Bu, son aylarda milli mediada trendə çevrilmiş xəbər siyasətinə, başlıq üslubuna xəfif etirazdır. Hamılıqla marafon yarışına çıxmışıq, nəfəsimiz kəsilə-kəsilə sensasiya dalınca qaçırıq və bizi buna oxucuların günbəgün pisə dəyişən oxu zövqü məcbur edir.

Söz yox, bu zövqü xəbər yayanlar, yəni jurnalistlər və onların dövlət (eləcə də özəl) qurumlarında çalışan məmur həmkarları formalaşdırır, amma ortada oxucu istəyinin bariz göstəricisi olan statistik (İP, baxış sayı) rəqəmlər də var.

Budur,  iki gündür neçə-neçə saytda müğənni Roza Zərgərlinin, elmi dildə desək, fizioloji göstəricilərinə dair xəbərlər görürəm. Sayt əməkdaşlarını İmişli şəkər zavodunda istehsal olunan qeyri-şirin qəndin bərəkətinə and vermişəm ki, heç olmasa, bizim sayta elə xəbər qoyulmasın - lap baxış saytı rekordları qırıq-qırıq eləsə də. Bu söhbət bitməlidir, nəhayət. Elə Roza xanım yaxşı eləyib söyüş qoyub: “Bu gündən omba haqqında yazanın var-yoxu ombadır”. Bundan kreativ çəkindirici vasitə ola bilməzdi - təbii ki, nüvə bombası istisnadır (əcəb də səsləşir - omba-bomba).

Baxarsınız, əvvəl-axır Manaf Ağayev də dilə gələcək, söyüş qoyacaq. Çünki hər gün onun barəsində də nəsə bir xəbər yazan jurnalistlər var. Adamı Kıvanc Tatlıtuğa, İlon Maska döndəriblər və mövzu ağarmağa doğru gedir. İki gündür ki, saytlar Manafın yol polisi tərəfindən cərimələnməsindən yazır. Bundan əvvəl müğənninin cərimə meydançasındakı “Maybax”ının sahibinin yollarına baxa-baxa qalmasından yazırdılar. Ondan qabaq da başqa söhbət vardı - aeroport məsələsi. Ya buna “stop” etməliyik, ya da bu istiqamətdə davam edərək, Manafı izləməli və maşınıyla bağlı yenilikləri oxuculara çatdırmalıyıq: “Manaf Ağayev avtomobilinin yağını dəyişdirdi”; “Müğənni maşınına dörd yeni təkər aldı”; “Manaf Ağayev hansı YDM-in benzininə üstünlük verir?”; “Yuyucular məşhur müğənninin maşınını neçəyə yuyurlar?” və sair və ilaxır.

Bir halda ki, belə xəbərlərə tələbat var, gərək yazaq. Prinsipcə, bu cür əhəmiyyətsiz xəbərlər çoxdur. Məsələn, o gün Bakıda “Təmiz heykəl” adlı layihə həyata keçirilib, paytaxtda ucaldılmış heykəllər yuyulub. Əlbəttə, heykəllər təmiz olmalıdır. Ancaq ictimaiyyət nümayəndələrinin və medianın orada nə işi var? Bunun ölkə gündəmində xəbər olmaq əhəmiyyətli nə qədərdir ki, xalq mütləq bundan xəbər tutsun. Sakitcə öz işinizi görün də... Nazirliklərin dəhlizlərindəki xalçaları yuyanda mediada xəbər yayırlar?

Hamı belə etsə, başqa işimiz olmayacaq. Məsələn, təsəvvür edin ki, təhsil naziri hər gün səhər saat 9-da brifinq keçirir və canlı yayında ölkə ictimaiyyətinə deyir: “Bu gün orta və ali məktəblərdə yeni dərs günü başlanmışdır. Yerlərdən aldığımız məlumata görə, dərsə davamiyyət qənaətbəxşdir, tələbə və şagirdlərin tədris olunan predmetləri mənimsəməsi sahəsində hər hansı bir problem müşahidə olunmur. Dərs gününün sonunda ictimaiyyətə əlavə məlumat veriləcəkdir” və s. və i.a. Təbii ki, dərs gününün başlanması ilə bağlı jurnalistlərin çoxsaylı sualları da olur və onlara bir-bir cavab verilir. Ertəsi gün bir də...

Yaxud polislərin və hərbçilərin səhər düzülüşü haqqında hər gün məlumat vermək nə dərəcədə doğru ola bilər? Eləcə də tibb işçilərinin hər gün səhər işə gəldikləri, səhər planlaşdırmasından sonra xalqın sağlamlığının keşiyində dayanmaq üçün səfərbər olduqları barədə gündəlik məlumat yaymaq çoxmu vacib ola bilər?

Bu, oxumuş adamların sözü olmasın, rutin, gündəlik həyatdır, burada fövqəladə heç nə, xəbər əhəmiyyəti daşıyan bir şey yoxdur.

Bu xüsusda əhəmiyyətli xəbər yalnız o ola bilər ki, şəhərin bütün süpürgəçiləri sözü bir yerə qoyub işləməyələr, şəhər zibilin içində bata, gedə. Bax, bu maraqlı, aktual xəbər ola bilər. Hətta ajiotaj olar, xalq həyəcanlanar. Amma o heykəllər yüz il də yuyulmasa, xalq bunu fərq etməyəcəkdi.

Sonda onu da deyim ki, əgər belə davam etsə, mən də hər yazdığım abzasdan sonra köşə yazdığıma dair xəbər yazıb paylaşacam. Hələ yol polisi tərəfindən cərimələnən əməkdaşlarımızdan da yaza bilərik. Günaşırı biri cərimələnir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR