İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK XƏBƏRDARLIQ! 20 nömrəli məktəbdə baş verənlər digər məktəblərdə də təkrarlana bilər

4153 06.04.2023 16:23 Təhsil A A

“Hazırda məktəb bufetləri ilə bağlı ciddi bir problem var”.

Bu barədə Musavat.com-a təhsil eksperti Kamran Əsədov 20 nömrəli məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı fikirlərini bölüşərkən deyib.

O qeyd edib ki, məktəbdə bu cür hadisənin baş verməsi dəhşətdir və bu digər məktəblərdə də təkrarlana bilər:

1545286753_kamran-sdov-21.jpg (174 KB)

“Çox təəssüflər olsun ki, Elm və Təhsil Nazirliyi, yerli təhsil idarəetmə orqanları məktəb bufetlərini icarəyə verib, yalnız gəlir əldə etməklə məşğuldurlar. Orada sanitar, gigiyenik qaydalara riayət edilməsi ilə bağlı məsələlərə nəzarət etmirlər. Onlar məktəb bufetlərində adambaşına 30 qəpikdən pul yığırlar, orada yoxlamırlar ki, ərzaq köhnədir, ya keyfiyyətsizdir. Gəlirindən asılı olmayaraq təhsil qurumlarını düşündürən ancaq öz maddi maraqlarıdır. Nazirlər Kabinetinin məktəblərdə müvafiq xidmətin göstərilməsi ilə bağlı bir təlimatı var. Orada qeyd olunur ki, evdən gətirilən un məmulatlarının satışı olmamalıdır, ət məhsulları, hisə verilmiş məhsulların satışı qadağandır. Amma biz nə görürük? Buna heç kim riayət etmir. Birmənalı şəkildə müvafiq qurum bunlara göz yumur. Orada onlarla uşaq qidadan zəhərlənib. Bu sabah hər birimizin övladının başına gələ bilər. Fikrimcə, Elm və Təhsil Nazirliyi, BŞTİ bu ərzaqların satışına qadağa qoymalıdır. Qaydalar deyir ki, məktəbdə “fanta”, “cola”, “cipsi”, “fastfood”ların satışı qadağandır. Amma Gigiyena və Epidemiologiya İdarəsi də buna göz yumur. Çünki bunun arxasında adını çəkdiyim təhsil qurumlarının maddi marağı var. Məktəblərin bufetlərində ancaq pul yığırlar. Nə yoxlama var. Məktəb direktorları bufetlərinə müdaxilə edə bilmirlər. Oradan gizli gəlir mənbəyi kimi istifadə olunur. Nazirlik tenderdə məktəblərə öz məhsullarını göndərir. Nazirliyin və İdarənin fəaliyyəti nəticəsində bufetlər mini marketə oxşayırlar. Qanunvericilikdə qadağan olunmuş ərzaqlar orada satılır. Bu yaxşı hal deyil. Statistikaya baxsaq, ən çox zəhərlənmələr dövlət məktəblərində olur. Özəl məktəblərdə belə hallar yoxdur. Bu ona görədir ki, aidiyyəti qurumlar öz maddi maraqlarına bizim uşaqlarımızın sağlamlıqlarını qurban veriblər”.

Qeyd edək ki, aidiyyəti qurumların hadisə ilə bağlı ilkin açıqlamaları var. Hadisənin təfərrüatı, qurumlara ünvanlanan ittihamlarla bağlı həm Elm və Təhsil Nazirliyinə, həm də BŞTİ-yə sorğu göndərmişik. Cavab verildiyi halda yayacağıq.

Yada salaq ki, bu gün 20 nömrəli məktəb-liseyin bufetində kütləvi zəhərlənmə olub. Şagirdlərin toyuq ətindən zəhərləndiyi bildirilir. Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb. Zəhərlənən şagirdlər huşsuz vəziyyətdə evakuasiya edilib.

Məktəblərdə ət məhsullarının satışının qadağan olunması ilə bağlı suala Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Musavat.com-a bildirildi ki, bununla bağlı aidiyyəti qurumlar araşdırma aparır, nəticələr barədə məlumat veriləcək.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR