İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK QƏRAR: Şeyxin dini kolleclərinin diplomları tanınmayacaq

2377 05.07.2023 13:13 Təhsil A A

Deputat hesab edir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu qərarı çıxış yolu deyil

“Dini təhsil bu gün əsas prioritet istiqamətlərimizdən biridir. Dini duruma olduğu kimi, dini təhsil sahəsinə də mümkün qədər nəzarətin təmin edilməsi, habelə xarici təsirlərin dini təhsillə bağlı proseslərdən kənar tutulması olduqca vacibdir”. Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri, dinşünas Elnarə Kərimova deyib.

Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi region, bu regionun həssaslığı, kənar təsirlərin mövcudluğu, eyni zamanda ölkəmizdəki dini durum, tarixən formalaşmış tolerantlıq ənənələri və burada mövcud olmuş məzhəblərarası münasibətlər dini təhsil sahəsinə ölkəmizin hərtərəfli təhlükəsizliyi prizmasından baxılmasını zəruri edir: “2018-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldıqdan sonra dini təhsil sahəsində yeni mərhələyə qədəm qoyuldu. Ötən müddət ərzində institut formalaşma dövrü keçib və bu formalaşma dövründə artıq öz məzunlarını verib. Hətta məzunların bir qismi təyinat da alıb. Bütün bunlar onu göstərir ki, İlahiyyat İnstitutu etimadı və ona bəslənən ümidləri doğruldur və doğrultmaqda davam edir”.

Elnarə Kərimova bildirib ki, dini orta ixtisas təhsili müəssisələrinə, yəni mədrəsə, İslam kolleclərinə gəlincə, hazırda ölkədə 5 dini orta ixtisas təhsil müəssisəsi - Lənkəran İslam Kolleci, Şəki İslam Kolleci, Əliabad İslam Kolleci, Zaqatala İslam Kolleci və Şəbnəm (qızlar) İslam Kolleci fəaliyyət göstərir:

""Dini etiqad azadlığı haqqında" Qanuna əsasən, dini təhsil müəssisələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçməklə yanaşı, xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərməli və onlara qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmalıdır. Lakin Qafqaz Müsəlmanları İdarəsinin təsisçisi olduğu və Gənclərə Yardım Fondunun himayəsi altında fəaliyyət göstərən bu kolleclər lisenziya almadıqlarına görə oraya qəbul da Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmir. Bu da cari ildən həmin kolleclərə qəbul olan şəxslərin diplomlarının etibarsız hesab ediləcəyi deməkdir. Bununla bağlı həmin kolleclər artıq rəsmi olaraq məlumatlandırılıb".

Rəsul Mirhəşimli - 55

Rəsul Mirhəşimli 

İlahiyyatçı Rəsul Mirhəşimli “Yeni Müsavat”a bildirdi ki, bütün sahələrdə olduğu kimi, dini təhsil də qanunların tələbləri səviyyəsində tənzimlənməlidir. Onun fikrincə, Azərbaycanda fəaliyyət göstərən dini orta ixtisas təhsil müəssisələrinin diplomlarının tanınmaması ilə bu problem əsaslı şəkildə həll olunmuş sayılmır: “Ali dini təhsil almaq istəyənlərin dini biliklərinin formalaşması üçün bu tipli kolleclərin də formalaşmasına ehtiyac var. Onun üçün dövlət ya bu məktəblərin bazasını yenidən qurmalı, ya da təhsil bazasının artırılması üçün müəyyən tədbirləri həyata keçirməlidir. Bu kolleclərin dövlətin nəzarətində fəaliyyət göstərməsi üçün hüquqi prosedurlar yetərli deyilsə, yeni kolleclərin təşkili ilə müəyyən irəliləyişə nail olmaq mümkündür. Azərbaycanda yüksək səviyyədə ali təhsil verən İlahiyyat İnstitutu fəaliyyət göstərir. İllər keçdikcə bu ali təhsil məktəbində dərs deyən peşəkar kadrların hesabına dini biliklərin öyrədilməsinin keyfiyyəti daha da artacaq. Əgər dünyəvi təhsil verən ali məktəblərə qədər kolleclər fəaliyyət göstərirsə, dini kolleclərin də olması əlavə problem yaratmayacaq. Bu halda həmin kolleclər dövlətin himayəsini hiss edəcək, orada təhsil alanlar da dini bilikləri dövlətimiz vasitəsilə almış olacaq. Bir sözlə, vətəndaşlara dini bilikləri özümüz öyrətməklə Vətənə bağlılıq üçün mənəvi keyfiyyətlər də aşılanmış olacaq. Əgər dini bilikləri özümüz öyrətməyə çalışmasaq, özgələr müxtəlif missiyaların təsiri ilə "öyrətməyə" çalışacaq. Azərbaycanın inanclı insanları “Vətəni sevmək imandandır” hikmətinə söykənən insanlardır. Bu baxımdan da Azərbaycan dövləti dini təhsilin bazasını genişləndirməklə inanclı insanların biliklərinin təkmilləşdirilməsinə yardımçı ola bilər. Etiraf edək ki, insanlar bir-birindən biliklər əldə etmək bacarıqlarına görə fərqlənirlər. Cəmiyyətdə dünyəvi təhsil almaq istəyənlər hamısı ali məktəblərə imtahanlarda uğur qazana bilmədikləri kimi, dini təhsil almaq istəyənlərin də bilik səviyyəsi fərqlənir. Bu baxımdan, dini təhsil ardınca gedənlərin hamısı təbii olaraq, İlahiyyat İnstitutuna qəbul ola bilmir. Həmin insanlar dövlətin himayəsindəki dini kolleclərdə oxuya bilərlər".

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov

Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, kolleclərin fəaliyyətinin dayandırılması məsələdən çıxış yolu deyil. C.Məmmədov bu kolleclərin mütləq əksəriyyətinin xeyli zamandır fəaliyyət göstərdiyini və Azərbaycanda dini vəziyyətə təsir göstərdiyini bildirdi: “Əliabad İslam Kolleci, Şəki İslam Kolleci, illər öncə Xosrov mədrəsəsi var idi ki, fəaliyyəti qənaətbəxşdir. Lənkəran İslam Kolleci nisbətən yeni müəssisədir, hazırda fəaliyyət göstərsə də, bütün tələblərə cavab vermir. Şəbnəm İslam Kollecində isə yalnız qızlar təhsil alır. Azərbaycanda yalnız ali dini təhsil müəssisəsinin olması yetərli deyil. Eyni zamanda kolleclərin fəaliyyəti önəmlidir. İllər öncə Prezident Administrasiyasında işləyərkən Azərbaycanda 10 kollecin fəaliyyət göstərməsinə icazə vermişdik. Fikrimcə, kolleclərin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, yaxud İlahiyyat İnstitutunun nəzarətində fəaliyyət göstərməsi məqsəduyğun olar. Bu kolleclərin fəaliyyətinin dayandırılması bir tərəfdən müsbət təsir göstərsə də, digər tərəfdən mənfi təsir göstərəcək. Digər sahələrdə olduğu kimi, ali təhsil müəssisələri ilə yanaşı, kolleclər var, dini təhsil sahəsində də bu təcrübəni tətbiq etmək olar”.

Millət vəkili xüsusilə şimal bölgəsinə diqqət çəkərək qeyd etdi ki, bu bölgədə dini kolleclərin fəaliyyətinin dayandırılması Rusiya və digər qonşu ölkələrin təsirini artıra bilər: “Diqqətli və həssas yanaşmaya ehtiyac var. Əgər lisenziya ilə bağlı problem varsa, bunu həll etmək olar”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR