İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: Pentaqon təlimatçısı İrəvanda oturacaq! - Ermənistan revanşa hazırlanır?

2572 17.07.2024 08:00 Siyasət A A

Qərb İrəvana bölgəni qarışdırmaq sifarişi verə bilər; ekspert: “Bu addımlar kapitulyant ölkəyə baha başa gələcək...”

Suriyadan sonra ərazisində həm ABŞ, həm də Rusiya (Qərb) hərbçiləri olan tək ölkə Ermənistandır. Hərçənd kapitulyant ölkə “Rus NATO-su”nun - KTMT-nin rəsmi üzvüdür. Di gəl, nə 2-ci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən, nə də Suriyanın aqibətindən dərs götürməyən Nikol Paşinyan hökuməti “iki stul” siyasətini davam etdirir. 

Əsas məqsəd şübhəsiz, vaxt udub Azərbaycan qarşısında təzədən toparlanmaq, sülh müqaviləsi imzalamaqdan yayınıb revanşa hazırlaşmaqdır. Fransadan, Hindistandan alınmağa davam edən hücum silahlarının, Brüsseldə bu il aprelin 5-də “üçlü format”da (ABŞ-Avropa Birliyi-Ermənistan) keçirilmiş yüksək səviyyəli görüşün tək hədəfi də əsasən budur. Görünən odur ki, ABŞ başda olmaqla, Qərb sülhdən dəm vursa da, altdan-altdan Ermənistanı silahlandırır, ona hərbi təlimlər keçir. 

Ermənistanda ABŞ ilə birgə təlimlər başladı » Milliinfo.az

Yeri gəlmişkən, iyulun 15-dən Ermənistanda "Eagle Partner 2024" kod adlı ABŞ-Ermənistan birgə təlimləri başlayıb. Təlimlər 9 gün çəkəcək. Rəsmi məlumata görə, təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında koordinasiyanın səviyyəsinin yüksəldilməsi, idarəetmə və kommunikasiya sahəsində təcrübə mübadiləsi və (diqqət!) Ermənistan hərbçilərinin döyüş hazırlığının artırılmasıdır. Yada salaq ki, əvvəlki erməni-amerikan təlimləri ötən ilin sentyabrında baş tutub. 

Erməni hərbi ekspert Leonid Nersisyan hesab edir ki, iyulun 15-də Ermənistanda başlayan birgə hərbi təlimləri yalnız başlanğıcdır: “Ən əsası odur ki, ABŞ əvvəllər Ermənistan ərazisində hərbi təlimlər keçirməyib. Bu, çox ciddi addımdır”.

Onun sözlərinə görə, hazırda Ermənistan ordusunun daha ciddi hərbi təlimlərə, məsələn, quru qoşunlarının təlimlərinə ehtiyacı var. “Söhbət təkcə hərbi təlimlər və ABŞ-la hərbi sahədə əməkdaşlıqdan getmir. Məsələn, artıq Amerika ordusunun nümayəndəsinin Ermənistanın Müdafiə Nazirliyində işləməsi ilə bağlı qərar var ki, bunu da çox mühüm sayıram”, - Nersisyan əlavə edib.

Bəs görəsən, konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddialarını çıxarıb onu beynəlxalq hüquqa uyğunlaşdırmaqdan israrla boyun qaçıran bir ölkə nəyə hazırlanır? Belə təlimlərin gerçək hədəfi nə? Sülhə, sülh danışıqlarına töhfə beləmi olur? KTMT üzvü Ermənistanın bu qütbə qarşı olan ABŞ-la birgə hərbi təlimlər keçməsi nədən xəbər verir?

Rövşən Məhərrəmov 

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanı hakimiyyətə gətirən və hakimiyyətdə saxlayan başda ABŞ olmaqla Qərbdir: “Ona görə də Paşinyan gələn gündən Ermənistanın istiqamətini Qərbə yönəldib. Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda qalma müddətini belə Paşinyan uzatmaq istəmirdi. Lakin Rusiyanın təzyiqləri ilə o, buna razılıq verməli oldu. Buna baxmayaraq, Paşinyan hakimiyyəti anti-Rusiya xəttini davam etdirdi. Son zamanlar isə bu siyasət daha da kəskin xarakter alıb. 2020-ci ildə 44 günlük müharibədə məğlub olan Ermənistan əhalisinin anti-Rusiya əhvalına köklənməsi üçün bu məğlubiyyət Paşinyan üçün sanki bir bəhanə olaraq ələ düşdü. O vaxtdan etibarən davamlı olaraq Ermənistan mediası, siyasi dairələri Rusiyaya qarşı təbliğata keçdi. Təbliğat elə həddə çatdı ki, erməni cəmiyyətinin böyük hissəsində Rusiyaya qarşı nifrət əhval-ruhiyyəsi yarandı. 

Bu, ABŞ-ın çoxdankı arzusu və istəyi idi. Həyata keçirilən planın hədəflərindən biri məhz bu idi. Buna da nail olundu. Ardınca Rusiyanın patronajlıq etdiyi KTMT-dən məsafə saxlamaq xətti yürüdülməyə başlandı. KTMT-yə rəhbərlik eləyən erməni general geri çağırıldı və ona cinayət işi açaraq həbs etdilər. Bu da İrəvanın Rusiyadan uzaqlaşmaq xəttinin daha bir hissəsi idi. Nikol Paşinyan KTMT-dən, Rusiyadan uzaqlaşdıqca ABŞ-a, Qərbə daha da yaxınlaşırdı. Çünki onun üzərinə bu öhdəlik götürülərək hakimiyyətə gətiriblər. Ermənistanın KTMT təlimlərindən, KTMT toplantılarından imtina edib ABŞ hərbçiləri ilə birlikdə hərbi təlimlərə başlaması isə artıq hər şeyi ortaya qoymuş oldu. Beləliklə, aydın görünməyə başladı ki, Nikol Paşinyan Ermənistanı Rusiyanı ABŞ-la əvəz etməkdə qərarlıdır".

Polkovnikin sözlərinə görə, ABŞ və Fransa Ermənistanın hərbi gücünü artırır ki, həm Rusiya, həm də Azərbaycan və Türkiyə qarşısında özünü zəif hiss etməsin: “ABŞ-a lazım olanda hərbi dəstək verdiyi Ermənistana Cənubi Qafqazı qarışdırmaq sifarişini verəcək. Hətta Rusiyanı qarışıqlıq yaradılmış Cənubi Qafqaz bataqlığına cəlb etmək də gələcək hədəflərdən sayıla bilər. 

Ermənistan-ABŞ birgə hərbi təlimləri başlayıb » Ulusum.az

Ermənistanın son zamanlar sülh müqaviləsi mövzusundan uzaqlaşmaq, sərhədlərin delimitasiyası və demarkasiyası prosesini sanki dondurmaq xətti yürütməsi də Qərbdən ona verilən dəstəklə əlaqədardır. Ermənistan hesab edir ki, artıq ABŞ onun hərbi qüvvələrini gücləndirməyə başlayıb və bir müddətdən sonra güclənmiş ordusu ilə yenidən Azərbaycana qarşı müharibəyə başlaya bilər. Qərbin, əsasən də ABŞ-ın Ermənistana hərbi yardımları, birgə təlimləri Cənubi Qafqazda sabitliyə, sülhə ən böyük təhdiddir.    

İndi isə növbə gəlib çatıb ABŞ hərbçilərinin Ermənistan Müdafiə Nazirliyinin idarəçiliyini ələ keçirməsinə. Amerika ordusunun nümayəndəsinin təlimatçı adı ilə Ermənistanın Müdafiə Nazirliyində işləməsi ilə bağlı qərarın verilməsinin başqa adı yoxdur. KTMT-nin üzvü olan Ermənistan KTMT-yə qarşı olan qütbün silahlı qüvvələri ilə birgə təlimlər keçirir, Müdafiə Nazirliyinə KTMT-yə qarşı olan qütbün hərbçilərini cəlb edir. Məncə, Ermənistanın bu addımları ona çox baha başa gələcək. Rusiya bir gün sərt pəncəsini Ermənistanın üzərinə endirəcək və bu zaman cılız Ermənistan elə əziləcək ki, dövlət kimi ayaq üstə dayana bilməyəcək.

Eyni zamanda burada İran amilini də unutmamaq lazımdır. Paşinyan İranın sərhədindəki Ermənistanı ABŞ-ın meydançasına, hərbi poliqonuna çevirirsə, Tehran üzdə indilikdə özünü təmkinli göstərsə də bir gün qəzəbini büruzə verəcək. O zaman Ermənistanın nəfəsliyi kəsilmiş olacaq. Paşinyan ABŞ hərbi qüvvələrini İran sərhədinə cəmləşdirmək siyasətini yürüdürsə, Tehranın bunu sonadək sakit şəkildə izləyəcəyi ehtimalı çox azdır". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR