İnsanlara hürriyət, millətlərə istiqlal!

Sofiyadan MESAJ: Avropanın yenidən çizilən enerji xəritəsində Azərbaycanın rolu daha da artacaq

969 01.10.2022 20:22 İqtisadiyyat A A

Bu gün Bolqarıstanda bu ölkənin qaz şəbəkəsini Yunanıstanla birləşdirən interkonnektorun (IGB) açılış mərasimi keçirilib. Mərasimdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Bolqarıstan, Azərbaycan, Serbiya, Şimali Makedoniya prezidentləri, Yunanıstan və Rumıniyanın baş nazirləri iştirak ediblər.

2dafeabc-ed58-307b-bc78-55e2fba32ead_850.jpg (95 KB)

Qeyd edək ki, Azərbaycandan Cənub Qaz Dəhlizi ilə nəql olunacaq qazı Yunanıstan sərhədindən Bolqarıstana çatdırmağa başlayan IGB-nin işə salınması Balkan ölkələrinin enerji təhlükəsizliyinə çox böyük töhfədir. Belə ki, Rusiyanın Ukrayna ərazilərinin ilhaqını rəsmiləşdirməsindən sonra Ukraynada müharibə yeni və daha amansız mərhələyə daxil olur: Qərb Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirir, Rusiya isə əlindəki bütün rıçaqları işə salır. Artıq Avropada hamı yaxın həftələr ərzində Rusiyadan qaz idxalının tamamilə dayanacağını gözləyir. “Şimal axını” kəmərlərindəki partlayışlar bu marşrutla qaz nəqlini mümkünsüz hala gətirib. Hazırda Mərkəzi və Qərbi Avropaya qaz nəqli yalnız Ukrayna ərazisindən həyata keçirilir. Bir neçə gün əvvəl “Qazprom” şirkəti Ukraynanın “Naftoqaz” şirkətinin ona qarşı Beynəlxalq Arbitrajda iddia qaldırmasına görə Ukrayna ərazisindən qaz nəqlini dayandıra biləcəyini açıqlayıb. Bu isə yaxın vaxtlarda Rusiyanın Avropaya qaz verməkdən tamamilə imtina edəcəyindən xəbər verir. Belə bir şəraitdə Azərbaycandan Bolqarıstana qaz nəqlini artırmağa imkan verən interkonnektorun işə salınması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini irəli sürüb, onu icra etdiyi illərdə Avropada bu layihəyə ciddi maraq nümayiş olunmurdu. Avropa Birliyi layihəyə siyasi dəstək versə də, onun maliyyələşməsində iştirak etmədi. İndi isə geosiyasi şərtlər kəskin şəkildə dəyişib: Avropanın Rusiyadankənar mənbələrdən gələn hər milyon kubmetr qaza ehtiyacı var. Azərbaycandan gedən qazın bir hissəsi Avropanın qaz şəbəkəsi ən az inkişaf etmiş hissəsinə  - Balkanlara gedir. Bu isə başlamaqda olan payız-qış mövsümündə demək olar ki, həyati əhəmiyyətə malikdir.

Azərbaycan Prezidenti İlham Əliyev IGB-nin açılış mərasimindəki çıxışında ölkəmizdən ötürülən qazın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynadığını qeyd edib: “Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə o, Bolqarıstana daxil olur.

792b7a47-b7b7-383d-915c-62aeeafd37f4_850.jpg (61 KB)

Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olub. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcək.

ce04c563-b73f-3e99-ae03-2dbc2dbe94a1_850.jpg (99 KB)

Uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir. Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır. Artıq söylədiyim kimi, bu ilin iyul ayında biz xanım Prezident Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox əhatəli sənəddir, ona əsasən, 2027-ci ilə qədər biz təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırırıq və bunu etməyə tam potensialımız var.

Biz TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla artıq məsləhətləşmələrə başlamışıq. Çünki bu olmadan əlavə təchizatı təmin etmək çətin olacaq”.

bf1ec019-6efd-3b22-92e2-771b20c91688_850.jpg (172 KB)

Prezident Azərbaycanın bərpa olunan enerji mənbələrindən enerji istehsalına böyük əhəmiyyət verdiyini vurğulayıb: “Əminəm ki, bu yaxınlarda Azərbaycan Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəkdir. Külək enerjisi sahəsində təkcə Xəzər dənizində təsdiq edilmiş potensialımızın həcmi 157 qeqavatdır. Hazırda biz avropalı tərəfdaşlarımızla bu enerjinin Avropa qitəsinə çatdırılması barədə müzakirələr aparırıq”.

Qeyd edək ki, Azərbaycanla Bolqarıstan arasında iqtisadi-siyasi münasibətlər həmişə dostluğa, strateji tərəfdaşlığa əsaslanıb. 2015-ci ildə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bolqarıstan 2013-cü ildə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilərək Cənub Qaz Dəhlizi ilə nəql olunacaq qazın 1 milyard kubmetrini əldə etmək üçün layihə tərəfdaşları ilə müqavilə imzalayıb. Bu ölkənin illik qaz istehlakı 3 milyard kubmetr təşkil edir ki, bunun da 80 faizi Rusiyadan alınırdı. Lakin aprel ayından Rusiyadan qaz idxalını tamamilə dayandıran Bolqarıstan Azərbaycan və digər mənbələrdən yeraltı anbarlarını 80 faizə yaxın doldursa da, bu, qışda istiliksiz qalmaq üçün yetərli deyil. Bu baxımdan, Azərbaycandan qaz idxalının artması ölkə üçün çox mühüm əhəmiyyət kəsb edir. İlin sonunadək Azərbaycandan Bolqarıstana çatdırılacaq qazın həcmi 600 milyon kubmetr təşkil edəcək. Bu isə ölkənin ümumi istehlakının 20 faizə yaxını deməkdir. Növbəti illərdə isə bolqarlar ildə 2 milyard kubmetr Azərbaycan qazı almağa iddialıdırlar.

IGB ilə nəql olunacaq qaza həmçinin Serbiya, Rumıniya, Şimali Makedoniya, hətta Ukrayna da iddialıdır. Təsadüfi deyil ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen interkonnektorun açılış mərasimində növbəti dəfə Azərbaycanı etibarlı tərəfdaş adlandırıb, bildirib ki, Bolqarıstan və Yunanıstan arasındakı İnterkonnektor (IGB) layihəsi 10 ildən artıqdır ki, masa üzərində olub: “Bu layihə ilə bağlı məsələlər və müzakirələr 2009-cu ildən başlayıb. Həmin vaxt Bolqarıstan “Qazprom”un qərarından ciddi zərər görmüşdü, çünki “Qazprom” Ukrayna ərazisi vasitəsilə qaz ixracından imtina etmişdi. Bu layihənin reallaşması zaman aldı, ancaq biz qətiyyətli olduq. Bu layihə səbir tələb edirdi. Bu gün bu layihənin işə başlaması münasibətilə Bolqarıstan və Yunanıstan hökumətlərini təbrik edirəm. Aİ bu layihəni ilk gündən dəstəkləyib. Biz həm siyasi, həm də maliyyə dəstəyi vermişik. Mən deyərdim ki, bu gün həm Bolqarıstan, həm də Cənub-Şərqi Avropa üçün yeni era başlayır”.

18565673-3d49-3b79-bee4-9b85efa0f305.jpg (77 KB)

Avropa Komissiyasının prezidenti xatırladıb ki, Bolqarıstan Rusiyanın Ukraynaya qarşı müharibə elan etdiyi zamanadək 80 faiz qazını Rusiyadan idxal edirdi: “Bu, Rusiyanın Ukraynaya hərbi müharibəsi və Avropaya qarşı enerji müharibəsinə başlamazdan öncə idi. Bu gün bu layihə ciddi şəkildə vəziyyəti dəyişir, həm Bolqarıstan, həm də Avropanın enerji təhlükəsizliyi məsələsində. Bu, Rusiya qazından asılılığın aradan qaldırılması, müstəqillik deməkdir”.

Xanım Lyayen vurğulayıb ki, bu cür layihələrə görə Avropanın qış üçün kifayət qədər qaz tədarükü olacaq: “Avropa bu istiqamətdə çox çalışıb, vacib addımlar atıb, xüsusilə də son aylarda: “Rusiya qazının alternativ qaz mənbələri ilə, yəni daha etibarlı mənbələrlə, tərəfdaşlarla əvəz olunması. Azərbaycan Prezidenti İlham Əliyev buradadır, mən bu məqsədlə iyul ayında sizi ziyarət etdim. Azərbaycan, Norveç, ABŞ, Əlcəzair kimi etibarlı təchizatçılarımız və dostlarımız var. Onlar bu kritik anda bizə kömək edirlər”.

Prezident İlham Əliyev Sofiyada keçirdiyi görüşlərdə Azərbaycanın Asiyadan Avropaya yükdaşımalarda tranzit ölkə kimi əhəmiyyətinin artdığını bildirib.

7c60f5e3-7aeb-3a22-802a-a2bc4757ec61_850.jpg (78 KB)

Prezident qeyd edib ki, yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyinin təmin olunması önəmli məsələdir: “Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır - dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar. Yeni əməkdaşlıq imkanları araşdırılacaq. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR