İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasət qrossmeysterinin gedişləri – O, ağlarla başladı, düşməni 4 gedişə mat qoydu

3726 17.04.2024 21:11 Analitika A A

Günümüzdə elə hadisələr yaşayırıq ki, bunlara “200 ilin hadisəsi” deyəndə, bəlkə də bəzilərinə şişirtmə və bəlağət elementi kimi görünür, amma elə deyil, bu dediklərimiz sırf reallığı əks etdirir.

Son 200 ildə ilk dəfədir ki, Qarabağda erməni yoxdur. Bu, bölgədə sülh və əmin-amanlığın bərqərarı deməkdir. Bu 200 ildə ermənilər zaman-zaman bu bərəkətli, cənnətməkan mahalı cəhənnəmə döndəriblər, araya qan salıblar, günahsız insanları qəddarcasına qətlə yetiriblər, sonra layiqli cavablarını alanda 20, 30, bəzən 70 il susublar, düşmənçiliklərini gizli-gizli, altdan-altdan sürüdürüblər, əlverişli fürsət tapan kimi yenə xalqımızı dalayıblar.

İndi “ocaq başındakı xain düşmən” amilindən qurtulmuşuq. Bu, 200 ilin hadisəsidir və bunu nə danmaq olar, nə də küçümsəmək. Məsələnin gerçək mahiyyəti budur.

1988-ci ildə Qarabağ sevdası ilə meydana çıxanların 95 faizinin başqa bir dərdi yox idi, hamısının dərdi torpaq dərdiydi. Demokratiya, insan haqları, seçib-seçilmək kimi məsələlər sonradan çıxdı. Əvvəlcə hamının “fikri, düşüncəsi, zehni, diləyi” Qarabağı qorumaq, onun düşmən əlinə keçməsinin qarşısını almaq idi. Amma bu, o dövrün hərəkatçılarına müyəssər olmadı. Gözəl mahal, qalın meşəli, yaşıl çəmənli, bəhərli bağ-bağatlı, bol sulu, çaylı, göllü, qara şabalıdı torpaqlı Qarabağ əldən getdi.

Ordumuz onu 2020-ci ildə geri alanda artıq Qarabağ o Qarabağ deyildi, şəhərləri, kəndləri xaraba qalmışdı, gen dərələri minalanmışdı, təpələri səngər-səngər olmuşdu, yamaclarının altı bunker idi. 

Agdam_1.jpg (7.68 MB)

Ancaq torpaq həmin torpaqdır, çox keçməyəcək, o bərpa olunacaq, yenidən məskunlaşacaq, əvvəlkindən də abad və gözəl olacaq. Ən ümdəsi, artıq bu mahalda yaşayanlar namərd qonşunun qəfləti hücumuna görə əndişə duymadan uyuyacaq, könül rahatlığı ilə oyanacaqlar. Son 200 ildə ilk dəfə belə olacaq.

Son 200 ildə ilk dəfə Azərbaycan torpağında başqa bir dövlətin əsgəri, hərbi bazası olmayacaq. Hətta 1992-ci ildə Rusiya SSRİ-dən qalma hərbi qarnizon və anbarları bağlayıb, ordu kontingentini götürüb ölkəni tərk edəndə belə Azərbaycanın şimalında, Qəbələ rayonunda radiolokasiya stansiyası qalmışdı və rus hərbçilər orada xidmət keçir, növbə çəkirdilər. Üstəlik, Qarabağın dağlıq və düzən hissəsində Ermənistanın ordusu vardı.

2024-cü ilin bu günlərindən isə Azərbaycanda daha nə rus ordusu olacaq, nə də erməni ordusu.

Bu, 200 illik nailiyyətdir. Paskeviçlərin, martınovların, qaryaginlərin, vorontsovların müasir xələfləri öz ölkələrinə getdilər.

2020-ci ilin noyabrında Rusiya sülhməramlıları “zəlzələ-vəlvələ” üzündən ölkəmizə gələndə, açığı, daimi qərəzkar adamlarla yanaşı, milli vətənpərvərlər də pərt olmuşdular. İkincilər Qarabağın böyük hissəsinin düşmən tapdağından azad olunmasının sevincini yaşaya-yaşaya, boğazlarında “sülhməramlı ödü” hiss edirdilər. Dövlət başçısı İlham Əliyev təkrar-təkrar “nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyəndə pessimist ovqatlı bir sıra adamlar yəqinlik hasil etdilər ki, indiyə qədər dediyi hər şeyi birər-birər həyata keçirən rəhbər havayı söz demir, gerçəkdən də bir bildiyi var. Onlar Prezidentə inanmağı, güvənməyi üstün tutdular.

Amma islaholunmaz qərəzkarlar vardı, dil boğaza qoymadan, tutuquşu kimi bir-birinin sözünü təkrarlaya-təkrarlaya deyirdilər: “Hanı Xankəndi? Xocalı hanı? Ağdərə, Əsgəran necə oldu? Xocavənd harda qaldı?”.

Bu şəxslər istənilən müqəddəsata əl uzadıb and içməyə hazır idilər ki, Qarabağın dağlıq hissəsindəki ermənilərin əlində qalan yaşayış məntəqələri elə ermənilərə də qalacaq, Azərbaycan bu bölgəyə ya muxtariyyat, ya da müstəqillik verəcək, başqa sözlə, Qarabağın dağlıq hissəsi əldən çıxacaq. Onlar İrəvan-Moskva-Bakı arasında bu məsələyə dair gizli razılaşmalar olduğundan əminliklə bəhs edirdilər – saziş yanlarında imzalanıbmış kimi.

Ayrıca Rusiya sülhməramlılarını yenidən Azərbaycana qayıtmasına, dünənə qədər erməni tapdağında olan Xocalı aeroportunda hərbi baza qurub yerləşməsinə icazə verilməsini rəsmi Bakının xalqa xəyanəti adlandırırdılar. 

sulhmeramli-qarabag.jpg (52 KB)

Onlarınkı təkcə müxalifətçilik düşüncəsindən irəli gəlmirdi, doğrudan da inanırdılar, yaxud özlərini inanmağa məcbur edirdilər. Məsələn, okeanın o tayında fəaliyyət göstərən internet TV-nin efirindən hər gün anti-Azərbaycan məzmunlu çıxışlar edən şəhid qızı Sevinc Osmanqızı deyirdi ki, Rusiya tamam çöksə də, öz ordusunu Ukraynadan, Moldovadan, Gürcüstandan, hər yerdən çıxaracaq, amma Azərbaycandan çıxarmayacaq. “Əgər İlham Əliyev 2025-ci ildə rus ordusunu Azərbaycandan çıxarsa, mən ona “bravo” deyəcəm, birinci deyəcəm, rəhbər deyəcəm”, - deyirdi xanım Osmanqızı.

Görünür, o da inanırdı ki, elə şey olmayacaq. Ancaq Prezidentin nəyi nə vaxt, necə edəcəyinə inanlar çox idi. Çünki onlar əməldə görmüşdülər ki, o, dediyini edir.

2020-ci ildə baş verən 44 günlük müharibə də, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatı da qrossmeystr dəqiqliyi ilə ölçülüb-biçilmişdi, sonrakı beş gedişin nə olacağı ölkə rəhbərinə öncədən bəlliydi. Ancaq bunları detallarına qədər açıb demək mümkün deyildi, İlham Əliyev, sadəcə, bir anons vermiş, “işimiz yarımçıq qalmayacaq” demiş, hansı ilin hansı ayında xalqa müjdə verəcəyini özündə saxlamışdı.

Artıq 1988-ci ildə yüz minlərlə insanı Azadlıq meydanına toplayan dərdlərimiz sıfırlanıb, indi xırda-para qayğılarımız, problemlərimiz var.

Azərbaycan xalqı əmindir ki, 200 ilin problemlərini son 4 ildə həll edən lider yerdə qalan problemləri də bir neçə ilin içində həll edəcək. 

ali_bas_k111111111omutan.jpg (309 KB)

Xalqımız şanslıdır ki, tarix boyunca həmişə qoçaq, müdrik, qətiyyətli, sözünün ağası olan liderləri olub. Bu günsə onlardan ən qətiyyətlisinin, strateji düşüncəsi və üstün zəkası, geniş vizionu, Allah və millət qatında ən şanslısının rəhbərliyi altında yaşayırıq. İlham Əliyev özü bu xalqın son 200 ildə başına gələn ən yaxşı hadisədir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR