İnsanlara hürriyət, millətlərə istiqlal!

Sirr dağıdan zəvzəklərin smartfonlu xələfləri

1566 03.08.2022 08:25 Yazarlar A A

 

İnformasiya belədir: “Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib”.

Təfərrüatda aydın olur ki, bunlar sosial şəbəkələrin milli seqmentində (bu da əcəb gözəl sözdür, qarşılığı tapılmasa da, çox dəbdədir) “tanış MAXE”, “MAXE qohum” şərti adları ilə məşhur olan hərbçilərdir.

MAXE-nin nə olduğunu çox adam bilir, az-az bilməyənlər üçün aydıraq ki, bu, “müddətdən artıq xidmət edən” deməkdir, zabitdən kiçik, əsgərdən böyük hərbi vəzifəlilərdir. Dünyanın hər yerində MAXE-lər ordunun motoru sayılırlar.

İntəhası, onların çoxunun bir minusu var ki, dillərinə, əllərinə, bəzən hətta bellərinə yiyə durmurlar. Bu, sonuncu haqq-hesabın orduya, onların peşə fəaliyyətinin xüsusiyyətlərinə o qədər də dəxli yoxdur, amma dilinə və əlinə sahib çıxmayan MAXE “arzuolunmaz” hərbçidir.

Çünki o dilinə yiyə durmayanda, orda-burda “ordan getdik, burdan gəldik”, “əmr almışıq, 3-4 günə filan yerə girəcəyik”, “hazırlıq başlanıb, ciddi hadisələr olacaq” deyə lovğa-lovğa danışıb, hərbi sirri pozurlar, nəticədə yuxarı dairələrdə qovğa yaranır.

Bundan daha pisi həmin MAXE-lərin əlinin dinc durmamasıdır. Nadinclik edən MAXE-nin əli cibdən smartfonu çıxarır, lazım olan-olmayan hər şeyi çəkir, sonra onu ya özü sərbəst şəkildə sosial şəbəkələrə yerləşdirir, ya da öyünmək üçün qohum-əqrəbaya göndərir. Qohum da öz növbəsində öyünmək üçün həmin görüntüləri yayır. Nəticədə hərbi sirr pozulur. MAXE-nin canlı yayım açması isə dəftərə-kitaba sığan şey deyil.

Əslində eşq-məşq müstəvisində dinc durmayan MAXE-lər də bildiklərini və bilmədiklərini gedib cüvənəzənlərə (məşhur “civi” kəlməsi bu sözün qısaldılmış variantıdır, bəlkə də) danışarkən hərbi sirri pozurlar, amma bu məsələnin dərininə getmək olmur – ayıbdır, camaatın anası-bayıssı, ailəsi, uşağı var.

Bax, belə olanda böyük zabitlər məcburdurlar ki, müddətdən artıq xidmət edən və dinc durmayan hərbi qulluqçuları ordudan kənarlaşdırsın. Bu günlərdə eyni hadisə kiçik çavuş Fərəcovun və əsgər Bayramlının başına gəlib. Onlar xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb.

Komandanlıq bildirir ki, bundan sonra da mobil telefonlarından ünsiyyət vasitəsi kimi yox, şou səciyyəli hərəkətlər üçün istifadə edən hərbi qulluqçular barəsində də ciddi tədbirlər görüləcək. Hətta cümlənin sonunda yazılan fel “görüləcəkdir” şəklində ifadə edildiyi üçün şübhə doğurmur ki, deyildiyi kimi də ediləcəkdir.

Bu, o deməkdir ki, eksklüziv informasiya mənbəyi olan və yaydıqları informasiyanı görüntülərlə qüvvətləndirən “tanış MAXE-lər”in sayı azalacaq. Əlac qalır, onlardan bəzilərinin çənələrini boş qoyub zəvzəmələrinə. Elə xalqımızın hər şeylə maraqlanan kəsimi və düşmənlər də o zəvzəklərə ümid edir.

-Q1WMDO5Xpw (1).jpg (215 KB)

Sovet vaxtı belə bir hərbi-patriotik plakat və şüar vardı: “Zəvzəklər düşmən üçün tapıntıdır” (“Boltunı - naxodka dlya vraqa”).

Xatırlayırsınızsa, 44 gün çəkən müharibədə və ondan sonra bəzi hərbçilər farağat durmamışdılar və xoşagəlməz videolar paylaşaraq ordumuzu dilə-dişə salmışdılar. Erməni əsirləri Beyləqana, Biləsuvara, Sulutəpəyə salam göndərməyə vadar edən kim (guya ki, camaat erməni salamı olmadan qırılıb gedirdi), telefonun videokamerası önündə “elə əsgərəm, belə əsgərəm” deyə təşər-təşər lovğalanan kim, sevdiyi və rədd cavabı aldığı qıza söz toxuyan (müəllif “söz soxan” ifadəsindən bilə-bilə istifadə etmədi) kim... Hələ pis-pis görüntülərlə ermənilərin əlinə dəstəvuz verənləri demirəm.

Buna görə də arada orduda smartfonların qadağan edilməsi söhbəti qalxmışdı, sonra gördülər ki, müasir həyatda telefonsuz olmur. O halda gərək komandirlər 7\24-lük rejimdə “filankəsə niyə zəng çatmır” sualına cavab verəydilər.

Ən yaxşısı o idi ki, əvvəlcədən kiçik ulduzlu zabitlərə, gizir və çavuşlara (eləcə də miçmanlara), əsgərlərə deyirsən ki, olduğunuz yerləri, gördüyünüz hadisələri telefonla çəkib yaymayın, onlar da adam balası kimi qulaq asırlar və əmrə riayət edirlər.

Belə anlaşılır ki, xeyri yoxdur. Bu işin sonunda nəinki ordudan kənarlaşdırılmaq, hətta cinayət məsuliyyəti-filan olsa da, yenə kimlərsə telefonları ilə hoqqa çıxaracaqlar. Adi yol-hərəkət və nəzakət qaydalarına riayət etməyən, edə bilməyən insanlar durub tövsiyə, məsləhət dərdi çəkməyəcəklər, eləcə video çəkəcəklər və xəcalət çəkmədən yayacaqlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR