İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirkət rəhbəri 53 nəfərə qarşı dələduzluqda ittiham olunur

534 18.07.2024 13:39 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində 53 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunan “İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə proses keçirilir.

Hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hazırda zərərçəkənlərin dindirilməsi mərhələsidir. İttihama görə Orxan Babazadə şərikli biznes qurmaq adı ilə müxtəlif vətəndaşlardan 253 min manat alıb və vədinə əməl etməyib.

İş üzrə zərərçəkmiş Tural Məmmədov məhkəmədə bildirib ki, Orxan Babazadənin qurduğu proqrama 2020-ci ilin mart ayında qoşulub. Qoşulduqdan sonra proqrama 3 min manat pul yükləyib. Növbəti gün proqram işləməyib. Sonradan başa düşüb ki, əslində, hər hansı bir şərikli biznesdən söhbət getmir, sadəcə piramida növlü oyun qurulub və oyunun qurbanı olub: “Pulumu təqsirləndirilən şəxslərdən tələb edirəm. Orxan Babazadəni mənə şirkətin rəhbəri kimi təqdim ediblər. Sosial şəbəkələrdə çatlarda bu oyun haqda məlumatlar var idi deyə bu da məni özünə cəlb etdi”.

Zərərçəkmiş Elvin Hüsübəyli deyib ki, təqsirləndirilən şəxsi şəxsən tanımayıb: “1400 manat pul qoymuşdum. Günlük 76 manat pul qazanacaqdım. Heç bir gəlir əldə etmədim. Ümumillikdə mənə dəyən ziyan 1440 manatdır”.

Zərərçəkmiş Rəmzi Hüseynəliyev deyib ki, “İnstapower” şirkəti haqqında 2023-cü ildə sosial şəbəkələrdə məlumatlar oxuyub: “Poverbank alıb ölkə daxilində icarəyə verəcəkdim və oradan gələn gəlirlərin müəyyən faizi mənə qalmalı idi. 1530 manat “M 10” vasitəsilə dedikləri nömrələrə ödədim”.

Zərərçəkən deyib ki, bu günə qədər ona dəyən ziyanı ödəyən olmayıb. Zərərçəkmiş Kamran Zeynalov vəsatətlə çıxış edib. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Bildirib ki, iş üzrə ona 6 min 653 manat zərər dəyib. Zərərçəkmişlər və onların vəkilləri vəsatətin təmin olunmasını istəyiblər. Prokuror Fariz Rzayev isə vəsatətin təmin edilməməsini təklif edib. Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

Hakim Azad Məcidov bildirib ki, iş üzrə zərərçəkənlərdən 12 nəfər proses barəsində məlumatlandırılsalar da, artıq neçənci dəfədir ki, məhkəməyə gəlmirlər. Buna görə də barələrində məcburi gətirilmə qərarı verilib.

Təqsirləndirilən şəxsin vəkili vəsatət verərək başqa şəxslərin bank kartlarına şirkətin digər işçiləri tərəfindən xeyli məbləğdə pulların köçürüldüyünü və həmin şəxslərin məlumatlarını “Unibank” və “Kapital Bank”dan alınmasını xahiş edib.

Məhkəmə vəsatəti təmin edib. Məlum olub ki, “Unibank”dan daxil olmuş siyahıda 5 nəfərin kart hesabına hər biri 3 min manat olmaqla və “Kapital Bank”dan daxil olmuş siyahıda isə 1 nəfərin kart hesabına 76 min manatdan çox pul köçürülüb. Məhkəmə kart sahiblərinin əlavə şahid qismində çağırılması ilə bağlı qərar qəbul edib.

Proses iyulun 31-də davam etdiriləcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR