İnsanlara hürriyət, millətlərə istiqlal!

“Siqaret çəkən qadın sevgiyə layiq deyil” iddiasına reaksiyalar

2827 18.04.2023 08:50 Sosial A A

“Başqasının yanında siqaret çəkmək tərbiyəsizlikdir”. Bu sözləri Qaynarinfo-ya açıqlamasında tanınmış hüquqşünas-vəkil Əkrəm Həsənov ictimai yerdə, ofislərdə siqaret çəkənlərlə bağlı cəza tədbirlərindən danışarkən deyib.

Ə.Həsənov bildirib ki, ictimai yerdə siqaret çəkmək insanları bilərəkdən zəhərləməkdir: “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun var, 2017-ci ilin dekabr ayında qəbul edilib. Həmin qanunun 10-cu maddəsində tütün məmulatlarının, tüstüsünün çəkilməsinin qadağan edildiyi yerlərin siyahısı var və İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsi ilə tənzimlənir. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunda bu məhdudiyyətlər olan yerlərə dair cərimə 30 manat nəzərdə tutulur. Praktikada bilmirəm buna görə kimisə cəzalandırıblar, ya yox”. 

Hüquqşünas hesab edir ki, bu, inzibati məsuliyyət  və tənbehdir: “Fikrimcə, buna görə 30 manat cəza azdır. Az olduğu üçün də hər yerdə siqaret çəkirlər. Taksidə, maşınlarda, ofislərdə, iş otaqlarında, yolda və s. Kim harada istədi orada siqaret çəkir. Bilmir ki, yanında qadın var, ya yox. Bu cərimə 30 manat deyil, 300 manat olmalıdır, küçədə isə siqaret çəkənlər 50 deyil, 500 manat çərimə olunmalıdır. Küçədə hara baxsan siqaret kötüyüdür”. 

Əkrəm Həsənov qeyd edib ki, bu məsələ orta məktəbdən təbliğ olunmalıdır: “Bununla bağlı təbliğat yoxdur. Xüsusən də qadınlar dəhşətdir. Ümumiyyətlə, kişilər bir yana, siqaret çəkən qadın görəndə təəccüblənirəm. Siqaret çəkən qadını necə sevmək olar? O, nə qədər gözəl və ağıllı olsa da, mənim üçün iyrənc məxluqdur”. 

Əlbəttə, heç kim qadınlara siqaret çəkməyi yasaqlaya bilməz. Bu xüsusda Azərbaycanda mənzərə Avropa ölkələrindən, hətta qardaş Türkiyədən yaxşıdır. Hərçənd qanun qadına tütündən istifadəni yasaq etmir. Lakin cəmiyyətin yazılmamış qanunları da var. Sirr deyil ki, siqaret çəkən xanıma kişilərdən fərqli olaraq, cəmiyyətdə münasibət əksərən pozitiv olmur. Sanki orduya əsasən kişilər getdiyi kimi, siqaret çəkmək də yalnız onlara yaraşır.

Novella Cəfəroğlu: "İstərdim ki, yeni Ombudsman vətəndaşların dərdlərini  dinləsin"

Novella Cəfəroğlu: ""Siqaret çəkən qadın iyrənc məxluqdur" deyən vəkil insanları necə müdafiə edir?"

Hüquq müdafiəçisi Novella Cəfəroğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Novella Cəfəroğlu vəkilin sözlərinə sərt reaksiya verərək bildirdib:

“Bir  hüquqşünasın, vəkilin siqaret çəkən qadınlar barəsində bu cür ifadə işlətməsi tamamilə yolverilməzdir! Necə yəni, siqaret çəkən qadın iyrənc məxluqdur! Bu nə anlayış, nə təfəkkürdür?! İnsanlara yalnız tövsiyə verə bilərlər ki, siqaret çəkməsinlər, çünki bu, sağlamlığa ziyandır. Mən də həmişə gənclərə bunu tövsiyə etmişəm. Çünki siqaretin fəsadları daha çox insan yaşlananda üzə çıxır. Məsələn, ağciyərlərə təsir edir, üz tez qırışır və sairə. Lakin siqaret çəkmək hər kəsin şəxsi işidir, heç kim buna görə qadına iyrənc məxluq deyə bilməz. Hələ vəkilin bu sözü deməsi insanı lap dəhşətə gətirir. Bu cür vəkil insanları necə müdafiə edir?

Xatırlayıram ki, vaxtilə mənim nənəm də siqaret çəkirdi. Yəni əvvəllər də qadınlarımız, nənələrimiz siqaret çəkib. Bir qadının siqaret çəkməsi onun əxlaqına dəlalət etmir. Bəzən görürük ki, üz-gözünü, başını örtən hansısa qadın da əxlaqsızlıq edə bilir. Yəni əxlaq qadının özündə, özünə hörmət etməyində bilinir.

İndi bir çox hüquq müdafiəçiləri, hüquqşünaslar hansı kriteriyalar əsasında vəzifəyə gəliblər, onu anlamaq olmur. İndi kimi dindirirsən hüquq müdafiəçisidir, hüquqşünasdır. Lakin bu vəzifəyə, işə necə gəliblər, onu heç kim bilmir".

Psixoloq abituriyent intiharlarının qarşısını almaq üçün çıxış yolları  təklif etdi - 16.05.2018, Sputnik Azərbaycan

Psixoloq Elnur Rüstəmov: "Tütünə qarşı maarifləndirmə işi aparmaq lazımdır, lakin məsələni qadınlara qarşı aqressiv yöndə qaldırmaq doğru deyil"

Psixoloq Elnur Rüstəmov isə qeyd etdi ki, qadınlarla bağlı bu cür qəti fikir, münasibət bildirmək doğru deyil:

“Çünki bu yanaşmada subyektivlik də var. Əlbəttə ki, bir insan  siqaret çəkən xanımı bəyənməyə, qəbul etməyə bilər. Bu onun öz yanaşmasıdır, necə ki, bir çox qadınlar da var ki, siqaret çəkən kişini qəbul edə bilmir. Yəni bu məsələni ümumiləşdirmək, onu qəti şəkildə qoymaq doğru yanaşma deyil.

Unutmaq olmaz ki, ötən əsrin əvvəllərində də siqaret çəkən qadınlarımız olub. Bir qisim xatırlayır ki, tənbəki çəkən nənələrimiz olub və buna xüsusi qəbahət kimi də baxmayıblar. Ümumiyyətlə, siqaretdən istifadənin aktuallaşması ötən əsrin ortalarında, Qərbdə, Amerikada yarandı. Bu dönəmlərdə qadınlar bir yerə toplaşıb, siqaret çəkir, bunu ictimailəşdirir, mətbuat da onu işıqlandırırdı. Həm o dövrdə siqaret çəkən qadını dominant qadın kimi təqdim edirdilər. Yəni bir xanımın əlində siqaret varsa, deməli, o, dominant, hökmlü qadındır, kişi ilə eyni hüquqa malikdir və sairə. Həmin proses uzun müddət davam etdi.

Azərbaycanda siqaret çəkən qadınlar var, lakin digər ölkələrlə müqayisədə onların sayı azdır. Təbii ki, siqaret çəkmək qadının, həmçinin övlad böyüdürsə, övladının sağlamlığına ziyandır. Lakin bu, başqa mövzudur. Əlbəttə ki, bu gün tütünlə mübarizə aparılır, bəzi yerlədə ondan istifadə qadağandır. Lakin cinsindən asılı olmayaraq şəxsin qadağan olunmayan yerdə siqaret çəkməsi hüquqi baxımdan qəbahət deyil. Həmçinin müşahidə edirik ki, bir qisim xanımlar da çalışırlar ki, ictimai, insanların çox olduğu yerdə siqaret çəkməsinlər.

Hesab edirəm ki, tütünə qarşı maarifləndirmə işi aparmaq lazımdır. Lakin məsələni qadınlara qarşı aqressiv yöndə qaldırmaq doğru deyil. Yəni “qadın siqaret çəkirsə, iyrənc məxluqdur” demək yolverilməzdir!"

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR