İnsanlara hürriyət, millətlərə istiqlal!

Sinirə bilmədiyimiz sindrom – həssas qəlbləri sındırmaq olmaz!

1658 16.07.2022 06:55 Yazarlar A A

Düşmən önündə sipər-çəpər olan qardaşlarımızın, müharibə qazilərinin durumu və konkret olaraq, sabirabadlı qazi Elvinin intiharı ilə bağlı ictimai fəallar, media mənsubları arasında davam edən qızğın polemika bir-birilə sözü çəpləşənlərin, ağır sözlü mübahisələrə qatılanların sayı itib.

Mənim də sözüm keçmiş iş yoldaşım, hazırkı qonşum, xətirli həmkarım Asəf Quliyevin sözü ilə çəp gəlib.

Məsələnin məğzi belədir. 3 gün öncə ““Vyetnam sindromu”ndan “Qarabağ sindromu”na” başlıqlı bir yazı yazmışdım və qazilərin müharibə travması almaları səbəbindən postmüharibə stressi yaşadıqlarını qeyd etmişdim. Yazmışdım ki, dövlət məmurları, cəmiyyətin onların psixoloji həssaslıqlarını nəzərə almalıdırlar, hətta nazları ilə oynamalıdırlar, çünki onlar bunu haqq ediblər və hamımız onlara borcluyuq.

Asəf qardaşım isə bu fikirlərlə razılaşmayaraq başqa şeylər yazıb. Bəlkə də onun yazısı tamam başqalarına ünvanlanıb, amma “müharibə sindromu”na dair yazının müəllifi olduğuma görə məcburam fikrimi bir az da genişləndirim və əsaslandırım.

Həmkarım qeyd edir: “Vyetnamda ABŞ əsgəri, Əfqanıstanda isə SSRİ əsgəri məğlub oldu. Amma bu gün Azərbaycan əsgəri qalibdir”.

Elədir, amma müharibədəki dəhşətləri görəndən, içdən-içə yaşayandan, dəfələrlə ölümlə nəfəs-nəfəsə qalandan, hər saniyə gülləyə tuş gəlmək, əsir düşmək qorxusu yaşayandan sonra ha qalib ol, ha məğlub, fərq eləmir. Qalib əsgər də eyni hiss-həyəcanı yaşayır, məğlub əsgər də. Hətta məğlub əsgərdə onu yaşamağa sövq edən qisas hissi baş qaldırır, qalib əsgər isə qəhrəman kimi qarşılanacağını gözləyərkən laqeydliklə üzləşəndə onu dərin məyusluq hissi çulğayır.

Bu məsələnin psixoloji tərəfidir. Ümumiyyətlə, dünya üzündə elə bir müharibə, hərbi əməliyyat, silahlı toqquşma olmayıb ki, orada iştirak edən hərbçilər psixoloji travma almasınlar. Mümkün deyil. Ölüm-itim, qan-qada, iztirab-mərhumiyyət, əsirlik halında isə zülm-işgəncə olan yerdə fiziki travma ilə psixoloji travma başa-baş gedir. Onlardan sığortalanmaq mümkün deyil.

İndi iki epizodda iki nəfərdən bəhs edəcəyəm. Asəf onlardan birini yaxşı tanıyır, o birini isə istəsə tanıya bilər, çünki onu həmin şəxsdən 3-5 dəqiqəlik məsafə ayırır.

1-ci epizod. 20-ci sahə dairəsində bir bərbərxana var. Orada iki usta işləyir. Birinin adı Pərvindir. Pərvin müharibə qazisidir. Füzulinin, Cəbrayılın, Hadrutun azad edilməsi əməliyyatlarında iştirak edib. O, döyüşlərdə yaralanmayıb, amma döyüş dostları arasında yaralananlar və şəhid olanlar olub. Qazi qardaşımız danışır ki, müharibədən gələndən sonra uzun müddət yuxuda kabus görüb, gecələr qışqırıb ayılırmış, bəzən də ayılmırmış, bağırmaqda davam edirmiş. Bir dəfə qardaşı onu ayıltmaq istəyərkən Pərvin onu boğmağa başlayıb, qardaşı ondan daha güclü və cantaraq olduğundan əlindən çıxıb. Səhərisi gün bu hadisəni ona danışıblar, amma xatırlamayıb. Onun dediyinə görə, son aylarda bu cür yuxuları az görür, amma görəndə də yol verdiyi hərəkətlər yadına düşmür. Adam etiraf edir ki, bu hallar onda müharibədən sonra yaranıb.

Bu, başqa bir şey deyil. Postmüharibə stressidir. Onu da qeyd edim ki, bir dəfə aylıq muzd yığmaqda pərgar olan hansısa xırda məmur ondan da nəsə qoparmaq istəyəndə qazi-bərbər möhkəm sinirlənib, adam da anlayışlı biri çıxıb, tez uzaqlaşıb ki, birdən əlindən xəta çıxar.

2-ci epizod. İyunun 3-ü idi. Keçmiş əməkdaşımız Şirzad Məmmədlinin övladının toyuna yığışmışdıq. Vaxtilə birlikdə işlədiyimiz həmkarlarımızla foyedə bir küncə çəkildik ki, bir az keçmişdən, keçəcəkdən söhbət edək. Aramızda bir müharibə qazisi-jurnalist də vardı. Növbə ilə ordan-burdan danışırdıq. Danışmaq növbəsi qazi jurnalistə çatanda o, mütləq müharibədən, Füzulidə, Cəbrayılda, Xocavənddə rastlaşdığı olaylardan bəhs edirdi. Ən azı 4 dəfə o, başqa mövzuda başladığımız söhbətini mabədini müharibəyə gətirdi.

Bu da postmüharibə sindromudur. Adam çəkdiyi fiziki, psixoloji iztirabı, yaşantılarını unuda bilmir. Bu yaşantılar onun yaddaşında, psixikasında dərin izlər buraxıb. İndiyəcək başına gələnlərin çoxunu unuda, xatırlamaya bilər, amma müharibədə yaşadığı hər gün, hər saat onun yaddaşında dipdiri də qalacaq.


Ona görə də həmkarım deyəndə ki, “Azərbaycan əsgəri mənəvi-psixoloji baxımdan çox rahatdır”, onun sözünün “mənəvi” hissəsi ilə razılaşmaq olar, “psixoloji” hissəsi ilə yox.

Hətta əksinə, müharibədən qalib qayıtması qazilərin dövlətdən və cəmiyyətdən gözləntilərini artırıb. İndi onlarda məqamı gələndə döyüşdə olmayan, amma qələbənin barını-gülünü dərənlərə minnət qoymaq haqqı yaranıb: “Siz isti yorğanda yatanda biz qarın-palçığın içində sürünə-sürünə torpaq azad edirdik”.

Belə deyərkən, onlar haqsızdırmı? Əsla! Azad etdikləri, qanları tökülən yerdən səngərdə uzanıb baxdıqları göyə qədər haqlıdırlar.

Qazilər sırf psixoloji olaraq diqqətə, qayğıya, xoş simaya, qılığa, iltifata möhtacdırlar. Onlar laqeydlik, biganəlik görməməlidilər. Adi vətəndaşın dövlət binalarında üzləşdiyi biganəliyə, özbaşınalığa qazilər tamam başqa cür reaksiya verə bilərlər. Bu, yerində olmayan, gönüqalın məmura qarşı yol verilən yüngülvari zorakılıq aktı da ola bilər, öz bədəninə xəsarət yetirmək də.

Məqamı gəlib, çox uzağa gedək, 21 il öncəyə qayıdaq. O vaxt mərhum qazimiz Etimad Əsədovun başçılığı ilə qazilər sosial tələblərlə aksiya keçirmiş, aclıq aksiyasına əl atmışdılar. Eynilə bugünkü kimi ictimaiyyətin diqqəti onlara yönəlmişdi. Həmin vaxt parlamentdə qazilərlə bağlı məsələ müzakirə olunarkən indi hamımızın tanıdığı və sevdiyi Rey Kərimoğlu deputatlardan birinin çıxışına etiraz olaraq qollarına ülgüc çəkdi.

O zaman şair Qulu Ağsəs “Reyin kəsilmiş qollarına and olsun” başlıqlı bir yazı da yazmışdı.

Reyin həmin hərəkəti də bir qazinin haqsızlığa üsyanıydı və müharibə sindromunun nəticəsiydi.

Dediyim odur ki, heç kəs bütün dünyadakı keçmiş döyüşçülərin sonrakı yaşantılarını, həssaslıqlarını xəfifə almasın. Onlar xüsusi adamlardır. Birinci cümlədə yazdığım sözü yenə təkrar edirəm: Qazilər düşmən önündə sipər-çəpər olan qardaşlarımızdır, onların qəlbini sındırmaq olmaz.

Bu arada başqaları da tibb və psixologiya elminin çoxdan təsbit etdiyi “müharibə sindromu”nu ölkəmizə yaxın buraxmaq istəmirlər. Bizdəki nəsə başqa şeymiş. Qardaşlar, “sindrom” pis söz deyil, “eyni səviyyədə”, “uyğun”, ümumi patogenezə malik simptomların məcmusu deməkdir. Minlərlə keçmiş döyüşçüdə eyni həssaslıq, əsəbilik, dəhşətli yuxular görmək və s. ümumi hallar varsa, bu, artıq, sindromdur.

P.S. Onu da deyim ki, vaxt keçdikcə, qazilər qayğı, diqqət gördükcə, psixoloji yardım aldıqca postmüharibə sindromundan xeyli dərəcədə xilas ola biləcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR