Rusiyanın gecə saatlarında Ukraynaya endirdiyi raket zərbələri fonunda Kiyev sərt bəyanatla çıxış edib. Hücumların həm mülki əhaliyə, həm də sülh danışıqları prosesinə zərbə vurduğu vurğulanır.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Sibiqa açıqlama verib.
Nazirin sözlərinə görə, ABŞ və Ukrayna Əbu-Dabidə sülhün bərqərar olunması istiqamətində intensiv danışıqlar apardığı bir vaxtda Rusiya gecə hücumları ilə Ukrayna xalqına qarşı açıq terror həyata keçirir. O bildirib ki, bu raketlər təkcə ukraynalıların evlərini və həyatlarını deyil, eyni zamanda danışıqlar masasını da hədəf alıb.
“Bu vəhşi zərbə bir daha sübut edir ki, Putinin yeri danışıqlar masasında deyil, xüsusi beynəlxalq tribunalın müttəhim kürsüsündədir”, – deyə Sibiqa vurğulayıb. Onun fikrincə, Moskvanın bu cür addımları sülhə deyil, eskalasiyaya xidmət edir və beynəlxalq ictimaiyyətin qəti mövqeyini tələb edir.
Ukrayna XİN rəhbəri beynəlxalq tərəfdaşları Rusiyaya təzyiqləri artırmağa və Ukraynanın müdafiə imkanlarının gücləndirilməsinə daha çox dəstək verməyə çağırıb.
Musavat.com






