İnsanlara hürriyət, millətlərə istiqlal!

Səyyar kinoteatrlar yaradılması nə qədər realdır?- MÜNASİBƏT

821 20.04.2023 16:29 Mədəniyyət A A

 

“Bölgələrdə filmlərin nümayiş olunması üçün kifayət qədər infrastruktur obyekti var. Biz də  kinoteatrların çox olmasını, filmlərin texniki cəhətdən keyfiyyətli nümayiş olunmasını istəyirik”.

Bu fikirləri Musavat.com-a kinorejissor Elməddin Alıyev bildirib. O təklifə müsbət yanaşdığını, lakin bunun real görünmədiyini qeyd etdi: “Səyyar kinoteatrın bir neçə modeli var. Onlardan da kəndlərdə, kiçik qəsəbələrdə istifadə etmək olar. Bu zaman sual yaranır- bu, nə qədər tamaşaçı cəlb edəcək? Kinoteatr və ya normal infrastrukturu olmayan kəndlərdə insanların maddi imkanı bunun üçün kifayət edirmi? Digər məsələ hansı filmlərin nümayiş etdirilməsidir- müəllif  filmləri, yoxsa şit komediyalar? Təbii ki, mütəxəssislərimiz müxtəlif çıxış yolları axtarırlar. Hazırda kinoya yaxşı maliyyə ayrılması vacibdir. Kino bumu o zaman başlayacaq. Müxtəlif ölkələrlə birgə filmlər çəkilməlidir. Kifayət qədər mütəxəssis və texnikamız var. İldə 15-20 milyon manat ayrılsa, o zaman siz inkişafı görəcəksiniz. 10 milyon əhalisi olan bir ölkədə kinoteatra ümid etmək olmaz”.

Rejissor Elvin Abdulla isə təklifə belə münasibət bildirdi: “Kinoteatrların işləmə mexanizmi Azərbaycan filmlərinə hesablanmayıb. Söhbət “prokat”a girən bütün filmlərdən gedir. Bu da o deməkdir ki, qazanc baxımından heç bir problem olmayacaq. Hətta deyərdim ki, hazırda fəaliyyət göstərən kinoteatrlardan qat-qat artıq qazanc olacaq. Çünki bu kinoteatrlar böyük  məbləğ hesabına tikilib. Səyyar kinoteatrlar isə daha ucuz başa gələcək deyə daha çox qazanc əldə olunacaq”.

Rejissor hesab edir ki, səyyar kinoteatrlarda nümayiş etdirmək üçün kifayət sayda yerli film var: “Burada önəmli məsələ filmin hansı müddətdə nümayiş olunmasıdır. Doğrudur, ilk zamanlar daha çox tamaşaçı olacaq, tədricən bu maraq azalacaq. Bu, paytaxt kinoteatrlarında da belədir. Səyyar kinoteatr isə məsələn, Qusarda olacaq, sonra tamaşaçı azaldıqda başqa rayona gedəcək. Bu səbəbdən təklif məntiqli və sevindirici təklifdir. Əminəm ki, bu işlə məşğul olan biznesmenlər daha yaxşı təhlil aparıb rəqəmlərlə görəcəklər ki, bu, sərfəlidir”.  

Qeyd edək ki, Əməkdar incəsənət xadimi, kinorejissor, aktyor Elxan Cəfərov “Azərbaycan Kinosu-125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda "İdeologiya. Milli kino - dünən, bu gün və sabah" adlı paneldə çıxış edərkən ölkə üzrə 10 səyyar kinoteatrın yaradılmasını təklif edib.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR