İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərqdə ilk opera yazan bəstəkar qadın

1508 21.01.2023 11:58 Mədəniyyət A A

Musavat.com MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edir:

O, dahi sənətkar Üzeyir bəy Hacıbəylinin böyük gələcəyinə inandığı tələbə kimi korifey bəstəkardan xeyir-dua almış, musiqi təhsili görməzdən öncə pianoda məharətlə ifa edərək əsərlər bəstələmiş, hələ gənc yaşlarında böyük sənət adamlarını, incəsənət xadimlərini istedadına inandıra bilmişdi. Azərbaycan musiqi sənətini özünəxas yaradıcılıq dəst-xətti ilə zənginləşdirən bəstəkar, Azərbaycanın Xalq artisti, “Şöhrət” ordeni laureatı, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın (1924–2013) sənət yolunun müəyyənləşməsində ustad müəlliminin böyük rolu olmuşdu. Zəngin və maraqlı olduğu qədər çətin və keşməkeşli bir həyat yolu keçən Şəfiqə xanımın ömründə, sənət taleyində ən böyük şansı isə daim xeyirxah insanlarla qarşılaşması idi.

Şəfiqə Qulam qızı Axundova 1924-cü il yanvarın 21-də Azərbaycanın qədim və gözəl şəhərlərindən olan (o vaxt Nuxa adlanan) Şəkidə, sayılıb-seçilən Axundovlar ailəsində dünyaya göz açıb. Atası Qulam Bağır oğlu Axundov dövlət işçisi və dövrün hörmətli aydınlarından idi. 1920-ci ildə Nəriman Nərimanov Şəkiyə gələndə onu qarşılayan məsul vəzifəli şəxslərdən biri də Qulam Axundov olub. O, 1917-1920-ci illərdə Şəki (Nuxa) qəzasının birinci katibi vəzifəsində çalışmış, el-obasının rəğbət və ehtiramını qazanmışdı. Şəfiqə xanımın anası Züleyxa Səməd qızı isə evdar qadın olub. Ailədə Şəfiqədən başqa 4 uşaq da böyüyürdü: İsmət, Tahir, Nəriman və Rəfiqə. Böyük bacısı, Qulam Axundovun ilk övladı və ailənin sevimlisi olan Zümrüd xanımın isə Şəfiqə Axundovanın həyatında çox əvəzedilməz xidmətləri olmuşdu. Hələ 15 yaşından Pedaqoji Texnikumu (indi ADPU nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirib Azərbaycan qızlarına dərs deyən, millətinin qadınlarını savadlı görmək üçün ömrü boyu məktəb və universitetlərdə fədakarlıqla çalışan alim və pedaqoq Zümrüd Axundovanın Şəfiqə xanımın şəxsiyyət kimi formalaşmasında önəmli rolu vardı.
Qədim tarixi, gözəl mənzərələri, füsunkar təbiəti, şirin, məzəli söhbətli insanları ilə hamını valeh edən Şəki torpağında gələcəyin böyük bir sənətkarı böyüyürdü. Övladlarına mükəmməl təhsil verən, onları vətənə ən layiqli insanlar kimi yetişdirməyə çalışan atası Qulam Axundov qızının həkim olmasını arzulayırdı. Lakin hələ kiçik yaşlarından Şəfiqənin təbiətə sonsuz sevgisi, coşğun həyat eşqi, gözəl zövqü, şeirə, musiqiyə qarşı həssaslığı onu başqa uşaqlardan fərqləndirirdi. Uşaqlıq illərini xatırlayanda fikri, xəyalı həmin uzaq, şirin və qayğısız illərə qanadlanır, üzünə xəfif bir təbəssüm qonur, o günləri belə yada salırdı: “Evimiz dağların qoynunda yerləşirdi. Hər səhər, hər axşam dağları seyr edirdim. Elə bil təbiətdə gördüyüm o füsunkar gözəlliklərin hər biri qulaqlarıma həzin bir musiqi sədası doldururdu. Zövq aldığım hər bir gözəllikdə musiqi duyurdum. Əlbəttə, o vaxt bu hisslərin nə demək olduğunu bilmirdim. Sonralar anladım ki, bu, mənim musiqiyə bağlılığım imiş. Yadıma düşür ki, hərdən öz-özümə zümzümələr edərdim. O qədər musiqiyə aludə olmuşdum ki, hətta rəqs etməyi də çox sevirdim. Dəfələrlə anam rəqs etməyimin şahidi olmuşdu”.

Şəfiqə xanımla doğulan, onunla birgə böyüyən istedadı çox keçmədən ailə üzvlərinin və ətrafındakıların da diqqətini cəlb edir. İlk təhsilinə Şəki şəhərindəki 6 saylı orta məktəbdən başlayır. Lakin 30-cu illərin əvvəllərində atası Xalq Maarif Komissarlığında vəzifəyə təyin olunduğu üçün ailə Bakıya köçür. Şəfiqə xanım da təhsilini Bakıda davam etdirməli olur. Onun musiqiçi ixtisasını seçməsi, sənətə gəlişi ilə bağlı maraqlı faktlar çoxdur. Atası Qulam Axundov həkim görmək istədiyi qızını fikrindən daşındırmağa çalışsa da, Şəfiqə xanımın sənət sevgisi onu israrla musiqi sahəsini seçməyə vadar etmişdi...
Ən böyük arzusuna çatan, sənət idealına qovuşan Şəfiqə xanım həmişə özünü xoşbəxt sənətkar hesab edirdi. Çünki taleyi daim onu xeyirxah insanlarla qarşılaşdıraraq sənət dünyasına gedən yolunu aydınlatmışdı. Şəfiqə xanımı sənətə gətirən yollar çətin olsa da, bu yolu başa vurmağa dəyərdi. Öz köməyini ondan əsirgəməyən böyük sənətkarların təcrübəsi gənc istedadlı qıza ən yaxşı örnək idi. Şəfiqə xanımın ifasını dinləyən hər kəs onun istedadına inanır, parlaq gələcəyi olacağını düşünürdü. Təkcə ailə üzvləri onun musiqiçi olmaq istəyini yaxşı qarşılamamışdı. Söylədiyinə görə, yalnız atası deyil, ailələrində heç kim onun musiqiçi olmasını istəməyib. Şəfiqə Axundova həmin günləri belə xatırlayırdı: “Pianoda çalmağı özüm öyrənmişəm. Heç bir musiqi təhsilim yox idi. Bircə böyük bacım Zümrüd (akademik Məmməd Arifin ömür-gün yoldaşı) çalmağımı çox xoşlayırdı. Onların evinə məşhur adamlar gələrdi. Mən ilk dəfə dövrün böyük yazıçı və şairlərini, tanınmış sənət adamlarını bacımgildə görmüşdüm. Səməd Vurğun, Mirzə İbrahimov, Əvəz Sadıq, Mir Cəlal, Cəfər Xəndan və başqaları. Bir dəfə sözarası Zümrüd bacım Mirzə müəllimə dedi ki, bu il Şəfiqə orta məktəbi bitirir. Bilmirəm neyləyək. Özünün həvəsi musiqiyədir. Mirzə İbrahimov da dərhal cavab verdi ki, “burada nə çətin iş var? Üzeyir bəydən xahiş edərəm Şəfiqəni yoxlasın. Görək, həqiqətən də bu qızda musiqi duyumu var, ya yox”? Zəng etdi. Üzeyir bəy də cavabında bildirdi ki, indi gəlsinlər. Bacımla getdik. – Bu olub 1941-ci ildə. Aşıq Mirzə Bayramın sözlərinə hazırladığım “Bala” mahnısını çaldım və oxudum. Bir rəng və bir neçə də rəqs ifa etdim. Üzeyir bəy mənə çox diqqətlə qulaq asdıqdan sonra dedi: “Bu qızın çalğısında yaradıcılıq hiss olunur. Amma mütləq musiqi savadı almalıdır”. Təsəvvür edin ki, 17 yaşım var idi. Amma bircə not da bilmirdim. Kim idi məni bu yaşımda musiqi məktəbinə götürən?! Məhz Üzeyir Hacıbəyovun – o böyük insanın qayğısı mənə bu yolda kömək oldu. Onun məsləhəti ilə əvvəlcə Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın sinfində musiqi nəzəriyyəsi ilə tanış oldum. Sonra da Hacı Xanməmmədovun tar sinfinə getdim. Bəxtimdən Üzeyir bəyin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində “Yaradıcılıq kursları” açıldı. Tar sinfindən çıxdım. Üzeyir bəy məni öz qrupuna götürdü. Musiqiyə meylim o qədər güclü idi ki, hər şeyi gözlənildiyindən də tez qavrayırdım. Klassik musiqini daha çox sevirdim. Nəhayət, 1945-ci ildə konservatoriyaya daxil oldum. O zaman dahi Üzeyir bəy Hacıbəyovun dəvəti ilə rusiyalı professor Boris İsakoviç Zeydman Bakıya dəvət edilmişdi (indi Azərbaycanda məşhur olan bir çox bəstəkarlar məhz onun yetirməsidir). Mən də onun sinfində oxudum. Yadımdadır, imtahan zamanı Qara Qarayev çox ciddi tərzdə dedi: “Bu qız əsl bəstəkar olacaq”.
*
1941-ci ildən Üzeyir bəyin təşəbbüsü ilə musiqi təhsili alan Şəfiqə xanıma Hacı Xanməmmədov və Ağabacı Rzayeva tarın ifasını və sirrlərini öyrədib, Fatma Zeynalova və Məmməd Nəsirbəyov isə musiqi nəzəriyyəsindən dərs deyiblər. 1943-1944-cü illərdə isə o, Bakı Musiqi Texnikumunda (indiki A.Zeynallı adına Musiqi Kolleci) oxuyarkən Üzeyir Hacıbəyovlidən dərs alıb. Dahi bəstəkar böyük gələcəyinə ümid bəslədəyi tələbəsinə müəllifi olduğu “Cəngi” fortepiano pyesinin not dəftərini bağışlayıb. Dəftərin titul vərəqində bəstəkar öz xətti ilə yazmışdı: “Gənc bəstəkar, istedadlı tələbə Şəfiqəyə bir xatirədir”. Şəfiqə xanım həyatı boyu tələbəlik illərinin bu qiymətli xatirəsini, ona çox əziz olan ustad hədiyyəsini səliqə ilə qoruyub saxlamışdı.

Şəfiqə Axudova o illərdə bir çox instrumental əsərlər, mahnı və romanslar yazıb. Nizami Gəncəvinin sözlərinə “Nə gözəl” və “Cahanda”, Məhəmməd Füzulinin sözlərinə “Fəqan etmək idim” romansları, “Zəfər marşı”, “Zəfər bizimdir”, “Ana Vətən” mahnıları və s. belə örnəklərdəndir. Gənc bəstəkarın yaradıcılığında hərbi vətənpərvərlik mövzusunun geniş yer tutması isə dövrün üslubu, müharibə illərinin ruhu ilə bağlı idi. 1941-45-ci illər müharibəsi illərində Üzeyir bəy Hacıbəyli gənc bəstəkarları xalqı ruhlandıran, ona mənəvi dayaq ola biləcək əsərlər yazmağa səsləyirdi. Süleyman Ələsgərov, Səid Rüstəmov, Soltan Hacıbəyov, Ağabacı Rzayeva, Əşrəf Abbasov, Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Qənbər Hüseynli, Cahangir Cahangirov, Tofiq Quliyev, Hacı Xanməmmədov kimi o vaxtkı gənc bəstəkarların sırasında Şəfiqə Axundova da vardı. Bu gənc qız öz məğrurluğunu, duyğu-düşüncələrini musiqisi ilə kamil şəkildə ifadə edirdi. Şəfiqə xanımın həmin illərdə yazdığı nəğmələr bu gün də öz güncəlliyini, populyarlığını qoruyub saxlayır.

1956-cı ildə Şəfiqə Axundova öz ustadının təməlini qoyduğu ali təhsil ocağında, Üzeyir bəy Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyasında) bəstəkarlıq ixtisası üzrə (Boris Zeydmanın sinfində) təhsilini tamamlayıb Azərbaycan İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) pedaqoji fəaliyyətə başlayır. O, 1989-cu ilədək burada gənc musiqiçilərə sənətinin incəliklərini öyrədir.

1972-ci ildə “Gəlin qayası” operasını yazan Şəfiqə Axundovanın adı tarixə Şərqin ilk opera yazan qadın bəstəkarı kimi düşüb. Əgər dünyada ilk opera yazan qadın Françeska Kaççini (1587-1640) polyak şahzadəsi, gələcək kral IV Vladislavın gəlişi üçün bəstələdiyi “Rucjeronun azadlığı” (1625) komik operası ilə bütün Qərbi təəccübləndirə bilmişdisə, Şəfiqə xanım da “Gəlin qayası” ilə Şərqdə ilk opera yazan qadın kimi sənətinə qarşı böyük maraq doğurmuşdu. Sənətsevərləri valeh edən “Gəlin qayası” yazıldığı dövrün görkəmli musiqi tənqidçilərinin və sənətşünaslarının da diqqətini cəlb etmiş, əsər Azərbaycan musiqi tarixinin möhtəşəm uğurlarından biri kimi dəyərləndirilmişdi. Süleyman Rəhimovun “Gəlin qayası” povestinin motivləri əsasında İskəndər Coşqunun yazdığı libretto Şəfiqə xanımın musiqi yozumunda özünün çox uğurlu həllini tapmış, 1974-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində neçə-neçə ifaçını yetişdirmiş, sürəkli tamaşaçı alqışı ilə qarşılanmışdı.

Şəfiqə Axundova Üzeyir bəy Hacıbəylinin kəşfi idi. Dahilərin proqnozlarında yanılmadığını Üzeyir bəy Hacıbəylinin Şəfiqə xanıma münasibətinin timsalında bir daha aydın görmək olur. Şəfiqə Axundova nəinki Şərqdə ilk opera yazan qadın kimi, musiqi sənətində bir çox İLKlərə imza atan bəstəkar kimi ustadının etimadını və ümidlərini doğrultmuşdu. O, ilk azərbaycanlı qadın bəstəkardır ki, simfonik poema yazıb, simfonik kvartet üçün pyeslər bəstələyib. Onun fortepiano üçün sonata və sonatinaların müəllifidir, simfonik süitası var. Şəfiqə xanım ilk azərbaycanlı qadın bəstəkardır ki, libretto müəllifidir. Bütün bu İLKlər onun bəstəkar şöhrətini daha uzaqlara aparır, yeni yaradıcılıq uğurları üçün ilham verirdi...

Şəfiqə Axundovanın geniş, zəngin və çoxşaxəli yaradıcılıq irsi var. 300-ə yaxın mahnı və romansları da onun böyük istedadının əvəzsiz töhfələridir. “Mehriban olaq”, “Nədən oldu”, “Sənsiz səninlə”, “Həyat, sən nə şirinsən”, “Gözlərimin işığı”, “Könül təranəsi”, “Xoş gördük, ana torpaq”, “Anama məktub” və b. belə dəyərli musiqi əsərlərindəndir. Bu mahnıları Rübabə Muradova, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Anatollu Qəniyev, Flora Kərimova, Elmira Rəhimova, Zaur Rzayev, Səkinə İsmayılova və başqa məşhur müğənnilər ifa edib. Bəstəkar eyni zamanda, “Ev bizim, sirr bizim” (1965) operettası, “Leyla”, “Bəxtiyar ellər” və s. əsərləri ilə şöhrət qazanmışdı. Azərbaycan tamaşaçısının böyük maraqla qarşıladığı, Xalq artisti Nəsibə Zeynalovanın iştirak etdiyi “Ev bizim, sirr bizim” operettası xalq tərəfindən özəlliklə sevilmişdir.

O, həmçinin simli kvartet üçün pyeslər, xor üçün silsilələr və bir çox süitalar bəstələmiş, dramatik teatr üçün “Aydın”, “Əlvida, Hindistan!”, “Nə üçün yaşayırsan?” “Böyük ürək”, “Ürək sevərsə”, “Yazığam, sevmə məni”, “Son məktub” və b. tamaşaların, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və b. uşaq tamaşalarının musiqisini yazmışdı. Şəfiqə xanımın Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları isə xalq arasında özəlliklə məşhurdur.

Böyük sənətkar Xalq şairi Səməd Vurğun bəstəkarın yaradıcılığına xüsusi diqqətlə yanaşırdı. Şəfiqə Axundova Səməd Vurğunun “Aygün” poemasını ona həsr etdiyini deyirdi. Burada Azərbaycan qadının sənət yolunda qarşılaşdığı çətinliklər Şəfiqə Axundovanın yaşantılarını, musiqi karyerası uğrunda mübarizəsini və nəhayət, qalib gələn sənət eşqini dolğun surətdə əks etdirir. Şəfiqə xanımın həyat yoldaşı onun sənətinə mane olmaq, bu sənət axınının qarşısını kəsmək istəmiş, lakin bəstəkar tutduğu yoldan dönməmişdi. Daha möhkəm inadla sənətinə bağlanmış, yeni-yeni əsərlər yaratmışdı. “Aygün” filmində Şəfiqə xanımın “Xatirələr” adlı romansı da səslənir. O, Səməd Vurğunun şeirlərinə bir çox mahnı da bəstələmiş, həmin mahnılar dillər əzbəri olmuşdur.

Şəfiqə Axundovanın həyat və yaradıcılıq yolu bir hünər məktəbi, sənət dərsidir. Şərəfli bir dastanı xatırladan bu ömrün hər bir səhifəsini vərəqlədikcə Azərbaycan qadınının örnək şəxsiyyəti ilə fəxr edir, qürur duyuruq. Peşəkar bəstəkar kimi ilk dəfə Mirvarid Dilbazinin “Beşik başında” şeirinə müraciət edən Şəfiqə xanımın mahnılarının ilk ifaçısı böyük sənətkarımız Bülbül olub. 1944-cü ildə Tiflisdə keçirilən “Musiqi baharı” festivalında o, Şəfiqə Axundovanın “Röya” adlı mahnısını ifa edib. Sonralar Şövkət Məmmədova, Sara Qədimova, Fatma Mehrəliyeva, Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Zeynəb Xanlarova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Eldar Ələkbərov, qardaş Türkiyədə İbrahim Tatlısəs, Əhməd Şəfəq, istedadlı gənc ifaçı Berna Karagözoğlu və başqa sənətçilər onun mahnılarını oxuyub. Nəğmələri çoxaldıqca ifaçıların sayı da artıb. İndi onun mahnılarını bütün müğənnilərimiz sevə-sevə, ürəklə oxuyur. Bir çox müğənninin repertuarının ilk nəğməsinin bəstəkarı Şəfiqə Axundovadır. O, həm də xeyirxahlıq mələyi kimi gənc istedadlara daim kömək göstərmiş, neçə istedad sahibinin qolundan tutaraq sənətə gəlməsində rol oynamışdır.

Şəfiqə xanımın xatirələrində önəmli yeri olan, həmişə xoş duyğularla xatırladığı, diqqət və qayğısını gördüyü görkəmli bəstəkarımız mərhum Tofiq Quliyev onun haqqında deyirdi: “Şəfiqə Axundovanın bəstəkar kimi səmərəli zəhməti istedadına bərabərdir”. Onun həyatı ilə tanış olduqca bu sözlərin həqiqəti ifadə etdiyini, dərin müşahidədən irəli gəldiyini görürük.

Azərbaycan İncəsənət Universitetində (indiki ADMİU) çalışdığı 33 il içində Şəfiqə Axundova tələbələrə musiqi nəzəriyyəsi, solfecio, musiqi tarixi, tamaşanın musiqi tərtibatı fənlərindən dərs demiş, 1989-cu ildə isə qüsursuz və səmərəli fəaliyyətini başa vuraraq təqaüdə çıxmışdır.

Şəfiqə Axundova bənzərsiz xarakter cizgiləri ilə də seçilirdi. O, son dərəcə təvazökar təbiətli, özünü öyməkdən çox uzaq, tərifə, reklama ehtiyac duymayan, mehriban və sadə təbiətli insan idi. Vaxt olub ki, musiqisi ilə qəlbləri ehtizaza gətirən, mahnıları ilə milyonların sevimlisinə çevrilən bəstəkar ailə, məişət qayğılarının məngənəsində sıxılıb. Ehtiyac içində olduğu belə vaxtlarda hansısa qapını döyüb kimdənsə kömək ummayıb, haqqın incəlsə də, üzülməyəcəyinə inanıb.

Vaxt ötüb, vədə yetişib və sənətə, mədəni irsə əvəzsiz diqqət-qayğısı ilə həmişə müstəsna zirvəyə sahib olan Ümummilli lider Heydər Əliyev yenidən respublikanın ali hakimiyyətinə qayıdıb və gözəl ənənələr zaman içində bərpa olunub. Şəfiqə xanım Heydər Əliyevin yaradıcı insanlara verdiyi dəyərdən ehtiramla söz açardı: “Ulu öndər bizə elə həssas münasibət göstərib ki, onu unuda bilmərik. Hər dəfə Prezident təqaüdünü alanda fikirləşirəm, Heydər Əliyev sağlığında qəlblərdə özünə əbədi heykəl ucaltdı. Təsəvvürünüzə gətirirsiniz, 1998-ci ildə mən Xalq artisti adına məhz ulu öndərimizin fərmanı ilə layiq görüldüm. İllər idi ki, mənzil şəraitinin darısqallığından əziyyət çəkirdim. Bir görüşümüzdə o bunu bilən kimi dərhal həll etdi. İndi çox rahat, müasir üslubda tikilmiş və təmir edilmiş gözəl mənzildə yaşayıram. Bütün bu rahatlığı mənə və ailəmizə məhz Heydər Əliyev bağışlayıb. Onun bir mənim yox, bütün sənətçilərin boynunda böyük haqqı var. Mən deyərdim ki, bizim iki böyük pənahımız olub - onun biri ulu Tanrıdır, ikincisi də əzizimiz Heydər Əliyev idi. Az yaşım yoxdur. Nələr görməmişəm bu həyatda. Heydər Əliyev kimi qətiyyətli, həssas, qayğıkeş, duyumlu insan olmayıb. O, başqa aləm idi”.

Bəli, görkəmli bəstəkar 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülmüş, 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilmişdi. O, “Mən Allahımdan çox razıyam” deyirdi. Allah ona fitri istedad vermişdi, bir insanın nail ola biləcəyi ən böyük uğurları nəsib etmişdi. Bu haqda müsahibələrində də oxuyuruq: “...mən sənətdə arzuladığım hər nə varsa, ona nail olmuşam. Və bu mənada özümü çox xoşbəxt insan, xoşbəxt sənətkar hesab edirəm. Hər dəfə əsərim hər hansı bir tamaşa salonunda səslənəndə tamaşaçılar məni çox alqışlayır, onda düşünürəm ki, kaş atam sağ olaydı və mənim bu uğurumu görəydi. Yəqin ki, ruhuna əyandı. Bir sözlə, mən xoşbəxt sənətkaram ki, xalq məni belə sevir. Demək, mən həyatımı boş yerə yaşamamışam. Çünki belə bir böyük istedada, güclü sənət duyumuna malik olan xalqın məhəbbətini qazanmaq hər kəsə nəsib olmur”.

Xalqının sevgisini qazanan sənətkar, qəlbi bu sevgi ilə döyünən bəstəkarın yeganə oğlu Taleh Hacıyev də istedadlı pianoçu və bəstəkar idi. Onun “Belə qəmli dayanma” mahnısı çox məşhurdur. Amma sənətsevərlər Taleh Hacıyevi daha çox pianoçu kimi tanıyırdı. Gənc yaşlarında xəstəliyə tutulub 2008-ci ildə dünyasını dəyişən Talehin ölümünü xəstə yatağında olan Şəfiqə xanımdan iki il gizlətmişdilər...

Şəfiqə xanım Axundova 2013-cü il iyulun 26-da Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

1941-ci ildən başlayaraq 72 il öz musiqisi ilə xalqına xidmət edən Şəfiqə Axundovanın musiqinin müxtəlif janrlarında yazıb yaratdığı əsərlər milli incəsənətimizin qiymətli mirasıdır. Xırda instrumental əsərlərdən tutmuş irihəcmli opera, operetta kimi musiqi janrlarını, onlarla teatr tamaşalarına qədər 600-dən çox əsəri əhatə edən bu möhtəşəm yaradıcılıq irsi öz yaradıcısını yaşadacaq. Bəstəkarın insanın ən mübhəm duyğularına toxunan, ürək titrədən, zövq oxşayan mahnıları, dərin mətləbləri ifadə edən klassik janrlı musiqi əsərləri onun ömrünə ömür qazandırıb. Şərəfli ömür yaşamış Şəfiqə Axundovanın qoyub getdiyi zəngin irsdən hələ neçə-neçə bəstəkar və ifaçılar nəsli bəhrələnəcək, yüz minlərlə dinləyici zövq alacaq.

Ruhuna alqış!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR