İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərin lampasına nöyüt tökməyin adı

1239 31.08.2022 08:40 Yazarlar A A

Müsəlman qonşumuz İran terrorçu Ermənistana dəstəyini davam etdirir. IRNA agentliyinin xəbərində deyilir ki, İranın Şərqi Azərbaycan vilayəti elektrik enerjisi ilə bağlı 2000-dən çox layihədən biri kimi, Ermənistana da elektrik ötürücü xəttinin açılışını edib. 90 kilometrlik Həris-Mehri elektrik ötürücü xətti ilə İrandan Ermənistana 400 kilovat elektrik enerjisi ixrac etmək mümkün olacaq. Ermənilər özləri açıqlamışdılar ki, İranın Ermənistana ixracı ötən illə müqayisədə 37% artıb.

Belə... Sonra da bir çoxumuz təəccüb edirik ki, İran niyə Ermənistanı müdafiə edir, “Ermənistanın sərhədləri bizim üçün qırmızı xətdir” deyir, Azərbaycana qarşı qərəzli davranır? İran Ermənistanı elə ağuşuna alıb ki, əlindən yerə qoymaq istəmir. Yenilik də deyil.

Bir az tarixə ekskurs edək: 23 dekabr 2011-ci ilin rəsmi xəbəri: “2 ildə hər biri 793 milyon kilovat-saat elektrik enerji hasil edən elektrik stansiyaları Araz çayının Ermənistan və İran sahillərində yerləşəcək. Bu barədə İran prezidenti Mahmud Əhmədinejadın Ermənistana səfəri zamanı bəyan edilib”.

Yaxud 21 dekabr 2016-cı ilin rəsmi məlumatında oxuyuruq: “Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur, Ermənistanda səfərdə olan İran prezidenti Həsən Ruhani Ermənistan prezidenti ilə birgə brifinqdə deyib”.

Görürsünüzmü, İranın prezidentləri dəyişir, amma Ermənistan siyasəti dəyişmir. Bu mənada Rəisi dövründən qeyri-adi nəsə gözləməyə dəyməz. Xocalıda dinc müsəlmanların - İran rəsmilərinin dili ilə desək -azərbaycanlı əhalinin soyqırımını həyata keçirmiş Serj Sərkisyanı bağrına basan İran prezidenti belə hesab edirdi ki, Qarabağ məsələsini hərb yolu ilə həll etmək olmaz və cani Serjik də məmnun qalırdı. Guya Köçəryan və Sərkisyan cütlüyü Qarabağı gül-çiçəklə Azərbaycandan almışdılar. Məscidlərdə saxladıqları donuzlar bəlkə ceyran-cüyür gözündə görünürmüş İran rəsmilərinə...

Hələ dağıdılmış məscidləri demirik. Əvəzində nə gördük? Şuşadakı Gövhərağa məscidinin “təmiri”ni İran şirkətinə həvalə etdi işğalçı ermənilər, İrəvandakı Göy məscid kimi, onu da “İran məscidi” eləmək istədilər. Bütün planları pozuldu, Azərbaycan Prezidenti torpaqların HƏRB YOLU ilə azadlığına nail olmaqla bütün əks-arqumentləri alt-üst etdi, həmçinin “sizin təmiriniz bizə lazım deyil” deyib də, kəskin münasibətini ortaya qoydu, müqəddəs ünvanın əski görkəminə qaytarılması barədə işlər başlandı.

Təbii ki, bütün arqumentləri darmadağın edilmiş ölkə, cəmi 44 günə qələbə qazanmış, bu gün də prosesləri diktə edən Azərbaycanın zəfərini həzm edə bilməzdi. Deyək ki, İranın səfiri və hərbi attaşesi Şuşaya səfər etdi, amma bununla iş bitirmi? Təbii ki, yox! İran Zəngəzur dəhlizinin baş tutmaması üçün təkcə dua etmir, həm də əlindən gələni edir. Təkcə ona görə yox ki, alternativ yolun öz ərazisindən keçməsi və Azərbaycana təzyiq imkanı qazanmaq niyyətindədir, əldə olunmuş razılaşmaya uğun olaraq. Qorxur ki, Zəngəzur dəhlizinin açılması gələcəkdə bütövlükdə Zəngəzur mahalının əldən çıxması ilə bitə bilər. Tez-tələsik Qafanda konsulluq açması, bu bölgədə azad iqtisadi zona yaradılması da bu narahatlıqdan qaynaqlanır.

Avqustun 30-dan etibarən ermənilər üçün Laçın dəhlizi bitdi! Azərbaycanın təklif etdiyi alternativ yoldan istifadə edə bilərlər, dinc məqsədlər üçün. Əks halda... O Laçın dəhlizindən söhbət gedir ki, İran TIR-larından tutmuş, fransalı prezidentliyə namizədlərə, amerikan senatorlara, həmsədrlərə qədər “su yolu”na döndərilmişdi. Bitdi! Narazı qalacaqlar təbii ki. Yolları kəsildi!

Yazını İranın erməniləri enerji ilə təchiz etməsi xəbərindən başladıq. Azərbaycanın “Azərenerji” ASC-si avqustun 26-dan Azərbaycan Ordusunun nəzarətinə keçmiş Laçın şəhəri, Zabux və Sus kəndlərinə elektrik enerjisi verib. Cəmi 4 sutka ərzində! Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığı yandırılıb. Hazırda paylayıcı şəbəkənin bərpa edilməsi üçün “Azərişıq” əməkdaşları Laçın şəhəri, Zabux və Sus kəndlərindəki hərbi və mülki obyektləri enerji ilə təmin edib digər zəruri tədbirləri həyata keçirir.

Günün birində Xankəndi, Xocalı, Xocavənddə də işığımız yanacaq! İran qaranlığa can atan Ermənistana işıq verir. İşıqlı yolu seçmək istəyən ölkə 3+3 formatında əməkdaşlığı seçərdi, Zəngəzur dəhlizinin açılmasına razılıq verərdi, sülh yolunu seçərdi, terrorçu dəstələri yığıb aparardı Qarabağdan... Şər ölkəsinin işığını yandırmaq, “lampasına nöyüt tökmək”, yumşaq desək, Allaha xoş gələn hərəkət deyil...

30 il ərzində Ermənistan üçün “nəfəslik” oldu Mehri “boğazı”. İndi İran buradan enerji verir erməniyə, qaranlığa tərəf getmək istəyən, terror seçən ölkəyə! Təkcə Sarıbaba yüksəkliyindən 1000-dən çox mina çıxarıldı - 2021-ci ildə Ermənistanda istehsal olunmuş mina! Və ötən gün Qubadlıda bir minaaxtaranımız yaralandı mina partlayışı səbəbindən. Dina adlı minaaxtaran itsə tələf oldu. Erməni vandalizminin əl işləridir. İran işığını artırır erməni mina istehsalçılarının, çox təəssüf ki...

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR