İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddə 4-cü görüş - Bakı və İrəvan ortaq xəritə axtarışında

1618 15.07.2023 12:00 Siyasət A A

Politoloq: “Bu prosesə ən ciddi əngəl sülh müqaviləsinin gecikməsidir”

Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri  - Şahin Mustafayev və Mqer Qriqoryan srağagün iki ölkənin dövlət sərhədinin müəyyən edilməsi üzrə komissiyaların birgə iclasını keçiriblər. Ermənistan XİN-in məlumatına görə, komissiyanın dördüncü iclası Ermənistan-Azərbaycan sərhədində baş tutub.

İclasda delimitasiya aspektləri, o cümlədən bir sıra təşkilati və prosessual məsələlər yenidən müzakirə olunub. Ermənistan və Azərbaycan liderləri arasında müxtəlif formatlı görüşlərdə əldə olunmuş razılaşmalara əsasən, tərəflər sərhədlərin müəyyənləşdirilməsinin aspektlərini, o cümlədən bir sıra təşkilati və prosedur məsələləri müzakirə etməyi davam etdiriblər. Tərəflər həmçinin iki komissiyanın növbəti iclasının gününü və yerini müəyyən etmək üçün işçi qaydada razılığa gəliblər.

O da məlum olub ki, görüş Ermənistanın Tavuş rayonu ilə Azərbaycanın Qazax rayonu arasında ərazidə keçirilib. Bu barədə “Sputnik Ermənistan”a M.Qriqoryanın ofisinin nümayəndəsi Ani Babayan məlumat verib.

Belə təmasların önəmi, əhəmiyyəti nədən ibarətdir? Masa üzərində hər iki tərəfin qəbul elədiyi hansısa xəritə varmı və konkret nəticə nə vaxt ola bilər?

Oqtay Qasımov 

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitiasiyası üzrə yaradılmış komissiya Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel görüşündən sonra keçən ilin mayında yaradılıb. Bundan sonra komissiyanın üzvləri bir neçə dəfə görüşlər keçiriblər: “Eyni zamanda komissiyanın həmsədrləri Şahin Mustafayev və Mqer Qriqoryan həm də komunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiyanın həmsədrləridir, müntəzəm olaraq təmasdadırlar. Delimitasiya komissiyasının görüşünə gəlincə, əlbəttə, bu təmasların əhəmiyyəti var. Ən azı o baxımdan ki, Azərbaycanın irəli sürdüyü şərtlər arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması kimi mühüm məsələlər yer tutur.

Bu baxımdan sərhədlərin delimitasiya məsələsi xüsusi önəm daşımağa başlayır. Belə ki, artıq tərəflər keçən ilin oktyabrında qarşılıqlı şəraitdə bir-birinin ərazi bütövlüyünü tanınması ilə bağlı razılığa gəldilər və bundan sonra oktyabr ayında Nikol Paşinyan bu bəyanatı səsləndirdi. Ardınca may ayında Azərbaycanın Qarabağ və anklavlar da daxil ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Yəni bu, vacib bir məsələ idi. Sadəcə olaraq, indi bu bəyanatın yazılı formaya keçməsinə ehtiyac var və bu istiqamətdə fəaliyyət davam etdirilir ki, sülh müqaviləsi ilə bərabər sərhədlərin müəyyənləşdirilməsi də başlasın. Bu baxımdan da təmaslar lazımdır.

Sərhəddə GƏRGİNLİK: iki rus əsgəri yaralanıb? İki ekspert qarşı-qarşıya...

Delimitasiya və demarkasiya prosesinin hansı xəritələr əsasında aparılacağı məsələsi isə hələ tam şəkildə razılaşdırılmayıb. Ermənilər daha çox 1975-ci il xəritələrinə istinad edirlər və bunu önə çəkirlər. Azərbaycanın isə buna razılığı yoxdur. Azərbaycan konkret olaraq daha geri tarixlərdəki xəritələrlə bağlı məsələni gündəmə gətirir və prosesin hüquqi müstəvidə həllinin tərəfdarıdır. O baxımdan xəritə məsələsində bu ana qədər hansısa bir razılığın əldə olunması ilə bağlı məlumat yoxdur. Baxmayaraq ki, bir müddət öncə Ermənistan tərəfindən bir açıqlama verilmişdi, lakin sonra onu təkzib etdilər. Söhbət 1975-ci il xəritələrindən gedirdi".

O ki qaldı hansısa konkret nəticələrin olub-olmayacağına, politoloqun sözlərinə görə, yaxın zamanlarda konkret nəticə gözlənilmir: “Əvvəla, delimitasiya və demarkasiya prosesi kifayət qədər zaman alan məsələdir. Məsələn, bizim Rusiya ilə sərhədlərin müəyyənləşməsi uzun zaman aparmışdı. O cümlədən Gürcüstanla sərhədlərimizdə müəyyən hissələr hələ də delimitasiya olunmamış qalır. Yəni bu məsələ çox zaman tələb eləyən bir prosesdir. Ermənistan kimi bir ölkə ilə isə sərhədlərin müəyyən edilməsinin uzun zaman aparacağı şübhəsizdir. Ermənistanla bizim sərhədlərimizin uzunluğu və relyefin mürəkkəbliyi, eləcə də aydınlaşmamış xeyli məsələlərin olduğunu da nəzərə almaq lazımdır. Ona görə də prosesin tezliklə yekunlaşacağını düşünmək doğru olmaz. Konkret nəticə nə ola bilər?

Tərəflər prosesi davam etdirəcəklərsə, o zaman hansısa konkret nəticələrin olacağını söyləyə bilərik. Bu gün isə sadəcə, ilkin addımlar atılır, müəyyən təmaslar qurulur. Bu prosesə ən ciddi əngəl iki ölkə arasında sülh müqaviləsinin gecikməsidir. Sülh müqaviləsi imzalanarsa, münasibətlər normallaşma istiqamətində sürətlə davam edərsə, o zaman sərhədlərin müəyyənləşməsi prosesi də sürətli şəkildə gedə və yekun nəticəyə gəlib çıxmış olar".   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR