İnsanlara hürriyət, millətlərə istiqlal!

Serb prezidentdən “Bakı Avropaya qaz verməkdən imtina edir” iddiası

1862 30.03.2022 11:46 İqtisadiyyat A A

Deputat: “Azərbaycan Prezidentinin adından o cür fikir səsləndirməsi...”

Rusiya prezidenti Vladimir Putinin qazı yalnız rublla satmaq qərarından sonra Avropa Birliyi Rusiya qazından asılılığın aradan qaldırılması üçün intensiv yollar axtarır. Məsələ Avropa Birliyinin son zirvəsində də müzakirə olunub.

Serbiya prezidenti Aleksandr Vuçiç isə ilginc bəyanat verib. Vuçiç RTS-2 TV-yə müsahibəsində deyib ki, “qaz çatışmır və ruslarla danışmalıyıq”. Vuçiç deyib ki, “dəfələrlə Azərbaycan Prezidenti Əliyevlə də danışmışam, məsələ belədir ki, qaz yoxdur”. Vuçiç burada sözlərini bitirib.

Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi - Günün Səsi

Maraqlı görünən Serbiya liderinin Əliyevin adından “qaz yoxdur” bəyanatı verməsidir. Azərbaycan Prezidenti hər vaxt deyib ki, böyük qaz ehtiyatlarımız var. “Azərbaycanın Avropaya qaz tədarükünə başladığı bütün həcmlər 4 və ya 5 il əvvəl, Trans-Adriatik Qaz Kəməri (TAP) tikildiyi zaman kontraktlaşdırılıb”. Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə hazırda spot bazarındakı qazın qiymətinin artması ilə Azərbaycanın Avropa bazarına tədarükü artırmağa hazır olduğu və hansı miqdarda olacağı ilə bağlı verdiyi suala cavab verərkən deyib. “Belə sorğular bizə mövcud vəziyyəti nəzərə almaqla Avropa Komissiyasının məsul nümayəndələri tərəfindən daxil olur. Lakin məsələ ondadır ki, bizim ölkədə Avropaya tədarükə başladığımız bütün həcmlər, biz isə bunu bir ildən bir qədər artıq, Trans-Adriatik Qaz Kəmərinin tikildiyi zaman etməyə başladıq, hamısı artıq çoxdan, 4 və ya 5 il əvvəl kontraktlaşdırılıb. Siz yaxşı bilirsiniz, qaz elə bir məhsuldur ki, onu əvvəlcə satmaq, sonra isə hasil etmək lazımdır, ona görə də biz, sadəcə, fiziki olaraq, buna malik deyilik, yəni bizə əlavə qazın lazım olduğunu nəzərə almamışdıq. Bizim ən böyük istehlakçımız Türkiyədir. Ondan sonra İtaliya, sonra Gürcüstan, Yunanıstan, Bolqarıstan. Biz keçən il cəmi 19 milyard kubmetr qaz ixrac etmişik, bu il daha çox olacaq. Ola bilər ki, artığı spot bazarında satılsın”, - deyə Prezident bildirib.

Göründüyü kimi, bu sözlər “qaz yoxdur” bəyanatından kəskin fərqlənir. O başqa məsələdir ki, Azərbaycan illik istehlakı 500 milyard kub olan Avropanı tam təchiz edə bilməz və heç bu iddiada deyil. Bəs o halda Serbiya prezidenti Vuçiç niyə belə bir bəyanat versin?

Nöqsanlara ictimaiyyətin və medianın nəzarəti önəmlidir - Deputat

Ceyhun Məmmədov

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanın adından Azərbaycan tərəfinin dilindən çıxmayan o cür açıqlamaların verilməsi təəssüf doğurur: “Azərbaycan Prezidentinin o cür fikir işlətməsi mümkün deyil. Serbiya prezidentinin o cür fikir səsləndirməsi təkcə təəssüf doğurmur, eyni zamanda ikitərəfli münasibətlərə xələl gətirir. Görünür, belə bir bəyanatın verilməsində başqa amillər və məqsədlər var. Kimlərsə Avropa Birliyi-Azərbaycan münasibətlərinə təsir etmək istəyir. Azərbaycan isə nə qədər mümkündür və imkanlar nə qədər yetirsə, bir o qədər Avropa Birliyi ilə qaz məsələsində əməkdaşlıq edir. Azərbaycan dəfələrlə qaz məsələsi ilə bağlı ən yüksək səviyyədə fikirlərini bəyan edib. O fikirlərin heç birində serb prezidentin dediyi formada fikir olmayıb. Azərbaycanın qaz ixracı imkanlarının hansı həddə olduğu dəfələrlə bəyan edilib. Hansı ölkələrin Azərbaycan qazı ilə təmin olunduğu da məlumdur. Həmin ölkələrin sırasında Avropa Birliyinə üzv dövlətlər də var. Azərbaycanın bütün Avropanı, bütün Avropa Birliyi ölkələrini qazla təmin etmək imkanının olmadığı dəfələrlə elan edilmiş rəqəmlərdən də aydındır. Rəsmi Bakı bu barədə dəfələrlə açıqlama verib. Lakin bu cür açıqlamalar Azərbaycanın Avropaya qaz satmaqdan imtina etməsi demək deyil. Azərbaycan Avropa Birliyi ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq qaz, təhlükəsizlik və digər iqtisadi məsələləri əhatə edir. Azərbaycan öz qaz hasilatını artırmaq istiqamətində addımlar atır. Hesab edirəm ki, növbəti illərdə də biz müsbət irəliləyişləri görəcəyik”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR