İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılar baş qaldırır, Qərbi Azərbaycan məsələsi gündəmdə...

1627 11.03.2024 16:04 Siyasət A A

Separatçılar fəaliyyət əhatəsini genişləndirərək Qərb təmsilçiləri ilə də görüşlərə can atırlar. Bu proses davam edəcəyi təqdirdə, Ermənistanın ağır nəticələrlə üzləşəcəyi şübhə doğurmur. Bunun qarşılığında Azərbaycan dövləti Qərbi Azərbaycanı bəyan edə bilər kimi ehtimallar səslənir.

Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a şərhində bildirib ki, Azərbaycan proseslərin bu istiqamətdə gedəcəyini gözləyirdi.

 O xatırladıb ki, ermənilər dəfələrlə hər hansı məqamdan sui-istifadə etmək cəhdləri ediblər:

 “Ermənilərin Qarabağı sürətlə tərk etməsi təsadüfi deyildi. Onların müəyyən hədəfləri var idi. Bir tərəfdən onlar törətdikləri cinayətlərə görə Qarabağda qalıb yaşamağın çətin olacağını anlayırdılar. Digər tərəfdən isə onlar hər zaman özlərinin deyil, başqalarının maraqlarına xidmət ediblər. Müəyyən qüvvələr onlara Qarabağdan çıxmağı sifariş verdi ki, sonradan Azərbaycana qarşı istifadə etsinlər. Müəyyən dövlətlər və mərkəzlər 1915-ci il hadisələrindən Türkiyəyə qarşı istifadə etdiyi kimi,  indi də əllərinə fürsət düşmüşkən, ermənilərin deportasiya edildiyini iddia edərək, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklər. Yəni proses ermənilərin özlərinin təşəbbüsü deyil. Əslində, Qarabağdan çıxan bir ovuc erməninin buna gücü yoxdur. Onların arxasında duran, onlardan alət kimi istifadə edən qüvvələr var”.

A.Nağı Qərbi Azərbaycanın bəyan edilməsi ilə bağlı məsələni belə şərh etdi: “Qərbi Azərbaycan məsələsi tarixi həqiqətin, ədalətin bərpa olunması üçün qaldırılıb. Həm təbliğat aparılır, həm də sənədlər hazırlanır. Hiss olunur ki, beynəlxalq təşkilatlar fakt qarşısında qoyulur. Azərbaycanlılar öz ərazilərindən zorla çıxarılıblar. Buna görə də doğma yurdlarına qayıtmalıdırlar. Ermənilər bu cür hərəkət edirlərsə, səylər artırılacaq. Ermənilər Ermənistan ərazisində iş aparırlar. Onlar xarici dövlətlərin nümayəndələri ilə görüşməyə təşəbbüs göstərirlər. Bunların heç biri Paşinyanın icazəsi və nəzarəti olmadan həyata keçirilə bilməz. Bu, onun planlarının tərkib hissəsidir. Sifarişlər də Paşinyana gəlir. Bu yaxınlarda xarici ölkələrin birində “qondarma rejim”in tərəfdarları tədbirə özlərinin əski parçası ilə gəlmişdilər. Ermənistan hakimiyyətinin nümayəndələri buna etiraz etmişdilər ki, bununla yox, Ermənistan bayrağı ilə gəlməli idilər. Azərbaycan işini bilir. Diaspor təşkilatları və başqa formatda işlər görülməlidir. Onların yalanları ifşa olunmalıdır. Vaxtında operativ reaksiya verilməlidir. Onların hərəkətlərinin nəticəsinin olmaması, niyyətlərinin, məqsədlərinin tam mənasında neytrallaşdırılması üçün maksimum çalışmaq lazımdır”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR