İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçı rejimin “rəhbərləri” əfv edilə bilməz

823 09.08.2023 10:52 Gündəm A A

Çingiz Qənizadə: “Etnik ermənilər arasında çox sayda ağır cinayətlər törətmiş şəxs var”

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarından birində Qarabağda yaşayan erməni icmasının müəyyən üzvlərinə amnistiya aktının tətbiq oluna biləcəyi haqqında açıqlama vermişdi. Qarabağda yaşayan bir neçə erməni lider İlham Əliyevin xoş məramından yararlanaraq Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən bütün ermənilərin amnistiyaya düşməsinə nail olmağa çalışır. Qondarma qurumun “ordusunun keçmiş komandanı” Samvel Babayan Azərbaycan Respublikasının qanunu ilə təqib olunan və müharibədə Azərbaycana qarşı cinayət törədən 300 erməninin  amnistiyasına nail olmağı təklif edib. O bunu Vaqif Xaçatryanın nümunəsi əsasında söyləyib. Bəs Araik Arutyunyan, Samvel Babayan, Vitali Balasanyan  və digər müharibə cinayətlərində iştirak etmiş liderlər amnistiyaya düşə bilərmi?

Azərbaycan Hərbi Prokurorluğundan “Yeni Müsavat”a bildirilib ki, erməni hərbi cinayətkarların beynəlxalq axtarışları davam edir. Eyni zamanda Azərbaycan ərazilərində yaşayan, vaxtilə Qarabağda azərbaycanlılara qarşı cinayət törətmiş hərbi canilərlə bağlı da əməliyyat-istintaq tədbirləri davam edir. Həmin cinayət işləri üzrə icraatın təzələnməsi üçün əsaslar yarandığı zaman bu addım da atılacaq. Azərbaycanlılara qarşı cinayət törədən heç bir hərbi cani milliyyətindən asılı olmayaraq törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmayacaq.

Fazil Mustafa ikinci dəfə əməliyyat edildi - ANS - Sayt Başlığı

 Fazil Mustafa

Deputat Fazil Mustafa “Yeni Müsavat” bildirdi ki, danışıqlar prosesində bu məsələ də müzakirə oluna bilər. Onun fikrincə, terrorda iştirak etməmiş şəxslərin amnistiyası haqqında düşünmək olar: “Qarabağda yaşayan əhali itaətsizliyə, dövlət qanunlarını tanımamağa görə onsuz da məsuliyyət daşıyır və cinayətkar kimi onlara qarşı hər hansı addımın atılması istisna edilmir. Azərbaycanın reinteqrasiya prosesini necə aparması və ermənilərin cavabı çox önəmlidir. Amnistiyanın tətbiq edilməsi sonrakı mərhələdə gündəmə gələ bilər. Ermənilər hər şeyi yenidən başlamağa razı olanda, Azərbaycan qanunlarına tabe olduqlarını bəyan etməyə hazır olanda amnistiya elan oluna bilər. Məsələ müzakirəyə çıxarılanda tərəzinin bir gözündə törədilən cinayətlər, digər gözündə isə Azərbaycanın suverenliyinin bərpa olunması məsələsi duracaqsa,  biz ağır gələn tərəfə diqqət edəcəyik. Azərbaycan ərazi bütövlüyünün bərpa olunması naminə müəyyən güzəştlərə gedə bilər. Güzəştə getməyəcəyimiz əsas məsələlər ərazi bütövlüyümüz, suverenliyimiz və ərazimizdə yaşayan bütün insanların Azərbaycan qanunlarına tabe olmasıdır”.

Çətindir... Azərbaycan üçün 125 deputat azdır” – Çingiz Qənizadə Yeni Sabah

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzunu “Yeni Müsavat”a şərh edərkən qeyd etdi ki, Araik Arutyunyan, Samvel Babayan, Vitali Balasanyanın, proseslərin aktiv iştirakçısı olan, cinayətlər törədən, quldurluq edən Vaqif Xaçatryanın da amnistiyaya düşməsi mümkün deyil. O, söhbətin separatçı rejimin “parlament”, “hökumət” rəhbərlərindən getmədiyini vurğuladı: “Söhbət proseslərdə fəal olan, lakin buna məcbur edilən, yəni qəsdən insan öldürməyən, digər ağır cinayətlər törətməyən ermənilərdən gedir. Məlumdur ki, amnistiya aktı Milli Məclis tərəfindən qəbul edilir. Sonradan barələrində həbs qərarları çıxarılmış və qanuni qüvvəyə minmiş hökmlər olarsa, cənab Prezident istədiyi şəxsləri əfv edə bilər. Bu Prezidentə verilmiş müstəsna hüquqdur. Bütün hallarda həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı müharibə cinayətləri törətmiş, Azərbaycan xalqına qarşı qırğın və soyğunçuluq edən, ərazilərimizin işğalında fəal iştirak etmiş, prosesə rəhbərlik etmiş şəxslər nə amnistiya aktının, nə də əfv sərəncamının təsir dairəsinə düşmürlər. Hazırda Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında yaşayan etnik ermənilər arasında çox sayda ağır cinayətlər törətmiş şəxslər var ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun qərarı ilə axtarışa veriliblər. Onlar ələ keçirilən kimi mühakimə olunacaqlar. Gələcəkdə inteqrasiya prosesi baş tutarsa, həbs edilən şəxslərin əfv edilməsi hüququ yenə də Prezidentin səlahiyyətində olacaq”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçın rayonuna səfəri zamanı Qarabağda yerləşən separatçı rejimin məmurları haqqında çıxış edərkən bildirdi ki, onların təslim olmaqdan başqa variantları yoxdur: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə ”parlament" buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər".

Prezident çıxışında həmçinin qeyd etdi ki, beynəlxalq təşkilatlar faktiki olaraq Azərbaycanın mövqeyi ilə (Qarabağla bağlı - red.) tamamilə razılaşıblar. Sitat: “Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm. Yəni nəyə görə razılaşıblar? Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq. Bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır”.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Kişinyovda Ermənistan və Azərbaycan arasında gözlənilən danışıqlar ərəfəsində bəyanatla çıxış edərək dinc səyləri dəstəkləməyə hazır olduğunu təsdiqləmişdi. Mətbuat katibi Metyu Miller bəyan etmişdi ki, ABŞ Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnundur: “Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür. Bu yaxınlarda sülhə sadiq olduğuna görə baş nazir Paşinyana təşəkkürümüzü bildirir və amnistiya məsələsinə baxılması ilə bağlı Prezident Əliyevin son fikirlərini   alqışlayırıq”.

Vaşinqtonun bu mövqeyi Ermənistanda bəzi siyasi dairələrin narazılığına səbəb olub. Erməni şərhçi Edik Andreasyan “Hraparak” nəşrindəki “Araiki təslim edin, rahat yaşayın” adlı məqaləsində qeyd edib ki, “İlham Əliyevin bütün açıqlamalarına ciddi yanaşmaq lazımdır, çünki adətən Azərbaycan Prezidentinin dedikləri gerçəkləşir. Araik Azərbaycan Daxili İşlər Nazirliyinin mikroavtobusuna əyləşəndə Əliyevlə Paşinyan sülh sazişi imzalayacaq. Əliyev böyük amnistiya elan edəcək və Qarabağdakı erməni əhalisi öz gündəlik həyatlarını yaşayacaqlar. Arutyunyanı bağışlamaq və ya bağışlamamaq qərarını Bakıda verəcəklər, bəlkə də bağışlayacaqlar”.

ABŞ-nin  mövqeyinə erməni siyasilərlə  yanaşı, qondarma rejimin xarici işlər nazirliyi də münasibət bildirib: “ABŞ Dövlət Departamentinin Azərbaycan Prezidentinin ”Artsax" sakinlərinin amnistiya məsələsinə baxmağa hazır olması ilə bağlı son bəyanatlarını alqışladığı  haqda bəyanatı dərin məyusluq və çaşqınlıq yaradır".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR