İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçı Babayan Konqresdən Azərbaycana meydan oxudu – ABŞ-ın yeni sülh oyunu

3632 20.09.2022 16:26 Yazarlar A A

Öldür, ABŞ-ın Güney Qafqazda, Qarabağda sülh təşəbbüskarlığının səmimiliyinə inanmaq olmur. Günah da heç kimdə yox, özlərindədir.

Amerikanın sülh səylərinin səmimiliyinə necə inana bilərik ki, ötən gün - sentyabrın 19-da Nyu-Yorkda ABŞ xarici siyasət idarəsinin rəhbəri E.Blinken azərbaycanlı və erməni həmkarlarını bir araya gətirib barışıq yönündə müzakirələr apararkən mifik “artsax”ın oyuncaq “xarici işlər naziri”, Azərbaycanın haqqında beynəlxalq axtarış elan elədiyi David Babayan da Konqres binasında təşkil olunmuş təbirdə Azərbaycan əleyhinə çıxış edirdi.

Guya hüquqi dövlət olan ABŞ-ın qandallayıb Bakıya təhvil vermək əvəzinə viza verib Konqresə çağırdığı bu erməni çaqqalın çıxışından sitat: “Rəsmi Stepanakertin (Xankəndi – red.) Azərbaycan-Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməzdir: “artsax” ATƏT-in Minsk Qrupu çərçivəsində “artsax”ın tam iştirakı ilə dinc danışıqlar prosesinə böyük əhəmiyyət verir. “Artsax” heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacaq. Diktator Azərbaycanın, Türkiyənin və beynəlxalq terrorçuların “artsax”a münasibətdə təcavüzkar və soyqırım siyasəti ciddi təhdidlər vəd edir”.

İndi qoy cənab Blinken ölkəsinin göbəyində, paytaxtında oturub suveren Azərbaycan dövlətinə cəzasızcasına meydan oxuyan bu erməni kriminal ünsürün avantürist çıxışına cavab versin görək, bacararmı? Çətin. Əks halda, Azərbaycan həbsxanasının “darıxdığı” bu əbləhi ABŞ-a çağırmazdılar ki.

Bu da sizə Amerika demokratiyası və hüquqi dövlətçiliyinin gerçək üzü!..

Yəni əslində təəccüblü-zad deyil. 44 günlük müharibədən sonra da “çəhrayı arzular”la yaşayan Babayan ABŞ-da necə anti-Azərbaycan çıxışı eləməsin ki, “küpəgirən” qarı, Türk düşməni N.Pelosi İrəvan səfəri ilə ona əlavə qol-qanad veribsə, ümumiyyətlə, separatçını adam yerinə qoyub “siyasi xadim” kimi Amerikaya çağırıblarsa?

Diqqət edin, ABŞ tez-tez Rusiyanı terrorizmin, separatçılığın sponsoru adlandırır. Ancaq burdan-bura özünün erməni separatçılığının sponsoru olduğunu görmək istəmir. Axı Ukraynada, Gürcüstanda, Moldovada dağıdıcı separatçı hərəkatlara və onların xadimlərinə qənim kəsilən Vaşinqton hansı haqla Azərbaycana gələndə erməni separatizmini 30 ildir müdafiə edir, ona maliyyə yardımları ayırır, separatçı-quldurları vaxtaşırı ABŞ-a gətirir, onların başını tumarlayır, Konqres qapılarını onların üzünə açır, onları dövlətimiz əleyhinə hürdürür, hətta erməni separatçıları naminə Azərbaycana qarşı bu günədək ləğv edilməmiş “907-ci düzəliş”lə ədalətsiz sanksiya tətbiq edir?!

Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüyünün “qırmızı xətt” olduğunu hər addımda bəyan edən amerikalı rəsmilərin, konqresmenlərin dilindən niyə biz 30 ildə bircə dəfə də olsun eyni ifadəni ölkəmiz ünvanına eşitmədik, eşitmirik? Əksinə, ABŞ-ın Bakıdakı səfiri nümayişkaranə şəkildə Şuşaya getmir. “Biz regionda sülh istəyirik” sözlərinin səmimiliyinə necə inanaq? Hansı sülhün? Ermənilərin arzuladığı, təsəvvür elədiyi “sülhünmü”?

Bütün bunların üstündən necə vasitəçilikdən, Minsk Qrupundan dəm vurmağa üzləri gəlir? Azərbaycanı, bizi nə hesab edirlər görəsən?

Tərəflərdən birinin etibarını itirmiş vasitəçi – vasitəçi deyil, ola bilməz və 3 nida işarəsi!!! Ümid edək bu bəsit məntiq, nəhayət, ABŞ-ın siyasi və diplomatik elitasına nə vaxtsa, çatacaq. Çatmasa da, babalı öz boyunlarına. Azərbaycan bundan bir şey itirməz. Özləri itirər. Necə ki, itirirlər...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR