İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sənə 42 min kv km-lik Ermənistan vermişdik, 10 mini necə oldu?..” – İrəvanda bitməyən Qarabağ həyasızlığı

9693 29.05.2022 20:34 Yazarlar A A

“Artsax”ın azadlıq mübarizəsi zamanı biz Ermənistanın nəzarət elədiyi 42 min kv km-lik bir əraziyə sahib idik. Bizim nəsil bununla fəxr edirdi və bizdən ötrü bu, tarixi hadisə idi. Paşinyan hakimiyyətə gəldi və 42 min kvadrat km-dən təxminən 10 minini əldən verdi”.

Bu sözləri İrəvanın Fransa meydanında keçirilən mitinqdə “Ermənistan” blokundan olan daşnak deputat Armen Rüstəmyan deyib.

“Sonra da soruşurlar ki, siz (müxalifət – Z.S.) bu millət üçün nə etmisiniz ki, istefamızı tələb edirsiniz? Başqa nə etməli idik? Sənə 42 min kvadrat km-lik ərazi təhvil verilmişdi. Əgər hakimiyyətdə qalsalar, bu da əldən gedəcək”, – daşnak bildirib.

Bu erməni məxluqunun “miatsum” sancısını gördünüzmü? O, 42 min kv km deyəndə əlbəttə ki, Ermənistanın BMT tərəfindən tanınmış 29.7 min kv km-lik ərazisi və üstəgəl, 2-ci Qarabağ savaşınadək işğal altında olmuş 12 min kv km-lik Azərbaycan torpaqlarını deyir. Onun 10 min-ini artıq müzəffər ordumuz azad edib, 2 min kv km-i isə hələ ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindədir...

Daşnak Rüstəmyan düşüncəsində olan isə yalnızca o deyil. Onların hamısı Ermənistan deyərkən Ermənistan SSR-i, üstəgəl də keçmiş DQMV-lə birgə onun ətrafındakı, artıq işğaldan azad elədiyimiz 7 rayonu nəzərdə tutur.

Təsadüfi deyil ki, erməni KİV-ləri erməni əhalinin heç vaxt yaşamadığı həmin 7 rayonumuzun adını, həmçinin Şuşanı hələ də özlərinin uydurduqları əcaib adlarla adlandırırlar (Laçln - “Berdzor”, Kəlbəcər - “Karvaçar”, Füzuli – “Varanda”, Ağdam – “Akna”, Şuşa - Şuşi və s.) Mifik “artsax”ın uydurma “parlamenti” isə az öncə hətta “işğal edilmiş ərazilər haqda” üzdəniraq qanun da qəbul edib. Erməni sırtıqlıq doğrudan da sərhəd tanımırmış!

Və bütün bunların üstündən iki ildir həyasızcasına beynəlxalq hüquqdan dəm vurur, “artsaxa təcavüz eləmiş” Azərbaycana qarşı niyə beynəlxalq sanksiyalar tətbiq edilmir, “Rusiya niyə köməyimizə gəlmədi” deyə, vay-şivən qoparırlar. Azərbaycan dövləti özü-özünə təcavüz edibmiş sən demə!..

Nə yazıq ki, Paşinyan hakimiyyətinin üzvləri də aşağı-yuxarı eyni xəstə və sarsaq təfəkkürün daşıyıcısılarıdır. Belə ki, bu “sülhpərvər” hökumətin XİN başçısı Ararat Mirzəyan dünən utanıb-qızarmadan yenə köhnə bayatını oxuyub. Bildirib ki, bəs bizim Azərbaycana qarşı heç vaxt, heç bir ərazi iddiamız yoxdur, olmayıb, Qarabağ ermənilərinin “problemi” isə ərazi yox, hüquq məsələsidir, sülh müqaviləsi ilə bərabər “status problemi” də həllini tapmalıdır, Minsk Qrupu ölməyib, yaşayır, “Dağlıq Qarabağ” anlayışı qalır və s. və i.a.

Eyni şeyi az öncə Paşinyan çərənləmişdi. Sanki ermənilər üçün zaman dayanıb. Bayırda da 2022-ci il yox, 2015-ci ildir deyə, bizimlə kapitulyant ölkə kimi deyil, diktə edən qalib tərəf kimi danışır, şərt qoyurlar...

Əvvəla, özü qədim Türk yurdunda təşəkkül tapmış Ermənistanın əgər Azərbaycana ərazi iddiası yoxdursa, olmayıbsa, o zaman 30 il torpaqlarımızı işğalda saxlayan hansı ölkə idi - Ermənistan, yoxsa uydurma “artsax”ın xəyali “özünümüdafiə ordusu”?

İkincisi, ərazi iddianız yox idisə, 44 günlük müharibədə gəbərdilən 5 min erməni hərbçisi, Azərbaycanda saxlanılan onlarla diversant-terrorçu, eləcə də 10 min erməni fərari hansı ölkənin vətəndaşları idi görəsən? Sonuncuların bir çoxuna Ermənistanda cinayət işi də qaldırılıb. Hərçənd, onlara ortabab bir vəkil tutulsa, heç birinə iş kəsilə bilməz, çünki düz ediblər yad ölkədə döyüşməkdən imtina ediblər!

Üçüncüsü, ərazi iddianız yox idisə, onda üçtərəfli kapitulyasiya sənədini nədən məhz baş nazir Nikol Paşinyan, özü də Ermənistan adına imzaladı, separatçıbaşı Araik yox?

Sonra. Azərbaycana ərazi iddianız yoxdursa və ya olmayıbsa, Qarabağdakı etnik ermənilərinin “problemi” də sırf insan haqları məsələsidirsə, o zaman günü bu gün Ermənistan konstitusiyasında ölkəmizə, Türkiyəyə qarşı torpaq iddiası ilə bağlı bəndlər necə olsun bəs?

1995-ci ildə qəbul olunmuş həmin konstitusiyanın preambula hissəsində Ermənistanın Müstəqillik Aktına istinad edilir, Müstəqillik Aktında isə keçmiş DQMV-nin Ermənistana birləşdirilməsi haqda müddəa var. Yəni “Ermənistan ərazisi” deyəndə indiki konstitusiya təkcə 29.7 min kv km-lik Ermənistan SSR-i deyil, həm də 4.4 kv km-lik DQMV-i özündə ehtiva edir.

Bu azmış kimi, 1992-ci ildə Ermənistan parlamentinin qəbul elədiyi və hələ də qüvvədə olan qanuna əsasən heç bir erməni rəsmisi “Dağlıq Qarabağın Azərbaycan tərkibində göstərildiyi hər hansı sənədə imza ata bilməz”.

Bundan danışın. Öncə gedin konstitusiyanızı beynəlxalq hüquqa uyğunlaşdırın, sonra başqalarına beynəlxalq hüquqdan dərs keçərsiz. Yoxsa ki, dəvəquşu kimi başlarını dürtüblər kola, zənn edirlər, gizləniblər...

O ki qaldı ATƏT-in Minsk Qrupunun (MQ) varlığının Azərbaycandan asılı olmaması haqda Mirzəyanın digər çürük iddiasına, MQ hansısa beynəlxalq təşkilat-zad deyil ki, onun ləğvi rəsmi Bakının istəyinə, iradəsinə bağlı olmasın. O, sadəcə konflikti yoluna qoymaq üçün, iki tərəfin razılığı ilə (!) yaradılmış qurum idi. Elə olmasaydı, vaxtilə Fransa üçüncü həmsədr olmaq üçün Azərbaycana yalvarıb-yaxarmazdı.

Əgər indi tərəflərdən biri – Azərbaycan vasitəçiliyə lüzum görmürsə, MQ artıq heç kəsə gərək deyil. Belədə o, kimin arasında vasitəçilik edəcək ki? Bunu anlayan sabiq həmsədr dövlətlər – Rusiya, ABŞ və Fransa MQ-ni faktiki buraxıb və öz keçmiş vasitəçilərinə başqa missiya tapşırıb (xüsusi nümayəndə və s. qismində). Di gəl ki, İrəvan rəsmiləri hələ də kor tutduğunu buraxmadığı kimi buraxmırlar.

Özləri bilər. Amma bir azdan bu “korları” hara lazımdır, ora çatdıracağıq...

Zahid SƏFƏROĞLU

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR