İnsanlara hürriyət, millətlərə istiqlal!

Səmərqənddə azərbaycanlı müəllifin “Əmir Teymur fenomeni” adlı kitabının təqdimatı keçirilib

941 29.11.2022 11:25 Mədəniyyət A A

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə azərbaycanlı tarixçi alim, jurnalist Teymur Atayevin müəllifi olduğu “Феномен Амира Теймура” adlı kitab Daşkənddə “Bilim və intellektual salaxiyat” nəşriyyatında rus dilində nəşr edilmişdir.

Səmərqənd Dövlət Universitetində keçirilən təqdimat mərasimində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, üzvləri, Səmərqənd Dövlət Universitetinin müəllim və tələbə heyəti, kitabın müəllifi Temur Atayev, jurnalistlər iştirak ediblər.

İlk öncə çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru Muxtar Nasirov Türk dünyasının böyük şəxsiyyətlər yetişdirdiyini və bu şəxsiyyətlərin həyat yolu, qəhrəmanlıqlarını öyrənmək, gənc nəsilə təbliğ etməyin vacib olduğunu bildirib. Professor Muxtar Nasirov gənclərimizin milli vətənpərvərlik və qəhrəmanlıq ruhunda yetişdirilməsində bu cür əsərlərin xüsusi əhəmiyyətə malik olduğunu söyləyib. Türk xalqının böyük oğlu, Özbək xalqının iftixarı, yenilməz sərkərdə Əmir Teymur haqqında azərbaycanlı alimin əsəri haqqında danışan M.Nasirov elmi-populyar üslubda yazılmış kitabın həm peşəkar tarixçilər, politoloqlar, jurnalistlər, humanitar fakültələrin tələbələri, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu qeyd edib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov xalqlarımız arasında dostluq əlaqələri haqqında danışaraq, Türk xalqlarının tarixi şəxsiyyətlərimiz, Əmir Teymur, Cəlaləddin Manguberdi, Zahiraddin Bobur kimi tarixi şəxsiyyətlərimizlə fəxr etməli olduğumuzu bildirib. O, azərbaycanlı müəllifin əsərinin əhəmiyyəti haqqında danışaraq, təqdim edilən bioqrafik eskizlərdə müəllifin Teymur şəxsiyyətinin hərbi və siyasi baxışlarına təsir edən amillərə istinad edərək bu qeyri-adi şəxsiyyəti “açmağa” çalışdığını vurğulayıb.

Çıxış edən M.Uluqbek adına Milli Universitetin professor, Özbəkistan Fəlsəfə Cəmiyyətinin rəhbəri Negina Şermuxammadova Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə layihə üçün öz təşəkkürünü bildirərək, nəşrdə ilk dəfə olaraq böyük dövlət xadiminin həyatı və şəxsiyyəti ilə bağlı ayrı-ayrı məqamlar, habelə onun təsəvvüf, fəlsəfə, həndəsə, musiqi, dünya ədəbiyyatı, incəsənət və s. kimi kateqoriyalara istinad etməklə nəzərdən keçirildiyini bildirib. Professor Negina Şermuxammedova əsərin gələcəkdə Özbək dilinə tərcümə edilərək çapının zəruriliyini vurğulayıb.

Qeyd edək ki, kitaba yazılmış Ön sözün müəllifi Özbək tarixçi-alim Şuxrat Salamovdur.

Çıxış edən digər natiqlər oxuculara təqdim edilən Əmir Temur haqqında bioqrafik əsərdə müəllif Teymur Atayev böyük şəxsiyyət Əmir Teymurun hərbi və siyasi qərarlarına təsir edən amillərə istinad edərək bu qeyri-adi şəxsin böyüklüyünü, onun qəhrəmanlığını, fərdi keyfiyyətlərini üzə çıxardığını qeyd ediblər.
Sonda çıxış edən müəllif, tarixçi alim Teymur Atayev “Феномен Амира Теймура” kitabının ərsəyə gəlməsi haqqında danışmış, kitabın çapı, təqdimatına görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, azərbaycanlı iş adamı Nazim Musazadəyə öz təşəkkürünü bildirib.
Müəllif özbək və Azərbaycan xalqlarının eyni kökə, dilə, mədəniyyətə, dinə, tarixə malik güclü xalqlar olduğunu vurğulayaraq, bugünkü beynəlxalq əməkdaşlığın iki ölkənin inkişafına xidmət etdiyini bildirib.

O, xalqlarımızın qəhrəmanlarını, tarixi şəxsiyyətlərimizi daha dərindən öyrənmək, onların irsinin gələcək nəsillərimizə daha geniş çatdırılması və təbliğinin əhəmiyyəti barədə danışıb.

Müəllif əsərdə qeyd edir ki, Əmir Teymurun yaratdığı imperiya öz böyüklüyü, ədalətin hökm sürdüyü bir məmləkət olaraq seçilirdi və elmin, mədəniyyətin paralel olaraq çiçəkləndiyi bu qüdrətli mərkəzləşdirilmiş Turan dövlətini dahi şəxsiyyətdən başqa heç kəs qura bilmədi. O, sonda “Turan” sözünün əsl siyasi məna kəsb etdiyini və Türkistan Teymurun hakimiyyəti altında müstəqil səltənət olduğunu qeyd etdi. O, vurğulayır ki, Teymurun hakimiyyətinin ən mühüm fərqləndirici xüsusiyyəti onun ədaləti idi və hökmdarın planlarında fəth edilmiş xalqlara qarşı “repressiya” və “soyqırım” ümumiyyətlə yox idi.

Təqdimat mərasiminin sonunda müəllif Teymur Atayevin “Əmir Teymur fenomeni” adlı kitabın imza mərasimi keçirildi və kitabın nüsxələri Səmərqənd Dövlət Universitetinin kitabxanalarına bağışlandı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR