İnsanlara hürriyət, millətlərə istiqlal!

Səlim Müslümovun məhkəməsi növbəti dəfə təxirə salındı - Oğurladığı pulları verib qurtara bilmir

1012 28.04.2023 18:14 Kriminal A A

 

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aprelin 28-nə təyin olunan məhkəmə prosesi növbəti dəfə baş tutmayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrlik etdiyi prosesin gələn həftə keçiriləcəyi bildirilib.

Qeyd edək ki, sonuncu dəfə də məhkəmə iclası təxirə salınmışdı. Səbəb kimi isə Səlim Müslümovla əlaqəli olan və istintaqı aparılan israf etmə epizodu üzrə dəymiş ziyanın tam ödənilməsi, iş üzrə tamamlanmanın aparılması göstərilmişdi.

Bu prosesi izləyənlər isə prosesin uzanmasının səbəbinin başqa olduğu qənaətindədirlər.

Yada salaq ki, Səlim Müslümovun cinayət işi üzrə materiallar 2022-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Az sonra, avqustun 8-də hakim Faiq Qəniyevin sədrliyi ilə iş üzrə ilkin hazırlıq iclası keçirilməklə məhkəmə baxışına başlanıb. Məhkəmə başlanmazdan əvvəl Səlim Müslümov dövlətə vurduğu 20 milyon manat ziyanı tam şəkildə ödədiyindən onu həbsdən azad edib ev dustaqlığına buraxıblar. İş məhkəmədə araşdırılarkən Səlim Müslümovun nazirliyi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri olmuş Əjdər Cəbiyev də dövlətə vurduğu ziyanı tam şəkildə ödəyib. İstintaq materiallarına görə o, Aparat rəhbəri vəzifəsində olarkən əlinə keçən 500 min manat büdcə vəsaitini mənimsəyib. Maraqlıdır ki, həm də Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisist Əjdər Cəbiyevi bundan sonra ev dustaqlığına buraxmadılar. Yazıçılar Birliyi də onun azad edilməsi üçün ölkə rəhbərliyinə müraciət ünvanlayıb.

Hakim ötən il dekabrın 26-da məhkəmə istintaqının yekunlaşdırılması istiqamətində fikirlərini bildirmək üçün dövlət ittihamçısına söz verib. Prokuror məhkəmədən vaxt istəyib. Hakim dövlət ittihamçısı və müdafiə tərəfinə son təkliflərini hazırlamaq üçün vaxt verib. Tərəflər hazır olardısa, proses dekabrın 30-da davam etdirilməli idi. O gün, bu gün, proses uzandıqca uzanır. Halbuki, lap uzağı bu il fevralın əvvəlində dövlət ittihamçısı təqsirləndirilənlərə iş istəyə bilərdi. Lakin bu günə qədər dövlət ittihamçısı çıxış etməyib. Hər dəfə müxtəlif bəhanələrlə proses uzanır. Səlim Müslümovun cinayət işi üzrə məhkəmənin yekun hökmü verilmir. Məsələ həll edilib – Səlim Müslümov necə lazımdırsa pulları elə də ödəyib. Onu məhkəmə zalından azad etməlidirlər. Bu halda hazırda həbsdə olan Nazirliyin Aparat rəhbəri Əjdər Ol da məhkəmə zalından azad olunmalıdır. Əks halda çıxarılan hökm elan edildiyi andan şübhə altına alınacaq. Bunu hakim də, prokuror da, Səlim Müslümov da yaxşı bilirlər. Səlim Müslümov Əjdər Ol aşırımını aşmasa, yaxın illərdə məhkəmə qapılarını gəzmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR