İnsanlara hürriyət, millətlərə istiqlal!

Səlim Müslümov üçün Əjdər Ol aşırımı – sabiq nazirin məhkəməsi bu səbəbdən uzanırmış...

2433 18.04.2023 19:45 Kriminal A A

20 milyon çırpışdıran nazir azadlığa buraxıldığı halda, 500 min manat oğurlayan Aparat rəhbəri niyə həbsdə saxlanılır?

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsini izləyən hər kəsi haqlı bir sual düşündürür – Səlim Müslümovun məhkəməsi niyə saqqıza dönüb uzandıqca uzanır?

Bu haqlı sualla məhkəmələrdən reportajlar hazırlayan jurnalistlərə müraciət edənlər az deyil. Bəlkə işin çoxepizodlu olması, ziyanın böyüklüyüdür prosesin bunca uzanmasına səbəb?

Yaxın keçmişimizin məhkəmə tarixinə nəzər salsaq, görərik ki, Səlim Müslümov və komandasının cinayət işi hər gün baxılan işlərdən çox da fərqlənmir. Bu məhkəmənin divarları qəlizliyi, kriminal yükü və digər məziyyətlərinə görə xeyli ağır olan məşhur adam oğrusu və sifarişli qətllər icraçısı Hacı Məmmədovla daha 26 nəfər dəstə üzvünün məhkəməsinə şahidlik edib. 1 ildən artıq davam edən məhkəmə prosesində dövlət ittihamçısı Hacı Məmmədova və dəstə üzvlərinə - 26 nəfərə iş istəmək üçün cəmi 1 ay vaxt istəyib, hakim Əli Seyfəliyev 15 gün vaxt verib. Dövlət ittihamçısı Abdulla Yusifov 15 günə hazırlaşmaqla Hacı Məmmədov dəstə üzvlərinə cəza istəmişdi.

Səlim Müslümovun məhkəməsinə gəlincə, iş materialları 2022-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Az sonra, avqustun 8-də hakim Faiq Qəniyevin sədrliyi ilə iş üzrə ilkin hazırlıq iclası keçirilməklə məhkəmə baxışına başlanıb. Məhkəmə başlanmazdan əvvəl Səlim Müslümov dövlətə vurduğu 20 milyon manat ziyanı tam şəkildə ödədiyindən onu həbsdən azad edib ev dustaqlığına buraxıblar. İş məhkəmədə araşdırılarkən Səlim Müslümovun nazirliyi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri olmuş Əjdər Cəbiyev də dövlətə vurduğu ziyanı tam şəkildə ödəyib. İstintaq materiallarına görə o, Aparat rəhbəri vəzifəsində olarkən əlinə keçən 500 min manat büdcə vəsaitini mənimsəyib. Maraqlıdır ki, həm də Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisist Əjdər Cəbiyevi bundan sonra ev dustaqlığına buraxmadılar.

Bu gün Səlim Müslümovun cinayət işi üzrə məhkəmədə paradoksal vəziyyət yaranıb – 20 milyon manatı mənimsəmiş nazir azadlıqda, ondan 19 milyon 500 min manat az mənimsəmiş Aparat rəhbəri isə həbsdədir.

Ədalət, məhkəmə-hüquq islahatları budur?

20 milyon çəki baxımından da 500 min manatdan ağır deyil? Femidanın bir əlinə 20 milyonu, o birinə də 500 min manatı versək, heç şübhəsiz ki, ağırlıq çəkib ədalət ilahəsinin əlinin üzünü 20 milyon tərəfdə yerə vurmalıdır. Ağırdır axı. Mənimsəmə cinayətinin ağırlığı da elə bu məbləğə bərabərdir. Əjdər Ol da, Səlim Müslümov da əlini xalqın cibinə salıb oğurluq ediblər. Səlim Müslümov razılaşmasaydı, “dabro” verməsəydi, Əjdər Ol uzağı 5 min, lap elə 50 min manatı çırpışdıra, oğurlaya bilərdi.

Maraqlandığımız ünvanlardan Səlim Müslümovun rahat şəkildə məhkəmədən azadlığa buraxılmamasının səbəbi kimi də məhz Əjdər Olla bağlı olduğunu dedilər. Səlim Müslümovu azad etmək niyyəti ortada olsa da, Əjdər Olla bağlı belə bir mövqe yoxdur.

Bildirdilər ki, hakim ötən il dekabrın 26-da məhkəmə istintaqının yekunlaşdırılması istiqamətində fikirlərini bildirmək üçün dövlət ittihamçısına söz verib. Prokuror məhkəmədən vaxt istəyib. Hakim dövlət ittihamçısı və müdafiə tərəfinə son təkliflərini hazırlamaq üçün vaxt verib. Tərəflər hazır olardısa, proses dekabrın 30-da davam etdirilməli idi. O gün, bu gün, proses uzandıqca uzanır. Halbuki, lap uzağı fevralın əvvəlində dövlət ittihamçısı təqsirləndirilənlərə iş istəyə bilərdi. Lakin bu günə qədər dövlət ittihamçısı çıxış etməyib. Hər dəfə müxtəlif bəhanələrlə proses uzanır. Səlim Müslümovun cinayət işi üzrə məhkəmənin yekun hökmü verilmir. Məsələ həll edilib – Səlim Müslümov necə lazımdırsa, pulları elə də ödəyib. Onu məhkəmə zalından azad etməlidirlər. Bu halda Əjdər Ol da məhkəmə zalından azad olunmalıdır. Əks halda çıxarılan hökm elan edildiyi andan şübhə altına alınacaq. Bunu hakim də, prokuror da, Səlim Müslümov da yaxşı bilirlər. Səlim Müslümov Əjdər Ol aşırımını aşmasa, yaxın illərdə məhkəmə qapılarını gəzmək məcburiyyətində qalacaq.

Yada salaq ki, Səlim Müslümovun cinayət işi üzrə sonuncu proses aprelin 17-də baş tutub. Hakim Faiq Qəniyev proses başlayan kimi deyib ki, istintaqı aparılan israfetmə epizodu üzrə dəymiş ziyanın tam ödənilməsi ilə bağlı işlər tamamlanmayıb. Buna görə də vəkillər aprelin 17-nə təyin olunan prosesin təxirə salınmasını istəyirlər. Hakim qeyd edib ki, tərəflər iş üzrə dəymiş ziyanın tam və hərtərəfli ödənilməsini istəyirlər. Buna görə də proses aprelin 28-dək təxirə salınıb.

Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. Onun rüşvət alma yolu ilə 13 milyon 296 min 355 manat, mənimsəmə yolu ilə 7 milyon 237 min 188 manat, israf edilmiş yolla dövlətə 7 milyon 87 min 671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən, sabiq nazirə məxsus mənzil, qeyri-yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Elşən Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR