İnsanlara hürriyət, millətlərə istiqlal!

Səlim Müslümov həbsdən qurtulmaq üçün 4 milyon 500 min manatını ödədi

1881 08.05.2023 18:35 Kriminal A A

 

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi nəhayət ki, baş tutub. Bundan əvvəlki 3 proses ən müxtəlif səbəblərdən təxirə salınıb.

Musavat.com xəbər verir ki, mayın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Səlim Müslümov da iştirak edib.

Hakim elan edib ki, Səlim Müslümov mənimsəmə və israf etmə epizodu üzrə ziyanı  ödəyib.

Hakim bildirib ki, verilən müddətdə böyük məbləğdə dəymiş ziyanın ödənilməsi həyata keçirilib. Hakimin sözlərinə görə, şirkətlərlə bağlı mənimsəmə faktı istisna olmaqla təqsirləndirilən şəxs Səlim Müslümov tərəfindən dəymiş ziyan tam ödənilib.

Həmçinin Səlim Müslümov şirkətlər tərəfindən mənimsənilmiş 4 milyon 500 min manat ziyanı da bu ilin aprelin 28-də ödəyib. Ödənilən məbləğin çekləri də məhkəməyə təqdim edilib.

Hakim deyib ki, həmçinin həmin şirkətlər də dəymiş ziyanın 600 min manatını ödəyib.

Məhkəmə ibtidai istintaqa mənimsəmə epizodu üzrə şirkətlərin ödədiyi yekun məbləğlə bağlı məlumat üçün almaq üçün müvafiq quruma  sorğu göndərib. Hakim deyib ki, yaxın bir neçə gündə sorğuya cavab veriləcək.

Növbəti prosesi mayın 15-nə  təyin olunub.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

 

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR